Yerevan beynəlxalq qanunlar və normaları tanımayanadək Ermənistan Azərbaycana qarşı təcavüzkarlığı davam etdirəcək. Bunun qarşısının alınması üçün dünya ictimaiyyəti bu ölkəyə siyasi təzyiq göstərməlidir.
Bunu Trend-ə Türkiyənin “Haber7” xəbər portalının baş redaktoru İbrahim Ərdoğan deyib.Onun sözlərinə görə, Ermənistanın hərəkətləri bu ölkəni regionun yarasına çevirib:
“Erməni təcavüzü nəticəsində nə qədər azərbaycanlının həlak olduğunu demək çətindir, amma onların sayı həddən çoxdur. Ermənilərin tarixi hər zaman türklərə qarşı vəhşiliklərlə zəngin olub”.
Xatırladaq ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanıb.