Bu gün Azərbaycanın Milli Qəhrəmanı Pərviz Əbdüləhəd oğlu Səmədovun ad günüdür

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Pərviz Əbdüləhəd oğlu Səmədovun ad günüdür backend

Səmədov Pərviz Əbduləhəd oğlu -1970-ci il mayın 5-də Gəncə şəhərində anadan olub. O, birinci sinifə 1977-ci ildə elə doğulduğu Gəncə şəhərindəki 1 saylı orta məktəbə gedib, 1985-ci ildə oranı bitirir.

1988-ci ildə isə hərbi xidmətə çağrılaraq əsgəri borcunu yerinə yetirməyə gedir. Pərvizin iki illik xidməti Çita şəhərində keçir. Xidmətini başa vurduqdan sonra isə vətənə dönür. Qayıtdıqdan sonra Pərviz Səmədov Toxuculuq Kombinatında çalışmağa başlayır.

Bir müddət burda çalışan Pərviz ölkəmizdə o zaman baş verən hadisələrə biganə qalmayaraq vətənin müdafiə etməyi qarşısına məqsəd qoyur. Həmin ərəfə elə bir dövrə təsadüf edirdi ki, ermənilər yenə də torpaqlarımıza qarşı işğalçı siyasətlərinin planlarını yeritməyə başlamışdı. Artıq Qərbi Azərbaycan mahalının bir çox kənd və şəhərləri demək olar ki, bu azğınların amansız işgəncələrilə üz-üzə qalırdı. Zorla evlərindən çıxarılan soydaşlarımız digər bölgələrə qaçqın kimi pənah gətirməkdə davam edirdilər. Vəziyyət gün-gündən gərginliyə doğru gedirdi. Təəssüflər ki, baş verən hadisələri görən lazımi orqanlar bütün olanlara göz yumurdu. Biçarə insanlar nə qədər müqavimət göstərməyə çalışsalarda, azgınların havadarları onları yetərincə dəstəklədiyindən soydaşlarımız canlarını salamat qurtmaq üçün doğma ev -eşiklərindən çıxmaq məcburiyyətində qalırdı. Vətənin bu çətin günündə Pərviz də bir vətən oğlu kimi baş verən hadisələrə, edilən haqsızslıqlara göz yuma, biganə qala bilmirdi. O, hələ gənclik həyatına addımlarını yenicə atmağa başlayırdı.
Qışın ən soyuq ayında fevralın 22-də könüllü olaraq cəbhənin Ağdam bölgəsinə gələrək komandir təyin edilir. Onun başçılıq etdiyi dəstə kəşfiyyat qruppası idi.

Pərvizin güclü kəşfiyyat əməliyyatı nəticəsində ermənilərin xeyli sayda zirehli texnikası, silah-sursatının yeri bəlli olunaraq məhv edilir. O, doyüş yoluna Ağdam rayonundan başlamış, Şelli, Pircamal, Naxçıvanlı, Aranzəmin kəndlərinin düşməndən müdafiə və azad olunmasında rəşadətlə vuruşmuşdu. Pərviz gənc olmasına baxmayaraq, çox bacarıqlı və qorxmaz bir döyüşçü idi. 1992-ci il mayın 15-də Ağdamın Gülablı kəndi uğrunda çox gərgin döyüşlər gedirdi. Həmin döyüşdə Pərvizin də başçılıq etdiyi dəstə düşmənlə gərgin döyüşlərdə idi. Ermənilər bizimkilərin təcili yardım vertalyotunu vurmuşdular. Həmin vertalyotun ekipajını xilas etmək üçün Pərviz özünü irəliyə atır.

Ekipajı xilas etsə də, mənfurların snayperdən açdığı atəş Pərvizin döyüş ruhu, vətən sevgisiylə döyünən qəlbini əbədi olaraq susdurur. Mayın 15-də ömrünün 22-ci baharında torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olur.

Qəhrəman oğlumuzun özündən sonra bir oğlu yadigar qalır.

Milli qəhrəman elə doğulduğu Gəncə şəhərində dəfn edilib, şəhər küçələrindən birinə onun adı verilib.

Pərviz Əbdüləhəd oğlu Səmədova ölümündən sonra Azərbaycan Resbublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə “Azərbaycan Milli Qəhrəmanı” adına layiq görülüb.
Diaspora