“Alayın ləğv olunması barədə əmri oxumağa heç kim cəsarət etmədi“ — Keçmiş hərbçi danışır - II yazı

“Alayın ləğv olunması barədə əmri oxumağa heç kim cəsarət etmədi“ — Keçmiş hərbçi danışır - II yazı backend

I YAZI Şirin Mirzəyev haqqında çox danışılıb, çox yazılıb. Ancaq əfsanəvi komandirin Ağdama gəlişi, onun fəaliyyəti barədə çox az adam məlumatlıdır.

Ötən yazıda Şirin Mirzəyevin Ağdama gəlişindən, gəldiyi ilk gündən etibarən fəaliyyətindən geniş söz açmışdıq. Bu dəfə isə Qərib İsmayılovun gözü ilə 1992-ci il may ayına qədər baş verən proseslərdən bəhs edəcəyik.

Qısa arayış:

İsmayılov Qərib Boran oğlu 1946-cı ildə Ağdam rayonunun Mərzili kəndində anadan olub. 1963-cü ildə Ağdam rayon Novruzlu kənd orta məktəbini bitirib. 1971-ci ildə Lenin adına APİ-nin dil-ədəbiyyat fakultəsini bitirib. Universiteti bitirdikdən sonra Tula vilayətinin Belyov şəhərində hərbi xidmətdə olub. Hərbi xidmətin sonunda zabitlər hazırlayan kursda oxuyaraq leytenant hərbi rütbəsi alıb. Hərbi xidməti başa vurduqdan sonra Ağdam rayon Mərzili kənd orta məktəbində müəllim işləyib. 1989-cu ildə AXC Ağdam rayon şöbəsi idarə heyətinin üzvü, rayon məclisinin sədri olub. Könüllü müharibəyə getdiyi üçün Məclis sədrliyindən istefa edib. Ağdamda keçirilən mitinqlərdə birinci mitinqdən sonra bütün mitinqlərin aparıcısı olub.

1992-ci ilin mart ayından könüllülərdən ibarət 845 saylı əlahiddə taborun, sonra isə 836 saylı alayın 2-ci taborunun qərargah rəisi olub. Milli Qəhrəman Şirin Mirzəyevin həlak olmasından sonra ordu sıralarından istefa verib.

2016-cı ilin iyun ayına qədər 68 saylı köçkün tam orta məktəbində müəllim işləyib. Hazırda təqaüdçüdür.




"Ölkə.Az" Qərib İsmayılovla müstəqilliyin ilk illərində Ağdamda baş verən proseslər və Şirin Mirzəyevin fəaliyyəti barədə hazırlanan reportajı sizə təqdim edir:

Davamı...

- Yuxarıda qeyd etmişdim ki, taborun tərkibində olub Mərzili kəndində yerləşən tağımın şəxsi heyətinə daxil edilmədim. Bu səbəbdən taborun keçirdiyi əməliyyatlardan praktiki olaraq və ətraflı xəbər tuta bilmirdim. Taborun şəxsi heyətinin sayı məhdud olduğundan torpaqlarımızın müdafiəsində iştirak etmək istəyən cəbhəçilərin böyük əksəriyyəti kənarda qaldı. O adamların nə hərbi forması, nə də silahları vardı. Sadəcə olaraq lazım gəldikdə onların çox cüzi bir hissəsinə müxtəlif yollarla əldə edilmiş silahlar paylanılır və onlar keçirilən əməliyyatlarda iştirak edirdilər. Qalanları isə toplanış yerində gözləyir, döyüşə gedənlərə ərzaq, sursat çatdırır, yaralıları, şəhid olanları döyüş meydanından çıxarmaqla məşğul olurdular. Ermənilərin Ağdərə rayonunun Sırxavənd kəndinə hücum xəbəri çıxanda həmin adamların əllərində heç bir silah olmadan yük maşınlarına minərək həmin kəndə necə getdikləri indi də xatirələrimdən silinməyib.

