Cənubi Qafqazda həll olunmamış münaqişələr üzrə ixtisaslaşan italyan tədqiqatçı-jurnalist Ciorcia Pilar Ciorci İtaliyaya səfəri zaman Ermənistanın xarici işlər naziri Edvard Nalbandyana İtaliya Xarici İşlər Nazirliyində və İtaliya Beynəlxalq Təşkilat Cəmiyyətində (SİOİ) Dağlıq Qarabağ münaqişəsi ilə bağlı verilmiş suallara cavab olaraq erməni nazirin səsləndirdiyi bəyanatlara münasibət bildirib.
İtaliyanın “eurasianews.it” və “russianews.it” xəbər saytlarında dərc olunmuş “Ermənistanın xarici işlər nazirinin İtaliyaya səfəri və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəyanatları” adlı məqaləsində Ciorcia Pilar Ciorci yazır:“Xarici İşlər Nazirliyində nazir Nalbandyana verilmiş sualda hazırda Azərbaycanın yalnız Dağlıq Qarabağ regionu deyil, ona bitişik yeddi rayonunun da qeyri-qanuni olaraq Ermənistan qoşunlarının işğalı altında olduğu və Minsk Qrupunun həmsədrlərinin dəfələrlə hazırkı status-kvonun qəbuledilməz olduğunu bəyan etməsi bildirilib və nazirdən müxtəlif beynəlxalq sənədlərdə nəzərdə tutulduğu kimi Ermənistanın öz qoşunlarını həmin ərazilərdən nə vaxt çıxaracağı soruşulub. Belə ki, BMT Təhlükəsizlik Şurası 1993-cü ildə işğalçı qüvvələrin ərazidən çıxarılması tələbini nəzərdə tutan 4 qətnamə (822, 853, 874 və 884 saylı) qəbul edib. Buna münasibətdə Ermənistanın xarici işlər naziri isə Azərbaycanın mövqeyini tənqid edərək bunun danışıqlar prosesinə yardım etmədiyini və ATƏT-in Minsk Qrupu həmsədrlərinin bəyanatlarına uyğun olmadığını bildirib”.
İtalyan tədqiqatçı-jurnalist qeyd edib ki, nazir Nalbandyanın səsləndirdiyi fikirlər bu münaqişə ilə bağlı beynəlxalq səviyyədə geniş şəkildə məlum olan həqiqətlərə uyğun gəlmir:
"Azərbaycan hərbi əməliyyatların başlandığı ilk gündən bəri, hətta ərazilərinin 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən qeyri-qanuni işğal edilməsinə baxmayaraq, sülh siyasəti yürüdüb və güc tətbiq etmədən münaqişənin sülh yolu ilə həllinə sadiqliyini nümayiş etdirib. Azərbaycan hökuməti hər iki tərəfdən insan əzabı və iqtisadi çətinliklərə son qoya biləcək münaqişənin sülh yolu ilə həlli üçün səylərini artırmaqda davam edir”.
Məqaləsində münaqişə ilə bağlı mövzunu davam etdirən Ciorcia Pilar Ciorci yazır ki, Dağlıq Qarabağ münaqişəsi İtaliyanın Beynəlxalq Təşkilat Cəmiyyətində (SİOİ) keçirilmiş tədbirin də əsas mövzusu olub:
“İndiyə qədər baş verənlər göstərir ki, münaqişənin həllinə nail olunmamasının əsas səbəblərindən biri beynəlxalq ictimaiyyətin münaqişənin tarixi kökləri barədə tam məlumatsız olmasıdır, bu isə erməni tarixçiləri və təbliğatçılarının tarixən heç vaxt Ermənistanın tərkib hissəsi olmayan ərazilərlə bağlı siyasi və tarixi iddialarını əsaslandırmaq səyləri üçün şərait yaradır. Münaqişəni həll etmək üçün tarixi reallığı beynəlxalq hüququn təmin etdiyi vasitələrlə birləşdirmək lazımdır. Əgər beynəlxalq hüquq vasitələri istifadə olunsa, Ermənistanın iddialarında bir çox zəiflikləri tapmaq mümkündür. Erməni tərəfinin Azərbaycanın sovet dövrünün sərhədlərinə istinad etmək hüququnun olmamasına dair iddiasına “uti possidetus juris” prinisipi ən tutarlı cavabdır. Bu prinsipə görə Azərbaycanın öz müstəqilliyini əldə etdiyi gündən əvvəlki inzibati sərhədləri beynəlxalq hüquqla təsbit olunan beynəlxalq sərhədləri hesab olunur”.
