Füzuli sakinləri: “Dinc əhalinin qətlə yetirilməsi vəhşilikdir“ - Alxanlıdan reportaj

Füzuli sakinləri: “Dinc əhalinin qətlə yetirilməsi vəhşilikdir“ - Alxanlıdan reportaj backend

“Erməni heç vaxt bizi ölümlə qorxuda bilməz. Biz burada yaşamışıq, axıradək də yaşayacağıq, ölsək də burada öləcəyik”.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, bu sözləri Ermənistan ordusunun ötən gecə atəşə tutduğu Füzuli rayonunun Alxanlı kənd sakinləri bildiriblər. Kənd sakinləri ötən gecəni ayaqda qarşılasalar da, orduya güvəndiklərini və düşmənin bu kimi təxribatlarından zərrə qədər də olsa, çəkinmədiklərini bildiriblər.

Kənd sakinləri Ermənistan silahlı qüvvələrinin bu təxribatı nəticəsində yaşlı qadın və onun 2 yaşlı nəvəsinin öldürülməsinin, digər mülki şəxsin yaralanması və mülki obyektlərə ziyan vurulmasının vəhşilik aktı olduğunu vurğulayıblar. “Bu insanlığa sığan iş deyil, müharibə şəraiti olsa belə uşaqlara, qadınlara atəş açmaq insanlığa sığan hərəkət deyil”, - deyə kənd sakini Mətləb Quliyev bildirib.

“Erməni ordusunun bu təxribatı həmişə törətdiyi vəhşilikdir. Onlar vəhşiliklərindən heç vaxt qalmırlar. Bu insanlığa sığmayan şeydir. Körpə uşağın, dinc əhalinin belə qətlə yetirilməsi dünyanın heç bir yerində qəbul edilə bilməz”, - deyə digər kənd sakini Qurban Quliyev vurğulayıb.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, Ermənistan ordusunun təxribatı nəticəsində qəlpə yarası almış və “N” saylı hərbi hospitala çatdırılmış 52 yaşlı Səlbinaz Quliyevanın həyatına təhlükə davam etməkdədir.

Kəndin minaatanlardan atəşə tutulması nəticəsində həlak olmuş Sahibə Quliyeva və 18 aylıq nəvəsi Zəhra Quliyevanın meyitləri isə Zobucuq-5 qəsəbəsinə gətirilib. Rayon İcra Hakimiyyətinin rəsmiləri Alxanlı kəndinin dinc sakinlərinin və mülki obyektlərinin ermənilər tərəfindən atəşə tutulması səbəbindən yas mərasiminin kənddə keçirilməsini təhlükəli hesab edib.

Qeyd edək ki, iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub.

Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri - 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar.

Atəş nəticəsində qəlpə yarası alan 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı xəstəxanaya çatdırılaraq əməliyyata götürülüb.

Hadisə ilə bağlı beynəlxalq qurumlar məlumatlandırılıb.

Silahlı Qüvvələrimizin bu istiqamətdə yerləşən bölmələri tərəfindən görülən adekvat cavab tədbirləri nəticəsində düşmən susdurulub.

Müdafiə Nazirliyi bildirir ki, baş vermiş qanlı təxribata görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Diaspora