Qarabağ davası başlayandan elə bir gün olmayıb ki, Tərtərin adı xəbərlərdə çəkilməsin. İstər atəşkəsə qədər, istər atəşkəsdən sonra. Dava başlayanda hələ ordu yox idi, yalnız könüllü dəstələr vuruşanda Tərtər müdafiə taktikası seçmədi.
Tərtər bütün Dağlıq Qarabağ ətrafı rayonlardan birincisi idi ki, rayon mərkəzinin üstündəki Ağdərənin Marquşevan kəndinə bir neçə dəfə daxil olub, Yerevandan gələn saqqallıların da, onlara dəstək verən yerli ermənilərin də gözünü qırmışdı. Ordu yarananda da ilk hücumla Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazi və əhali baxımdan ən böyük rayonu Mardakerti aldı. Bu uğurun nəticəsi idi ki, 1993-cü ildə Dağlıq Qarabağ ətrafı rayonlarımız ard-ardına işğal olunanda Tərtər zamanında həyata keçirdiyi hücum taktikasına görə işğal olunmadı, əksinə, klassik Dağlıq Qarabağın bir neçə kəndi bu gün də bizim nəzarətimizdədir.Niyə əksəriyyətin bildiyi bu tarixi faktları yazıram? Bu gün də Tərtərin adı hər gün hallanır, bu gün də Tərtər cəbhə xəttində baş verənlər dildən düşmür. Amma indi pis xəbərlər gəlir, indi xəyanət, satqınlıq, düşmənə işləmək xəbərləri gəlir. Tərtər hücum edib qəhrəmanlıq edəndə, bu, ölkənin hər yerindən olan əsgərlərimizin və tərtərlilərin şücaəti idi. İyrənc əməllərin sahibləri içərisində də həm yerli mülki, hərbi şəxslər, həm də cəbhə xəttində xidmət keçən ölkənin müxtəlif bölgəsindən olan hərbçilər var. Bu faktı da ona görə vurğulayıram ki, heç kəs fikirləşməsin ki, cəbhə xətti Tərtərdən keçirsə məhz xəyanətkarlar tərtərlilərdi, çünki bəzi ağzıgöyçəklər belə təbliğatla məşğuldurlar və bu hal getdikcə qəsdən məqsədyönlü xarakter alır.
Niyə belə oldu? Necə oldu bu duruma düşdük? Dağlıq Qarabağ ətrafı rayonların alınması planı yeganə olaraq Tərtərdə pozuldu. Bəlkə onun qisasını alırlar bizdən. Ordudakı vəziyyətə keçməzdən əvvəl qeyd edəcəyim məsələlər vəziyyətin bu həddə gəlib çatmasının dolayısı səbəblərindəndir. Faktiki olaraq 2005-ci ildən rayona göndərilən rəhbərlər Tərtər camaatının qürurunu ayaqlar altına salmaq üçün dəridən – qabıqdan çıxdılar. Həmin vaxtdan rayonun müəllim, həkim təbəqəsinə (ayrı kimlər var ki) iməcilik adı ilə küçə süpürtdürdülər, süpürməyəni işdən qovdular. Dövlətdən maaş alanları şəxsi təsərrüfatlarında qul kimi işlətdilər. İcra başçısının biri iclasda dedi ki, “əlləriniz ağappaqdı, mən Sizin əllərinizi Yevlax qaraçısının əlinə döndərəcəm”. Rayonun yerli kadrlarını qovdular, tayfabazlıq edib başqa yerlərdən gətirdikləri adamlarına vəzifə verdilər. Etiraz edən məmuru iğtişaşçı adı ilə həbs etdirdilər. Səsin çıxaran, etiraz edən müxtəlif cəzalar aldı. Rayon gənclərinin, yeniyetmələrinin gözü qarşısında dünən erməniyə od tutanları yaltaqlıq dəzgahına saldılar, girməyəni döydülər, söydülər, təhqir etdilər. Nə gözləyirdiniz hər gün gözünün qabağında qul xarakterli insanları görən gənclərdən? Hələ bu mənəviyyatsızlıq girdabında şükür edin ki, cəmi 5-6 nəfərin iradəsi tab gətirməyib, onu da bilmək olmaz ki, hansı şəraitdə. Niyə Tərtəri duyan, bilən, camaatını tanıyanları kənara tullayıb, bu ağır cəbhə bölgəsinə tapança səsi eşitməyənləri başçı qoydunuz? Tərtərlilər gördü ki, deputat məsələsində bu camaatın fikrini heç saya salan yoxdu. Ən pis tərtərli belə qoyduğunuz başçılardan, deputatlardan yaxşı olacaqdı, çünki bu camaatın 29 ildi nə zülm çəkdiyini o pis tərtərli yaxşı bilir. Bu qəhrəman rayonda zabit yetişdirən ali hərbi məktəbin filialını açmaq təklifi ilə çıxış etmək əvəzinə, deputat kabab şişləri istehsal edən zavod tikmək təşəbbüsü ilə çıxış etdi. Küçə süpürən müəllim sabah hansı vətənpərvərlikdən, hansı qəhrəmanlıq nümunəsindən şagirdlərinə tərbiyə verəcək? Cəbhəboyu bütün rayonlara xüsusi qayğı göstərmək əvəzinə Tərtər əhalisini daha da kasıblaşdırdılar. Bir tikə çörəyin pulu arxasınca qaçanları düşmən də görür, bilir və zəif yerindən-pulla da vurur. Rəsmi bəyanatda da deyilir ki, ”maddi əsas zəminində baş vermiş cəlbetmə”.
