Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin yenidən qurulmasının ikinci mərhələsinə start verilib. Kəndə onlarla kran və yük maşınları cəlb edilib.
Xezerxeber.az məlumat verir ki, Cocuq Mərcanlıda 100 evin tikintisi üçün 17 hektar torpaq sahəsində təmizləmə işlərinin aparılacaq.Kənddə yeni mənzillər, uşaq bağçası, 50 yerlik xəstəxana, inzibati bina, poçt məntəqəsi, eləcə də kommersiya obyektlərinin inşası nəzərdə tutulub. Bütün bu işlər Cocuq Mərcanlının bərpasının 2-ci mərhələsi çərçivəsində həyata keçiriləcək.
Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov deyib ki, tikinti işlərinin ikinci mərhələsi də kənd sakinlərinin bütövlükdə evlə təmin olunmasına yetməyəcək: "Cocuq Mərcanlı ermənilərin nəzarətinə keçəndə ev hesabı ilə kənddə 209 ev, 250 təsərrüfat var idi. Amma bu gün 418 təsərrüfat, yəni ailə mövcuddur. Həmin dövrdə əhalinin sayı 1070 nəfər idisə, bu gün 1500-dək artıb.”
Cocuq Mərcanlının yenidən qurulmasının birinci mərhələsində inşa olunan 50 mənzilin sahibləri püşkatma yolu ilə müəyyənləşdirilib.
Onların qəsəbəyə köçürülməsinə sabah başlanacaq.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: