Ermənistanla Azərbaycan illərdir Qarabağ uğrunda savaşır və bunun nəticəsində xeyli insan həlak olub. Son olay – iki azərbaycanlı vətəndaşın ölümü müharibədə həlak olan günahsız insanların uzun siyahısını tamamladı.
Bu sözləri rus tarixçi və politoloq Oleq Kuznetsov Ermənistan silahlı qüvələrinin Alxanlıda qətlə yetirdiyi iki mülki vətəndaşla və bölgədəki gərginliklə bağlı Axar.az-a danışarkən deyib. O, Qarabağda müharibənin davam etdiyini bildirib:
“Bu faciə bizə bir daha sübut etdi ki, Qarabağda hansısa konflikt deyil, əsl müharibə gedir. Suriya, Əfqanıstan və İraqdakından daha az aktiv və intensiv olsa da, bu da öz qurbanları olan müharibədir. Ola bilər ki, kimsə mənim bu sözlərimi qəddarlıq və ədəbsizlik kimi qəbul etsin, amma heç bir təbliğat müharibəni dayandırmayacaq. Bunu yalnız Azərbaycan ordusunun tam qələbəsi təmin edə bilər.
İnanmıram ki, bu kədərli hadisə Qarabağ situasiyasının istiqamətini dəyişsin. Beynəlxalq vasitəçilər “konflikti nizama salmağa” çalışır, müharibəni dayandırmağa yox. Ona görə də təkcə hərbçilər deyil, həm də yerli əhali tərəfindən verilən itki getdikcə çoxalır. Diplomatlar müharibə qurbanlarına biganə qalacaq, necə ki, digər regional müharibə qurbanlarına qarşı laqeyddirlər. Ona görə də Azərbaycan öz ağrı və hüznü ilə həmişə təkbətək qalacaq”.