Ukraynanın paytaxtı Kiyevdə şəhərində keçirilən NATO Parlament Assambleyasının (PA) 95-ci “Rose-Roth” seminarında ötən gecə erməni silahlıları tərəfindən Füzuli rayonunda dinc azərbaycanlıların artilleriya atəşinə tutulması nəticəsində yaşlı qadının və körpə uşağın öldürülməsi məsələsi qaldırılıb.
İclasda iştirak edən Azərbaycanın NATO PA-da nümayəndə heyətinin üzvü, deputat Məlahət İbrahimqızı APA-ya bildirib ki, üç gündür davam edən seminarın iclasında hadisə ilə bağlı məsələ qaldırılıb, artilleriya atəşi nəticəsində Sahibə Quliyeva ilə birlikdə qətlə yetirilən nəvəsi, 2 yaşlı Zəhra Quliyevanın al qana qərq edilmiş fotosunu nümayiş etdirilib.
İclasda çıxış edən M. İbrahimqızı Füzulidə baş verən qanlı olayla bağlı Azərbaycan nümayəndə heyəti tərəfindən hazırlanan bəyanatı təqdim edib. O bildirib ki, Azərbaycan dövləti Dağlıq Qarabağ münaqişəsini diplomatik yolla həll etməyə üstünlük verdiyi halda erməni silahlı qüvvələrinin atəşkəsi pozması, bəşəri cinayətə əl atması Ermənistanın bu məsələdə işğalçılıq siyasətində israrlı olmasından xəbər verir: “İki yaşlı məsum körpənin artilleriya atəşi ilə öldürülməsi hansı müharibə qanunlarında var? İndiki prezident Serj Sarkisyan 1992-ci il 26 fevralda Azərbaycanın Xocalı qəsəbəsində törətdikləri soyqırımının mahiyyəti ötən gecə Füzuli rayonumuzda təkrarlandı. Bu faktlar artıq erməni silahlıları tərəfindən Azərbaycana qarşı ənənə halına çevrilir. Dünya buna nə vaxtadək susacaq?”.
Deputat bildirib ki, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində Ermənistanın Azərbaycana qarşı işğalı potensial təhlükə mənbəyidir: “Törədilən hadisələr hər dəfə bunu artıqlaması ilə sübut edir. Ermənistan faktiki olaraq nümayişkaranə şəkildə beynəlxalq hüquqa məhəl qoymur. Münaqişənin həllində hər zaman destruktiv mövqe sərgiləyir. Bununla nəinki Qafqaz bölgəsini, eyni zamanda Qara dəniz hövzəsini də təhlükə şəraitində saxlamış olur. Biz ilk növbədə belə bir işğalçı dövlətin sürətlə silahlanmasının dayandırılmasını tələb edirik. Artıq 25 ildir bu işğal Azərbaycana qarşı davam edir və heç bir nəticə yoxdur. Biz artıq NATO-nun da bununla bağlı addım atmasını tələb edirik. Əks halda Ermənistan tərəfindən bu halların getdikcə artması labüddür. Erməni xalqı özü də Sarkisyandan narazı olsa dar, o buna məhəl qoymur və cinayət əməllərini regionda daha dərin formada təkrarlayır”.
Sonra deputat ötən gecə Füzulinin Alxanlı kəndində qətlə yetirilən körpənin fotolarını nümayiş etdirib. Hadisə seminar iştirakçısı olan ölkələrin nümayəndələri arasında hiddətə və qınağa səbəb olub. Ermənistan nümayəndə heyəti adından deputat Koryun Nahapetyan isə iclasda bu məsələnin müzakirəsinin və fotoların nümayişinin dayandırılmasını tələb edib. Nümayəndə heyətləri arasında mübahisə düşüb. Buna görə erməni deputatlar qınanıb. İclasa sədrlik edən NATO PA-nın vitse-prezidenti Osman Aşkın Bak Ermənistan nümayəndə heyətinə xəbərdarlıq edib.
Qeyd edək ki, seminarda Azərbaycanı deputatlar M. İbrahimqızı, Kamran Bayramov və Milli Məclisin Beynəlxalq şöbəsinin əməkdaşı Rəhim Axundov təmsil edir.
Qeyd edək ki, iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub. Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri - 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar. Atəş nəticəsində qəlpə yarası alan 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı xəstəxanaya çatdırılaraq əməliyyat olunub.