Cəbhədə baş verən bu xəyanətlər rayondakı yuxarıda qeyd etdiyim ab-hava ilə birbaşa əlaqəlidir, daha doğrusu məntiqi nəticədir. Əgər həyatın çətinliyi içində boğulan, bu yolda təzə addımlar atan gənc görəndə ki, bütün yaltaqlar, yalançılar, satqınlar mükafatlandırılır, şərəfsizlik stimullaşdırılır.., içindən tək-tək olsa da xain çıxacaq. Xəyanətkarların cəzası ağır olmalıdır, aman yoxdur, amma onu yaradan səbəblər də araşdırmaq lazımdır ki, təkrarlanmasın.
MAZELLİ SİNDROMU
Rayonda idim. Camaatı hələ indiki kimi narahat görməmişdim. Heç hər küçədə mərmilər partlayanda da təşviş olmurdu. Ötən il aprel döyüşlərində də təmkinlilik saxlandı. İndi hamının əli işdən soyuyub. Bazarda qatıq satanın da. Səbəb düşmənlə üz-üzə durmaq deyil, tərtərlilər zatən 1988-ci ildən bu taleni yaşayırlar. Səbəb inamsızlıqdı. Son hadisələrin stresini camaat hələ ata bilməyib. Öndəkinə də, arxadıkına da inamsızlıq yaranıb.
Düşmənə işləməkdə günahkar bilinənlərin Səməd Vurğun demiş “qanunsuz, məhkəməsiz” öldürülməsi, basdırılması, valideynlərinə qeyri - müəyyən cavab verilməsi və hədə - qorxu gəlinməsi da rayonda bir nömrəli müzakirə mövzusudur. Artıq mətbuatda bu barədə yazılb, müzakirə aparılıb. Adını çəkmədən deyim ki, valideynin biri deyir: ”oğlumun xəyanətini sübut etsinlər, onun meyitini çıxarıb bir eşşəyə yükləyim, heyvan qarışıq yola salım erməni tərəfə ki, o mənə lazım deyil”. Cavab verirlər ki, deyəcəyik, sübut edəcəyik. Məsələnin bu hissəsində o qədər dəhşətlər var ki, yazılası deyil. Camaat xəyanət edənlərin şahidliyinin kimlərəsə xeyir etmədiyinə görə aradan götürüldüyündən danışır. “Uzaq sahillərdə” filmindən Karranti, Mazelli epizodunu sitat gətirmək rayonda bir acı zarafata çevrilib. Mazelli: “Sərrast atırsan, oğlum”. Karranti: “Şahid olmamalıdır” və Mazelli öldürülür. Xəyanətkara aman yoxdur, amma bir məhkəmə də var axı. Bu cür hallar xəyanətkara az qala mərhəmət hissi oyadır. İstanbulda 39 nəfəri güllələyəni diri tutub mühakimə etdilər, öldürmədilər. Əgər kiminsə günahı, daha doğrusu satqınlığı ört-basdır ediləcəksə, bu vəziyyət təkrar oluna bilər.
Orduda bu cür biabırçılığın yaranmasının səbəbləri bəllidir və məlum səbəblərdən yazmağı məqsədəuyğun hesab etmirəm.
Tərtər adını tariximizə qəhrəman rayon kimi yazdırıb və tərtərlilər bu ağrıdan, acıdan da şərəflə çıxacaqlar. Tərtərin vicdan tərəzisində şərəf, ləyaqət, qəhrəmanlıq gözü çox ağır gəlir. Bunu hamı bilsin. Hər bir tərtərli 29 ildi qarşısında dayanmış düşmənə və bəzi ağzıgöyçəklərə Mayakovskinin təbirincə deyir: “Yana-yana qalın aa, MƏN TƏRTƏRLİYƏM".
İlham İsmayıl,
Bakı-Tərtər-Bakı