Bu gün Azərbaycanın Milli Qəhrəmanı Ramiz Bulud oğlu Qənbərovun ad günüdür

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Ramiz Bulud oğlu Qənbərovun ad günüdür backend

Qəmbərov Ramiz Bulud oğlu -1962-ci il iyulun 2-də Şuşa şəhərində dünyaya göz açıb. Şuşadakı H.Hacıyev adına 4 saylı orta məktəbə gedib. Orta məktəbdə yaxşı oxuduğundan və təşkilatçılığı gözəl bacardığından onu sinif nümayəndəsı seçmişdilər.

O, oxuduğu müddətdə həm müəllimləri, həm də sinif yoldaşları tərəfindən çox sevilirdi. Hər kəslə səmimi münasibət quran, dostluq etdiyi insanların yolunda canından belə keçməyə hazır olan bir oğul idi Ramiz. 1979-cu ildə məktəbi bitirdikdən sonra 1980-ci ildə hərbi xidmətə gedən Ramiz iki ildən sonra xidmətini başa vuraraq Şuşaya qayıdır. Hərbi xidməti Moskva ətrafında keçən Ramizi vətənə qayıdandan sonra da ali təhsil almaq arzusu sönmür. O, 1986-cı ildə İnşaat Mühəndisləri İnstitutunun qiyabi şöbəsinə qəbul olur. Qiyabi təhsil alan Ramiz vaxtını boşa sərf etmir. O, Şuşada tikintidə işləməyə başlayır.

Qəlbindəki arzularını bir-birinin ardınca həyata keçirməyə başlayan Ramiz həyatda nələrlə qarşılaşacağından xəbərsiz idi. Qənbərovalar ailəsində dörd oğul, bir qız övladı böyüyürdü. Ramiz Qənbərovun digər qardaşları da onun qədər cəsur idi. Qardaşlardan biri Əfqanıstanda hərbi xidmətdə olmuş, digəri isə Şuşanın ilk əsir düşmüş 4 nəfər gənclərdən biri olmuşdu. 40 gün əsirlik həyatı yaşayan qardaşınin geri alınması ücün əlindən gələni edən Ramiz, sonra çıxış yolunun bir erməninin dəyişdirilməsində görür. Ramiz bir erməni əsirini verərək qardaşı ilə birgə digər 3 nəfərin də həyatını xilas edir.

Gün keçdikcə öz cəsurluğu, döyüşdə göstərdiyi qəhrəmanlığı ilə fərqlənən R.Qənbərov dillər əzbərinə çevrilir.

Alınmaz qala Şuşa düşmən tapdağında əziləcək. 1992-ci il aprelin 29-da erməni silahlı qüvvələri Kosalar və Kərkicahan kəndləri yaxınlığındakı postlara hücuma keçən zaman Ramizin batalyonu müdafiəyə başladı. Həmin gün qızğın döyüşlərdə Ramiz ağır yaralanır. Aprelin 30-da aldığı ağır yaralardan dünyasını dəyişən Ramizin ölümü Şuşa üçün böyük zərbə idi. Heç kim bu itki ilə barışa bilməsə də,həqiqəti dəyişdirmək mümkün deyildi. Ramiz Qənbərov vətən yolunda ölməzliyə qovuşmuşdu. Yaxınları, silah yoldaşları Ramizi Bakıda dəfn etmək istəsələr də, atası razı olmur. Anası oğlunun torpaq uğrunda şəhid olan digər vətən övladlarından heç bir fərqi olmadığını deyərək onu Şuşada, elə doğulduğu torpaqda da dəfn edir. Ramizin ölümündən bir həftə sonra -1992-cı il mayın 7-dən 8-keçən geçən gecə ermənilər 11 minlik qoşunla Şuşaya hər tərəfdən hücuma keçdi və Şuşa işğal olundu...

1992-ci il iyunun 7-də Azərbaycan Prezidentinin 833 saylı fərmanına əsasən Qənbərov Ramiz Bulud oğluna ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verildi.

Həvəslə qəbul olub, sonradan isə vətənin müdafiəsi üçün təhsilini yarımçıq qoyduğu ali məktəbin diplomunu almaq isə Ramiz Qənbərova nəsib olmadı. O, şəhid olduqdan sonra qara diplomunu anası Səkinə xanıma təqdim edirlər. Bu gün qəhrəmanın şəkli Azərbaycan Memarlıq və İnşaat Universitetində divar lövhəsindən asılıb. Vətən uğrunda şəhid olmuş bu qərəman öz həyat və döyüş yolu ilə təhsil alan bütün gənclərə nümunə olaraq göstərilir.

Dörd il... Qısa bir zaman olsa da, Ramiz bu müddətdə vətəni üçün çox şey etdi, canından keçdi. Vətənin müdafiəsində qürurla vuruşdu. Amma təəssüf ki, onun bu mübarizə yolu tez bitdi.
Diaspora