Prezident: “Cocuq Mərcanlı erməni vəhşiliyinin canlı şahididir”

Prezident: “Cocuq Mərcanlı erməni vəhşiliyinin canlı şahididir” backend

“Bu gün ölkənin həyatında əlamətdar gündür, Cocuq Mərcanlı kəndinin bərpası günüdür. Cocuq Mərcanlı kəndinin bərpası tarixi hadisədir”.

APA-nın xəbərinə görə, bunu prezident İlham Əliyev Cocuq Mərcanlı kəndində deyib.

O bildirib ki, bu kənddə yaşayan insanlar onun tarixini yaxşı bilir. Prezident qeyd edib ki, indi bütün Azərbaycan Cocuq Mərcanlı kəndinin tarixini bilir, bütün dünya bu kəndi tanıyır: “Bu kəndin Azərbaycan tarixində xüsusi yeri var. Bir neçə ay ərzində erməni işğalçı qüvvələri kəndi tamamilə dağıdıb, bütün binaları söküb. Cocuq Mərcanlı erməni vəhşiliyinin canlı şahididir. 1993-cü ilin dekabr ayında ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə keçirilən Horadiz əməliyyatı nəticəsində 20-dən çox kənd, o cümlədən Cocuq Mərcanlı kəndi, Horadiz qəsəbəsi işğaldan azad olunub. Ancaq burada yaşamaq riskli, təhlükəli idi. Buna baxmayaraq Həziyevlər ailəsi burada yaşayıb. Keçən ilin aprelində erməni təxribatının qarşısını alarkən Azərbaycan ordusu uğurlu əks-hücum əməliyyatı keçirib və minlərlə hektar Azərbaycan torpağını işğalçılardan azad edib. Ağdərə, Fizuli, Cəbrayıl rayonlarının minlərlə hektar torpağı azad edildi. 10 minlərlə hektar torpağa bu gün Azərbaycan ordusu nəzarət edir”.


Dövlət başçısı qeyd edib ki, Lələ Təpə yüksəkliyinin qaytarılması nəticəsində Cocuq Mərcanlıda təhlükəsiz şəraitdə yaşamaq mümkün olub. “Mən keçən ilin sonlarında işğaldan azad edilmiş torpaqlarda olarkən, hərbçilərlə görüşərkən maraqlandım ki, Cocuq Mərcanlıda təhlükəsiz şəraitdə yaşamaq mümkündürmü. Mənə dedilər ki, mümkündür”.

Dövlət başçısı deyib ki, bu ilin yanvarında sərəncam imzalanıb, Prezidentin Ehtiyat Fondundan vəsait ayrılıb və mart ayında tikinti işlərinə başlanılıb: “Martın 20-dən mayın ayının 20-dək kəndin bir hissəsi bərpa edildi. Birinci mərhələdə 50 ev, məktəb, məscid tikildi. Kənddə Şuşa məscidinin bənzəri olan məscid tikildi. Horadizdən Cocuq Mərcanlıya yol çəkilib. Kənddə əlavə 100 ev, tibb məntəqəsi tikiləcək, iş yerlərinin yaradılması üçün tədbirlər görüləcək. Cocuq Mərcanlının tarixi şanlı tarixdir, işğaldan əziyyət çəkən kənd bərpa olunur. Azərbaycan işğal altındakı torpaqlarının bir hissəsini azad etdi. Bu, şanlı tarixdir. Kənd sakinləri qayıdandan sonra kənddə həyat daha da canlanacaq”.
Diaspora