Müəllif həmçinin qeyd edib ki, erməni nazirə SİOİ-də xüsusi maraq kəsb edən belə bir sual ünvanlanıb:
“Ermənistanın xalqların öz müqəddəratını təyin etmə prinsipi ilə bağlı çağırışları 1938-ci ildə faşist Almaniyasının Çexoslovakiyanın Sudet əyalətinin ilhaqını xatırladır. Azərbaycan Dağlıq Qarabağ bölgəsinə muxtar respublika statusu verməyə və həmin muxtariyyət çərçivəsində erməni icmasının öz müqəddəratını təyin etməsi hüququnun tanınmasına hazır olduğunu ən yüksək səviyyədə bəyan edib. Bu xüsusda, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün İtaliyanın Trentino-Alto Adice muxtariyyət modelinin istifadəsi imkanlarına dair erməni nazirin fikri sorğu edilib”.
Ciorcia Pilar Ciorci qeyd edib ki, erməni nazir bu suala cavab verməkdən yayınıb və yalnız danışıqlar prosesi haqqında bəyanatlar verib.
Erməni nazirə ünvanlanmış bu suala münasibətdə italyan tədqiqatçı-jurnalist vurğulayıb:
“Azərbaycan dünyada müxtəlif muxtariyyət modellərini, o cümlədən Trentino-Alto Adice reallığını nəzərdən keçirib ki, İtaliyanın bu regionunun özünəməxsus muxtariyyət modeli münaqişənin həllinə kömək edə bilər. Ermənistan tərəfindən iddia olunan xalqların öz müqəddəratını təyin etmə prinsipi və Dağlıq Qarabağı özünə ilhaq etməyə Ermənistanın “hüququ” ilə bağlı aydınlaşdırılmalıdır ki, beynəlxalq hüquq nöqteyi-nəzərdən Dağlıq Qarabağda yaşayan ermənilər nə millət, nə də xalq deyillər. Beynəlxalq ictimaiyyət bəyan edib ki, Dağlıq Qarabağın erməni icmasının öz müqəddəratını təyin etməsi vahid Azərbaycan dövləti tərkibində mümkündür. Beynəlxalq hüquqa görə, Dağlıq Qarabağ Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsidir. Heç kim Dağlıq Qarabağın Azərbaycandan ayrılmasını və ya Ermənistana ilhaqını tanımayıb”.
Ciorcia Pilar Ciorci sonra əlavə edib ki, münaqişənin sülh yolu ilə həlli üçün Azərbaycanın tərkibində Dağlıq Qarabağa muxtar respublika statusu verilməli, bundan başqa Ermənistan Azərbaycanın işğal edilmiş ərazilərinin boşaldılmasını həyata keçirməli, bundan sonra Azərbaycan Respublikasına qarşı ərazi iddiaları irəli sürməmək və ölkəyə vurduğu maddi zərərin ödənilməsi üçün öhdəlik götürməyə dair vəd verməlidir.
Bu mövzuda fikirlərini yekunlaşdıran müəllif qeyd edib ki, erməni nazirin 7 iyunda Romada səsləndirdiyi bəyanatları və münaqişə ilə bağlı suallara konkret cavablar verə bilməməsi Ermənistanın mövcud status-kvonu dəyişmək və münaqişəni sülh yolu ilə həlli etmək istəyinin olmamasını bir daha təsdiq edir.
Məqaləsində SİOİ-də Ermənistanda keçirilmiş son parlament seçkilərinin müzakirə edildiyinə də münasibət bildirən Ciorcia Pilar Ciorci həmin seçkilərdə çoxsaylı qanunsuzluqların qeydə alındığını, səslərin alınıb-satıldığını, seçicilərə təzyiqlərin göstərildiyini bildirib.
Məqalə ilə bu linklərdən tanış olmaq mümkündür:
http://www.eurasianews.it/2017/06/08/visita-italia-del-ministro-degli-affari-esteri-armeno-dichiarazioni-sul-conflitto-del-nagorno-karabakh/
http://press.russianews.it/press/il-ministro-degli-affari-esteri-armeno-nalbandian-in-visita-a-roma-parla-del-conflitto-in-nagorno-karabakh/