Ermənistan hökumətinin və erməni diasporasının təşkilatçılığı ilə qondarma “erməni soyqırımın”ın yüz illiyinə qarşı dünyanın bir çox ölkələrində Türklərin və Azərbaycanlıların etiraz aksiyaları keçirildi. İsraildə də belə bir aksiya təşkil edilib.
Bu barədə Qaziler.az saytına İsraildə yaşayan həmyerlimiz Rafael Musayev məlumat verib. Onun sözlərinə görə, 40-50 nəfər Azərbaycanlı qondarma erməni “soyqırımı”na etiraz əlaməti olaraq qardaş Türkiyə səfirliyi qarşısına yığışıblar. Əyinlərində “Xocalıya ədalət!” köynəkləri geyinən etirazçılar əllərində “Əsl soyqırımı ermənilər Azərbaycanlılara qarşı törədib!” plakatlar və Azərbaycan bayrağı tutublar.“Biz İsraildə yaşayan Azərbaycanlılar olaraq öz təşəbbüsümüzlə qardaş Türkiyə səfirliyinin qarşısında toplaşaraq erməni yalanına etirazımızı bildirdik. Düşünürük ki, bütün dünyaya ayaq açan bu erməni yalanının qarşısı alınmalıdır. Olmayan bir “soyqırım” uydurub dünyada təbliğat aparan ermənilər özləri əslində Azərbaycana və Türkiyə türklərinə qarşı terror, soyqırım törədiblər. 1992-ci ildə Xocalı soyqırımını törədən ermənilərdir! Amma təəssüflər olsun ki, dünya ictimaiyyəti hələ də erməni yalanına inanır” - deyə R.Musayev bildirib.
Qaziler.az