Bu gün Ermənistan silahlı qüvvələrinin Azərbaycanın strateji baxımdan mühüm əhəmiyyətə malik Laçın rayonunu işğal etməsindən 25 il ötür.
Qaziler.az bildirir ki, işğal zamanı 264 nəfər şəhid olmuş, 65 nəfər girov götürülmüş, 103 nəfər əlil olmuşdur. Rayonun 6 Milli Qəhrəmanı vardır. Rayon üzrə 1 yaşdan 16 yaşadək mövcud olan 24374 nəfər uşaqdan 18 nəfəri şəhid, 225 nəfəri əlil olmuş, 1071 nəfəri, o cümlədən 31 nəfəri hər iki valideynindən yetim qalmışdır.İşğal ilə əlaqədar rayona 7,1 milyard ABŞ dolları dəyərində ziyan dəymişdir.
Rayonun 65507 nəfər əhalisi Azərbaycanın 59 şəhər və rayonlarına, "Taxta-körpü" qışlaqlarındakı 84 obaya məcburi köçkün düşmüşdür.
Rayon ərazisi Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edildikdən 2 gün sonra Ermənilər tərəfindən rayonun işğalına beynəlxalq aləmdə don geyindirmək məqsədi ilə qondarma "Kürd Respublikası" yaradılması ortaya atıldı. İrəvan bələdiyyə orqanlarının təşkilatçılığı ilə bu ideyanı dəstəkləyən bir dəstə kürd əhali (təxminən 50 nəfərə yaxın şəxs) avtobuslarla xüsusi olaraq Laçın şəhərinə gətirilimişdi. Əsas kimi isə 1923-cü ildə yaradılan Qırmızı Kürdüstan göstərilirdi. Halbuki, Qırmızı Kürdüstan yaradılarkən siyahıya alınma nəticəsində yerli əhalinin 94 % Azərbaycan türkü, 6 % isə kürd olması müəyyənləşir. Sosial bazanın olmamasından dolayı muxtariyyət 1929-cu ildə ləğv edilmişdir.
İşğal nəticəsində 1835 kvadrat kilometr ərazisi olan Laçın rayonundakı bir sıra tarixi-mədəniyyət abidələri düşmən tərəfindən talan edilib və ya erməniləşdirilib. Əhəmiyyətli geostrateji mövqeyə malik olan Laçının işğalı Azərbaycan iqtisadiyyatına ciddi ziyan vurub. Düşmən rayonun yüngül sənaye mərkəzlərini, kənd təsərrüfatı sahələrini yararsız hala salıb.
İşğalçı dövlət beynəlxalq hüquq normalarına, zəbt olunan Azərbaycan torpaqlarından Ermənistan qoşunlarının qeyd-şərtsiz çıxarılmasına dair BMT-nin qətnamələrinə məhəl qoymayaraq hazırda Laçında qanunsuz məskunlaşma aparır.