Xocalı hadisələrində də həmin könüllülər hərbi birləşmələrlə birlikdə hərbi əməliyyatlarda iştirak edib, ermənilərin girov götürüb Qarqar çayının kənarındakı fermaya doldurduqları yüzdən artıq mülki vətəndaşımızı (qadınları, yaşlıları və uşaqları) xilas ediblər. Həmin könüllülər arasında şəhidlər də olmuşdu. O hadisələrin üstündən uzun zaman keçdiyinə görə şəhid olanlardan Xosrov Məmmədovun, yaralılardan isə Zöhrab Həsənovun adı yadımda qalıb.

- Ermənilərin Xocavəndə hücumu zamanı oraya köməyə getmisiniz. Bu barədə geniş danışın.

- Bir gün AXC-nin Ağdam rayon şöbəsinin qərargahına belə bir məlumat daxil oldu ki, gecə ermənilər Xocavənd rayonunun Qaradağlı kəndinə hücum edəcəklər. Xocavənd şəhərinə hücum etməyi planlaşdıran erməni hərbi birləşmələrinin digər istiqamətdə döyüşə cəlb etmək lazım idi ki, Qaradağlı kəndinə hücum etməsinlər. Qərara alındı ki, Əmralılar kəndi tərəfdən Xocavənd şəhərinə hücum etməklə Qaradağlı kəndinə olacaq hücumun qarşısı alınsın. Əldə olan silahların sayı qədər könüllülər müxtəlif maşınlarla Əmralılar kəndinə yola düşdülər. Yol Mərzili kəndindən keçirdi və kənddəki tağım həmin gün heç bir əməliyyatda iştirak etmirdi. Kənddə maşını saxlayıb tağım komandiri Zeynal Bayramovu tapdım və silah xahiş etdim. Yadımdadır ki, tağımın şəxsi heyətinə daxil olan Baxşeyiş Əliyev öhdəsində olan silahı mənə verdi və komandirin "silah itsə"- sualına belə cavab verdi:

- Qərib müəllimin başına bir iş gəlməsə silaha heç bir şey olmaz. Hansısa bir bədbəxtlik olsa, mən silahın deyil, Qərib müəllimin dərdini çəkməliyəm.

Beləliklə qaranlıq düşməmiş Əmralılar kəndinə gəlib çıxdıq və mümkün olan qədər böyük hazırlıq işinin şahidi olduq. Görünür könüllüləri həvəsləndirmək üçün demişdilər ki, Beyləqan şəhərindən 5 tankın yola çıxıb. Onlar yolda idi və təxminən 1 saata Əmralılar kəndinə çatacaqdılar.

Səhv etmirəmsə, həmin vaxt kəndin müdafiəsini təşkil edən qrupa daxil olan adamlar vaxtilə Xudu Xuduyevin silah payladığı könüllülər idi.

Hava qaralmağa başlayanda Xocavənd şəhərinə hücum başlandı. Əmiralılardan olan könüllülər bizim (ağdamlıların) hücuma getməyimizə heç cür razı olmadılar. Arqumentləri isə bu oldu ki, onlar bizi tanımır, biz isə yerli şəraiti yaxşı bilmirik. Bizim hücuma gedən könüllülərimiz əlavə təlafata səbəb olar. Əmiralılar könüllülərinin məqsədi aydın idi. Onlar köməyə gələn könüllər arasında tələfat olmasına razı deyildilər, sadəcə məqsədlərini açıq demirdilər. Verilən tapşırığa görə bizim qrupun vəzifəsi kəndin kənarında qazılmış müdafiə mövqeyi tutmaq, arabir atəş açıb ermənilərin diqqətini cəlb etmək və onları qüvvənin çox olmasına inandırmaq idi. Şərtləşmə belə oldu ki, mümkün qədər irəli gedəcəklər və irəliləmək mümkün olmadıqda qarşıdakı evlərdən birini yandıracaqlar ki, tanklar gəlib çatanda yanan yerdən irəlidə olan mövqeləri vursunlar, özümüzünkülər arasında tələfata səbəb olmasınlar. Təxminən gecə saat 11-də şəhərdəki evlərdən biri yandı və könüllülərin ön mövqeyi məlum oldu. Təəssüf ki, heç bir tank və digər kömək gəlmədi. Şəhərin az qala yarısına qədər gedib çıxmış könüllülər gecə saat 3-ə qədər gözlədi, kömək gəlmədiyini gördükdə geri qayıtdılar. Özümüzünkülər və düşmən tərəfdən təlafatların nə qədər olması barədə yadımda heç nə qalmayıb. Bir tək o yadımda qalıb ki, bizimkilər arasında ölüm halı olmamışdı.

