Türkiyə QHT-ləri Ermənistanın təxribatını pisləyən birgə bəyanat yayıb.
Qaziler.az Trend-ə istinadən bildirir ki, Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) təşəbbüsü ilə Türkiyədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatları iyulun 4-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində mülki şəxslər Sahibə Quliyevanın və nəvəsi 2 yaşlı Zəhranın həlak olması ilə bağlı bəyanat qəbul ediblər.
Bəyanat insan hüquqlarının müdafiəsi ilə məşğul olan beynəlxalq təşkilatlara göndərilib.
Sənəddə bildirilir ki, Ermənistan Azərbaycan ərazilərini işğal edən, Xocalı soyqırmı da daxil olmaqla dəfələrlə soyqırım törətmiş əliqanlı bir dövlətdir. Qeyd olunub ki, Ermənistan silahlı qüvvələri işğal etdikləri Azərbaycan topraqlarından qeyd-şərtsiz çıxarılmayınca, bölgədə sülh və sabitlyin bərqərar olması mümkün olmayacaq.
Bəyanatda ikili standartlı siyasət yürüdən dövlətlərin Ermənistana havadarlıq etməsi pislənilib, dünyanın sivil, sülhpərvər dövlətlərindən baş vermiş bu faciəyə ədalətli qiymət verməsi tələb olunub.
Qətnaməni Türkiyənin 40-a yaxın QHT-si imzalayıb.
Xatırladaq ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanıb.