“Hər gün Ermənistana bir erməni əsgərinin meyiti getməlidir“ — Hərbi ekspert

“Hər gün Ermənistana bir erməni əsgərinin meyiti getməlidir“ — Hərbi ekspert backend

İyul ayının 4-də ermənilərin Füzuli rayonu Alıxanlı kəndini atəşə tutması nəticəsində 2 dinc sakinin həlak olmasından sonra cəbhədə vəziyyət daha da gərginləşib.

Dünən Müdafiə Nazirliyinin yaydığı rəsmi məlumatında da deyilirdi ki, dinc əhaliyə və şəxsi heyətə qarşı düşmənin istənilən fəaliyyətinin qarşısını dərhal almaq və onun atəş nöqtələrinə cavab zərbələri endirmək məqsədilə qoşun növləri və qismləri döyüş tətbiqi üçün hazır vəziyyətə gətirilib.

Cəbhədəki son vəziyyət və Azərbaycan silahlı qüvvələrinin görəcəyi işlərlə bağlı hərbi ekspert Üzeyir Cəfərov fikirlərini "Ölkə.Az"-la bölüşüb:

"Tərəfdarıyam ki, Azərbaycan silahlı qüvvələri düşmənlə təmasa girmədən çox rahat şəkildə bizdə olan bahalı pilotsuz uçan aparatdan və digər silahlardan istifadə edib düşmənin həm texnikasını, həm də canlı qüvvəsini sıradan çıxarsın. Düşməni ram etmək, yerində oturtmaq yolundan biri də odur ki, düşməni demoralizə etməliyik. Ermənilər Alıxanlıda etdiyi vəhşiliyin cavabını mütləq mənada almalıdırlar. Düşmən D-30 artilleriyasını ön xəttə yaxınlaşdırıb. Düşmənin məqsədi ondan ibarətdir ki, yaxın günlərdə yenidən təxribat törətsin. Azərbaycan silahlı qüvvələri sözsüz ki, vəziyyətə nəzarət edir. Ancaq biz gözləməmələyik ki, düşmən Azərbaycan əsgərlərinə, vətəndaşlarına zərər vurandan sonra cavab tədbirləri görək".

Bu gün hər şeyin Azərbaycanın xeyrinə olduğunu deyən hərbi ekspert bildirdi ki, artıq dünya erməni vəhşiliyi haqqında məlumatlıdır:

"Bütün diplomatik, siyasi vəziyyət bizə işləyir. İndiki vəziyyət haradasa apreldəki vəziyyətə yaxındır. Çox diplomatların, siyasətçilərin, ictimaiyyətin geniş kütləsinin eliyə bilməyəcəyini 18 aylıq Zəhra balamız nənəsi ilə edib. Onların qismətinə düşdü ki, öz ölümləri ilə Qarabağ məsələsini ən yuxarı səviyyəyə gətirib çıxarsın. Bu gün ATƏT-in Minsk qrupunun da danışmağa dili olmamalıdır və olmayacaq. Azərbaycan düşmən əsgərlərini məhv etməlidir".

Dünən düşmən mövqelərinə endirilən zərbələrlə bağlı danışan Üzeyir Cəfərov qeyd etdi ki, ermənilər özləri də etiraf edir ki, itkiləri var:

"Ermənilər ən azı etiraf edirlər ki, 3 yaralıdan ikisinin vəziyyəti çox ağırdır. Azərbaycan silahlı qüvvələri dayanmadan erməni ordusunu elə bir hala gətirməlidir ki, hər gün Ermənistana bir erməni əsgərinin meyiti getməlidir".
Diaspora