- Bəs qazancınız nə oldu?

- Əsas qazancımız o oldu ki, könüllülərimizin keçirdiyi həmin əməliyyat ermənilərin başını o qədər qatmışdı ki, onlar bir müddət Qaradağlı kəndindən əllərini çəkmişdilər. Heyf ki, həmin vaxtdan istifadə olunaraq nə Qaradağlının müdafiəsi möhkəmləndirildi, nə də əhali oradan köçürüldü.

Əslində dediyim hadisələr haqqında danışmağımızın tabora elə bir aidiyyatı yoxdur. Çünki həmin günlərdə taborun qarşısında o qədər vəzifə var idi ki, onun şəxsi heyyətindən bu əməliyyatda istifadə etmək sadəcə olaraq mümkün deyildi.

Bunu sizə danışmağımın iki səbəbi var. Birinci səbəb Əmiralılar kəndindən olan könüllülərin Ağdamdan köməyə gələnləri hücuma gedənlərin sıralarına buraxmamaları idi ki, onun əsl səbəbini yuxarıda göstərdim.



İkinci səbəb isə ertəsi gün müşahidə etdiyim hadisədir. Hava işıqlanana qədər hücuma gedənlər geri qayıtdılar və ara sakitləşdi. Kəndə qayıtdıqda yol bir dikə qalxır və kəndə daxil olurdu. Çox yorğun olduğumdan təxminən ən axırda olanların arasında idim. Diki çıxmağa başlayanda daldan bir neçə nəfər məni özüdən irəli itələdi, ya da ayaq saxlayıb məndən arxaya keçdilər. Doğrusu bu hadisənin səbəbini başa düşmədiyim üçün narahat oldum və bir qədər sonra bir nəfərdən məsələnin məğzini öyrənmək istədim. Həmin könüllü mənə izah etdi ki, onlar gündüz saatlarında həmin yol ilə kəndə çıxmırlar. Çünki yolun bu hissəsi Xocavənd şəhərində olan erməni mövqelərindən çox yaxşı görünür və hər an o yerdə ermənilərin atəşinə məruz qalmaq mümkündür. Tanımadığım adamların yuxarıda etdiyi hərəkətlər isə yalnız mənim təhlükəsizliyim üçün imiş. Çalışırmışlar ki, arxada qalıb düşmən gülləsinə hədəf olmayım. Tanımadığım adamlar isə məni tanıyırmış. Çünki Ağdam şəhərində keçirilən mintinqləri bir qayda olaraq mən aparırdım.

- Ağdamdakı ordu quruculuğu necə gedirdi?

- 1992-ci ilin mart ayının əvvələrində rayon ərazisində bir neçə taborun yaradılmasına Azərbaycan Respubilkası Müdafiə Nazirliyi icazə verdi. Yeni ölkə rəhbərliyi başa düşürdü ki, hərbi birləşmələr yaradılmadan torpaqlarımızı silahı erməni birləşmələrindən müdafiə etmək mümkün olmayacaqdır. Ordu yaratmağa münasibət kökündən dəyişmişdi.

Şirin Mirzəyevin komandir olduğu tabor yaradılarkən adı siyahıda olan könüllülərin böyük bir hissəsi kənarda qalmışdı. Bu səbəbdən də könüllülərdən ibarət yeni-yeni taborlar, bölüklər yaranırdı. Belə taborlardan birinin komandiri Milli Qəhrəman Allahverdi Bağırov, qərargah rəisi isə mən oldum. Mart ayının sonunda bu hərbi birləşməni yaradıb nazirlikdən qeydiyyatdan keçirdik. Şirin Mirzəyev isə mənə dedi ki, şərait yaranan kimi 836 saylı hərbi hissənin şəxsi heyətinə daxil edəcəkdir.

