Gözlərində heç vaxt onu tərk etməyən dərin kədər vardı . Hər zaman düşüncəli görünərdi, sanki bütün dünyanın dərdini üstünə yükləmiş kimi. Taleyi kədərliydi, darmadağındı, acıydı. Ona görə silinmirdi gözündəki qüssə...
6 aylığında anasını itirən talesiz körpə
Bəzi insanlar məğlub doğulurlar həyata. Əvvəldən itirmiş halda başlayırlar yaşamağa.
1992-ci ildə şəhid olan Rauf kimi...Həmişə 19 yaşda qalacaq Rauf kimi...
Rauf İsmayıl oğlu Alıyev 1973-cü il iyulun 23-də Qərbi Azərbaycanın Qafan rayonunun Siznək kəndində doğulub. 6 aylıq olanda anası Zabitə dünyasını dəyişir. Həyatı dərk etməkdən hələ çox-çox uzaq olan körpənin taleyində dərin yara açan bu itki sonra gözlərinə çökərək onu heç vaxt tərk etməyən kədərə çevrilir.
Beşinci sinfi bitirdikdən sonra bibisi oğlunda ərdə olan böyük bacısı Leyla (ona ana əvəzi idi – red.) onu yanına - Qubadlı rayonunun Mahmudlu kəndinə aparır. Orada musiqi məktəbinə qoyurlar. Musiqi məktəbinin tar şöbəsinə gedir.
Çox qəşəng tar çalırdı. “Xatırla məni” adlı mahnını tarda ifa etməyi sevirdi...
Şəhidliklə bitən əsgərlik həyatı
1990-cı ildə Qubadlıda orta məktəbi bitirərək musiqi kollecinə daxil olmaq üçün Bakıya gəlir. Lakin qəbul ola bilmir. Bir il fəhlə işləyir. 1992-ci ilin yanvarında əsgər gedir. Bakıda daxili qoşun hissələrində qulluq edir. Ağdərə uğrunda döyüşə könüllü olaraq gedir...
Ona analıq edən bacısı Leylanın dedikləri:
“1992-ci ilin yanvarında getdi, avqustda dedilər ki, itkin düşüb. Həmin ilin fevralında Xocalıda baş verən faciə zamanı həlak olan xocalıların cəsədlərini o ərazidən çıxarmağa getmişdi. Gözü ilə gördükləri yaman sarsıtmışdı onu.
Ağdərə uğrunda döyüşə könüllü getmişdi. 19 əsgərin cəsədi tanınmaz halda olub. Dedilər ki, ermənilər yandırıb. Yəni Raufun cəsədini biz gözümüzlə görməmişik. Gətirib Şəhidlər xiyabanında dəfn etmişdilər. 19 naməlum məzar idi. Dedilər bunlardan biri Raufundur; birini seçin, adını üstünə yazaq. Atam seçmişdi o məzarı. Amma məni heç çəkmir o məzar”.
Mühasirəyə düşüblər və...
Qardaşı Ramiz deyir ki, Raufun ölüm kağızını bizə 1992-ci ilin avqustunda verdilər. Dedilər ki, Ağdərədə döyüşə girən əsgərlərimiz mühasirəyə düşüb şəhid olublar.
“Rauf ölməyə bilərdi. Yəni Bakıda qulluq edirdi, cəbhə bölgəsində deyildi. Amma Xocalıda gördükləri onu dəhşətə gətirmişdi. Ona görə könüllü getdi döyüşə: xocalıların qisasını ermənilərdən almağa “.
Bacısını çəkməyən məzar...
Şəhidin bacısı o məzarın Raufun olduğuna inanmır. “Qəribədir, hər dəfə Raufun məzarına qoymaq üçün aldığım çüt güldən biri mütləq qırılır. İnanmıram ki, o məzar Raufundur. İnana bilmirəm. Şəklinə baxıb ağlayıram. Bəzən itkin düşən bir nəfərin anası, ya bacısı deyir ki, kaş bir məzarı olaydı gedib ürəyimizi belə boşaldardıq. Bizimki də insanı məhv edən başqa cür dərddir. Onun nəşini gözümlə görməmişəm deyə heç cür bu fikri yaxına buraxa bilmirəm. Məzarın üstü boş qalmasın deyə çiçək qoyuram. Amma heç nə oxutdurmuram. İntiqam (iki il əvvəl gənckən vəfat etmiş oğlu – red.) öləndən sonra uzun müddət heç gedə bilmədim...”
P. S. Anasız böyümüş şəhidin çox qısa, lakin çox açı həyat hekayəsidir bu. Qohumuq deyə bütün həyatını bilirəm onun. Bir atalar sözü var: yetim yarımaz, yarısa da qarımaz. Raufsa nə yarıdı, nə də qarıdı...
Arzu Səlim