Yadımdadır, 1988-ci ilin əvvəllərində Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayəti Covetinin sessiyasının Dağlıq Qarabağın Ermanistan Respublikasına birləşdirilməsi barədə qərarından bir neçə gün sonra AzTV-də hüquq –mühafizə orqanları və ölkənin digər qurumları səlahiyyətlilərinin iştirakı ilə dəyirmi masa keçirildi.
Uzun sürən müzakirələr prosesində dəyirmi masa iştirakçıları əsasən sessiyanın qərarını lağa qoydular, tezliklə vilayət sovetinin yetkililəri barədə SSRİ rəhbərliyi tərəfindən ciddi cəza tədbirləri görüləcəyini bildirdilər. Vəssəlam! Onlar bu ideyanın ideoloqu və sahibi olan Ermənistanın, habelə Dağlıq Qarabağ ermənilərinin gözlənilmədən nəyə, kimə, hansı güclərə arxayın olub bu addımı atdıqlarının nədən fərqinə varmadılar və ya varmaq istəmədilər? Onlar o vaxtlar SSRİ hökumətində yetkili simalardan biri olan Aqambekyanın hələ hadisələrdən qabaqkı çıxışlarının motivində dayanan strateji məqsədlərin nədən ibarət olduğuna niyə biganə qaldılar? Niyə düşünmədilər ki, Amerikada erməni kilsəsinin yepiskopunun Qorbaçovun arvadı Raisa Maksimovnaya bağışladığı və nədən ibarət olduğu bilinməyən hədiyyəsinin arxasında hansı məqsədlər dayana bilər? O vaxt xalqa Konstitusiyadan müddəalar sitat gətirkməkdənsə, “SSRİ rəhbərləri ermənilər barədə tezliklə ciddi tədbirlər görəcək” deyib xalqı arxayın salmaqdansa, dərhal ermənilərin ən azı ötən əsrin əvvəllərindən bəri mənfur niyyətlərini, Azərbaycan xalqına qarşı vəhşiliklərini, törətdikləri soyqırımları göz qabağına gətirib mübarizə üçün yollar axtarılmalı idi. Ən azı informasiya mübarizəsinin istiqamətləri müəyyənləşdirilməli idi. Bu, belə olmadı və nəticə göz qabağındadır.Bütün bunlara baxmayaraq, Azərbaycan xalqı, Vətəni məbəd sanan, canından çox istəyən oğullarımız heç kəsə arxayın olmadan torpaqlarımızın müdafiəsinə qalxdılar, ərazi bütövlüyümüz uğrunda sinələrini səngərə çevirdilər. Azərbaycan dövlətinin, Azərbaycan xalqının saysız-hesabsız müraciətləri, bəyanatları nəhayət beynəlxalq qurumları hərəkətə gətirdi, ermənilərin işğal etdikləri Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxmaları barədə BMT 4 qətnamə qəbul etdi. Ancaq bu qətnamələr kağız olaraq qaldı və bu gün də qalmaqdadır. Hadisələrin əvvəlindən bəri Qərbi Azərbaycanda, Dağlıq Qarabağda və ətraf rayonlarda qeyri-insani üsullarla qətlə yetirilən dinc əhalinin, Xocalıda törədilən amansızlıqların, Qaradağlı qətliamının, xüsusilə qətlə yetirilən yüzlərlə Zəhra kimi körpələrin və uşaqların hesabını bu boyda dünyada ermənilərdən soruşan olmadı. Beynəlxalq təşkilatlar, güc dövlətləri Ermənistanla, Azərbaycana eyni gözlə baxdılar, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından çıxmasına təsir göstərmək əvəzinə, hər iki dövləti məsələni sülh yolu ilə həll etməyə çağırdılar.
Bu gün də belədir. Dünyanın o boyda beynəlxalq qurumu-Birləşmiş Millətlər Təşkilatı 24 il əvvəl qəbul etdiyi qətnamələrin yerinə yetirilməməsindən narahat deyilsə, ən azı öz nüfuzuna Ermənistan tərəfindən xələl gəldiyinin fərqinə varmısa, biz kimdən kömək gözləməliyik? ATƏT-in Minsk Qrupuna gəldikdə isə... Vallah, adam bu qurumun Dağlıq Qarabağ məsələsinin həlli ilə bağlı fəaliyyəti barədə fikir deməyə söz tapmır. Hamımız bilirik onların fəaliyyəti nədən ibarətdi. Həmsədrlər gəlirlər, qoşunların təmas xəttinə monitorin məqsədilə səfərlər edirlər. Sonra Ermənistan və Azərbaycan rəhbərləri ilə görüşürlər. Regiona keçirəcəkləri növbəti səfərlər barədə danışırlar. Gedirlər, sonra yenə gəlirlər, yenə monitorinlər, yenə görüşlər, yenə sülh tövsiyələri və s. Beləcə illər ötür. Necə ki, 30 ilə yaxın vax ötüb.
Ermənilər isə öz işlərindədir. Yenə də təmas xəttinə yaxın yaşayış məntəqələrinə atəş açır, qüdrətli Azərbaycan Ordusu ilə üz-üzə gəlməkdən qorxduğundan yenə dinc sakinləri qurban kimi hədəf seçir, yenə cəbhəyanı rayonların sakinlərinin vahimə içində yaşamasına cəhd göstərilir. Elə Füzuli rayonunun Alxanlı kənd sakini körpə Zəhra balamız və onun nənəsi Sahibə bir neçə gün əvvəl bu cəhdin qurbanı oldu. Kənd sakini Sərvinaz Quliyeva isə yaralandı.
Ancaq körpə Zəhranın Ermənistan silahlı qüvvələri tərəfindən qətlə yetirilməsi bu dəfə dünya ictimaiyyətini, beynəlxalq qurumları və diplomatik nümayəndəlikləri hərəkətə gətirdi. Artıq uşaq qatili kimi tanınan Ermənistan və ölkənin hakim rejimi tənə obyektinə çevrildi. Əksəriyyət Zəhranın qatillərini açıq-aşkar lənətlədi.
Ordumuz bu gün hər bir azərbaycanlının qürur mənbəyidir. Biz inanırıq ki, sonda mənfur düşmənlərimiz torpaqlarımızdan çıxarılacaq. Ancaq bu yolda biz heç kimə, heç bir quruma, heç bir qüvvəyə arxayın olmamalıyıq.
Qisas qiyamətə qalmamalıdır! Yoxsa biz bu Vətənin, bu torpağın yolunda arzuları, istəkləri, ömürləri yarımçıq qalan ŞƏHİDLƏRİMİZİN yanına hansı üzlə gedəcəyik?
Qoy ZƏHRA balamız sonuncu körpə qurbanımız olsun! Amin!