Tabor alaya çevriləndə Şirin Mirzəyev mənimlə görüşdü və dedi ki, məni yaranan 2-ci taborun komandirinin müavini kimi görmək istəyir. Əmr verildi ki, taborun qərargahı Mərzili kəndində yerləşsin və kənddəki tağım bölüyə çevrilsin. Həmin günlər Ergi orta məktəbinin direktoru Talıb Abbasquliyev mənə çatdırdı ki, kəndin ağsaqqalları, söz sahibləri mənim kənddəki taborda olmağımı istəyirlər. Bütün bunları nəzərə alaraq mart ayının son günlərində 845 saylı taborun sənədlərini Allahverdi Bağırova təhvil verdim və bildirdim ki, 836 saylı hərbi hisənin 2-ci taborunda xidmət edəcəyəm. Beləliklə mənim Şirin Mirzəyevin komandirliyi altındakı xidmətim başladı. Şirin Mirzəyev mənə tabor komandirinin siyasi məsələlər üzrə müavini vəzifəsini təklif etmişdi. Onu da deyim ki, həmin vaxt orduda belə bir ştat vahidi yox idi. Şirin Mirzəyev inanırdı ki, belə bir ştatın vacib olduğunu nazirlikdə çalışanlara inandıra biləcək. Yerinə düşər deyim ki, o, orduda şəxsi heyətin mənəvi hazırlığına cavabdeh olan bir şəxsin olmasını son dərəcə vacib sayırdı və deyirdi ki, önəmli deyil, “siyasi rəhbər” deyək, “şəxsi heyətin tərbiyə üzrə müavini” deyək, bunun fərqi yoxdur. Əsas odur ki, orduda kimsə bu işlərlə məşğul olmalıdır. O adam isə mən olmalıydım.

Ştat siyahısına baxanda gördüm ki, adımın qarşısında tabor komandirinin hansı bir sahə üzrə müavini yox, gərargah rəisi yazılıb. Etiraz etdim ki, qərargah rəisi vəzifəsi ilə mənim hərbi sahədəki bilikərim uyğun gəlmir. Söz verdi ki, uyğun bir hərbçi tapan kimi mənim vəzifəmi dəyişəcək. Sonda isə gülərək dedi: “Bu gün bu millətin ədəbiyyat müəllimindən daha çox döyüşməyi bacaran hərbi qulluqçuya ehtiyacı var”.

Hələ 1991-ci ilin payızında Mərzili kəndində taborun tərkibində əlavə bir taqım yaradan vaxt Şirin Mirzəyev mənim hərbi biletimdə olan əlavəni oxumuşdu. Sonuncu dəfə ehtiyatda olan zabitlərin Ukraynanın Kamenets – Podolsk şəhərindəki 60 günlük toplanışından sonra həmin əlavədə yazılmışdı: ”Batalyonun (taborun) qərargah rəisi”. Həmin qeydi yada salıb gülə-gülə, özünəməxsus bir ironiya ilə dedi: “Mən, sovet ordusunda yazılmış qeydə biganə yanaşa bilmərəm”.

Hər ikimiz güldük və bununla da mənim qərargah rəisi kimi qulluq etməli olduğum rəsmiləşdi. Sizinlə söhbətə başlayarkən bildirdim ki, Şirin Mirzəyevi tərifləməyi qarşıma məqsəd qoymamışam. Oxucular inansın ki, hər hansısa məsələnin şərhində həqiqətdən kənar bir şey varsa, bu sadəcə mənim hafizəmin zəifliyinin və hadisələrdən keçən uzun bir zamanın nəticəsidir. Bu qeydi oxuyanlar qarşıda hələ onlarla təəccüblü görünə biləcək çox faktlara rast gələcəklər. Bu faktlar isə tərif deyil.

