Şükürov Şahlar Əvəz oğlu 17 may 1952-ci ildə Kəlbəcər rayonunun Zülfüqarlı kəndində anadan olub. Məktəbi bitirdikdən sonra Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna (indiki İqtisad Universiteti ) daxil olur.
1972-ci ildə təhsilini bitirdikdən sonra hərbi xidmətə çağrılır. Ordu sıralarından tərxis olunduqdan sonra Bakıdakı islah-əmək müəssisələrinin birində işləyir. Sonra fəaliyyətini Ucar rayon Daxili İşlər Şöbəsində davam etdirir.1986-cı ildə Rostov Ali Polis Akademiyasını bitirir. 1987-ci ildə Zərdab rayon DİŞ-də əməliyyat işləri üzrə rəis müavini vəzifəsinə təyin edilir. Polis mayoru rütbəsinədək yüksəlir.
O, tez-tez qaynar nöqtələrdə olur, erməni yaraqlılarına qarşı aparılan əməliyyatlarda fəal iştirak edirdi. 1990-cı il iyul ayının 11-də hərbi qulluqçuların müşayəti ilə Tərtər-Kəlbəcər yolu ilə hərəkət edən maşın karvanı Ağdərə ərazisindən keçərkən, düşmənin qəfil hücumu ilə rastlaşdı. O, bu qeyri-bərabər döyüşdə son nəfəsinəcən döyüşür və qərəmancasına həlak olur.
Ailəlidir. İki övladı yadigar qalıb.
Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə polis mayoru Şükürov Şahlar Əvəz oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.
Kəlbəcər rayonunun Zülfüqarlı kəndində dəfn edilmişdir.
Zərdab rayonunda adına küçə var. Rayondakı məktəblərin birinə onun adı verilmişdir.