İndi Şirin Mirzəyevlə aramızda olan bir söhbəti sizə danışmaq istəyirəm. Bəri başdan deyim ki, bu söhbət müxtəlif formalarda aramızda bir neçə dəfə olub və onun ilk dəfə nə vaxt ortaya çıxdığı yadımda deyil. Çox güman ki, ilk dəfə bu barədə 1992-ci ilin iyunun əvvələrində Daşbaşı əməliyyatına (Böyük Fərrux kəndinin azad olunmasına) hazırlıq zamanı danışmışdı:

- Dağlıq Qarabağ ərazisinin erməni hərbi birləşmələrindən azad etmək əməliyyatını Fərrux kəndindən deyil, Narışlar kəndindən başlamaq lazımdır. Düşməndən aşağıda yox, yuxarıda olmaq vacibdir.

Dəfələrlə təklif etmişdi ki, hərbi texnika Kəlbəcər yolu ilə Narışlar kəndinə çıxarılsın. Piyada qüvvələr isə Xaçın çayının kənarı ilə əməliyyatın başlanacağı yerə çatdırmaq mümkündür. Təəssüf ki, bu deyilənlər yerinə yetirilmədi.

- O zaman Ağdamda hansı hərbi birləşmələr var idi?

- 1992-ci ilin aprel ayında Ağdam ərazisində fəaliyyət göstərən və şəxsi heyətinin böyük əksəriyətini ağdamlılardan təşkil olunan yadımda qalan aşağıdakılardır:

1. Asif Məhərrəmovun komandirliyi altında olan tabor
2. Ərşad Nadirovun komandiri olduğu tabor
3. Yaqub Rzayevin rəybərlik etdiyi tabor
4. Allahverdi Bağırovun komandirlik etdiyi tabor
5. Yelmar Edilovun komandirlik etdiyi tabor
6. Qiyaslı əlahiddə bölüyü
7. Gülablı əlahiddə bölüyü
8. Şirin Mirzəyevin komandir olduğu 836 saylı hərbi hissə - alay.


Alayın tərkibində tam heyətdə olan 2 tabor var idi. Allahverdi Qənbərovun komandir olduğu 1-ci tabor, Allahyar Əliyevin komandir olduğu 2-ci tabor (mən bu taborun qərargah rəisi idim), yeni yaradılmaqda olan 3-cü tabor. Həqiqi hərbi xidmətə çağırılmış gənclərdən ibarət olan tədris taborunun komandiri isə mayor Mustafa Əliyev idi. Alayın tərkibində tədris taborunun yaradılması ideyası da məhz Şirin Mirzəyevə məxsus idi. O, xüsusi təlim keçməmiş adamların düşmən qarşısına göndərilməsinin tam əleyhinə idi, çünki çox gözəl bilirdi ki, Sovet ordusu sıralarında xidmət etmiş azərbaycanlıların çox böyük əksəriyyəti 2 il ərzində əlinə silah almadan hərbi xidmətdən qayıdır. Çağırışçıların isə gerçək hərbi hazırlıq keçməsinin zəruriliyinə heç kəs şübhə etmirdi. Həmin tabora Mustafa Əliyev kimi kimi təcrübəli hərbiçinin rəhbərlik etməsi də məhz Şirin Mirzəyevin tapıntısı idi.

Bizim tabora aşağıdakı bu bölüklər daxil idi:

Xıdırlı bölüyü, Şıxbabalı bölüyü, Bağmanlar bölüyü, Qulular bölüyü və Mərzili bölüyü.

Sonradan Xıdırlı bölüyü 2-ci taborun tərkibindən alındı, Gülablı əlahiddə bölüyü ləğv olundu və onun şəxsi heyətinin əsasında yaradılan bölük 2-ci taborun sərəncamına verildi.

- Alayın ləğv edilməsi ilə bağlı o zaman xəbərlər dolaşıb. Bu barədə danışın. Bu xəbərlər haradan çıxdı, nəticə nə oldu?

- 1992-ci ilin aprel ayı hərbi əməliyyatlarla o qədər də zəngin olmadı. Elə bil hər iki tərəf ciddi döyüşlərə hazırlaşırdı. Ayrı – ayrı ərazilərdə mövqe döyüşləri aparılırdı. Yalnız bir dəfə mənə müdafiə tapşırığı verildi: erməni hərbi birləşmələri Xocavənd rayonunun Əmiralılar, Muğanlı kəndlərinə və Kurapatkino qəsəbəsinə hücum etməyə hazırlaşır. Həmin kəndlərin müdafiəsinə kömək etmək üçün Bağmanlar bölüyü ilə bir neçə gün Muğanlı kəndində qaldım. Öhdəmizdə PDM və 2 ZPR var idi. Güman olunan vaxtda heç bir hücum olmadı və geri qayıtdıq.

Aprelin son günlərində isə heç kəsin gözləmədiyi bir sürprizlə qarşılaşdıq: xəbər yayıldı ki, alayın ləğv olunması barədə Müdafə Nazirliyinin əmri var, sadəcə olaraq bu əmri alayın şəxsi heyəti qarşısında oxumağa cəsarət edən adam tapılmır. Xəbərin inandırıcı olmasına bir səbəb də var idi. Ratsiya ilə məlumat verildi ki, 1-ci və 2-ci taborların komandir və qərargah rəisləri alayın qərargahına gəlməlidirlər. Getdik və öyrəndik ki, alayın bütün hərbi birləşmə rəhbərlərinin iclası vardır. İclasın yeri konkret olaraq deyilməmişdi. Alayın qərargahına getdik. Burada belə bir yığıncağın olmadığını və komandanlığın harada olduğunu bilmədiklərini dedilər. Yığıncağın keçirilə biləcəyi bir neçə yerə getdik və heç kəsi tapa bilmədik. Yalnız ertəsi gün öyrənmək mümkün oldu ki, yığıncaq Qarabağ üzrə nümayəndəliyin (sonradan bu təşkilat Prezidentin Fövqəladə Səlahiyətli nümayəndəsinin aparatı adlandırıldı və müsahibim Qərib İsmayılov hərbi xidmətdən istefa verdikdən sonra bir neçə ay həmin Aparatda hümanitar məsələlər şöbəsinin müdiri kimi çalışıb) binasında keçirilməldir. Qərara alındı ki, mən və alay komandirinin müavini Fəxrəddin Rəcəbov nazir Rəhim Qazıyevin özü ilə (nazir adı çəkilən şəxslərin hər ikisini tanıyırdı) əlaqə saxlayaq və vəziyyəti aydınlaşdıraq.

O vaxt nazir döyüş bölgəsinə gəldikdə Surət Hüseynovun yanında olurdu. Nazirliyə zəng etdikdə Rəhim Qaziyevin nazirlikdə olmadığını dedilər. Yevlağa – yun idarəsinin binasına getdik. Dedilər ki, Surət Hüseynov Gəncədədir. Gəncəyə getdik. O vaxt rus qoşunları Gəncədən çıxarılmamışdı və Surət Hüseynov tez – tez həmin hərbi birləşmənin komandirin yanında olurdu. Bizi darvazadan içəri buraxmadılar, Rəhim Qaziyevlə Surət Hüseynovun içəridə olub – olmadıqları barədə heç bir məlumat vermədilər. Növbəti dəfə nazirliyə zəng etdik, dedilər ki, 1 saat sonra zəng edin (deyəsən, danışan adamın soy adı Kişiyev idi, amma tam əminliklə deyə bilmərəm). Düz 1 saat gözlədik və yenidən zəng etdikdə tamam başqa bir səsin sahibi dedi ki, o heç kəsə belə söz verməyib və növbəni yenicə təhvil alıb. Gün ərzində bir neçə dəfə zəng etmişdik. Heç bir şeyə nail olmadan geri qayıdıb gecədən xeyli keçmiş komandirə başımıza gələni danışdıq. Beləcə bu qeyri-müəyyənlik bir neçə gün davam elədi. Nəhayət heç bir hadisə baş vermədi və biz xidmətə davam etdik.

Ardı var...
Diaspora