Polkovnik ayağını belə itirdi - Qalım günü yazısı

Polkovnik ayağını belə itirdi - Qalım günü yazısı backend

İnsanlar, adətən, ad günlərini, toy və ya digər əlamətdar günlərini qeyd edirlər. Sağlamlıqlarını vətənin müdafiəsi zamanı itirən Qarabağ döyüşçüləri üçün isə daha başqa bir əlamətdar gün var – savaş meydanında yaralanıb, amma taleyin xoş təsadüfü nəticəsində sağ qaldıqları gün. Onlar bu günü mütləq xatırlayırlar və imkanları daxilində qeyd edirlər.

Belə döyüşçülərdən biri də Qarabağ qazisi, polkovnik Qəşəm Mahmudovdur.

1994-cü il aprelin 27-də Qəşəm Mahmudovun olduğu BMP ermənilər tərəfindən qrantamyotla vurulub. Bu partlayışdan sırf təsadüfən sağ çıxan Qəşəm Mahmudov bir ayağını itirib. Müharibə dövründə batalyon komandiri olmuş Azərbaycan Bayrağı Ordenli Q.Mahmudovun döyüş yoldaşı Xətai Baxışov hadisəni belə xatırlayır:

- Polkovnik Qəşəm Mahmudov 1992-ci ildə Ağdamın 708 saylı hərbi hissəsində baş leytenant kimi əməliyyat bölməsində baş köməkçi, sonra isə PDM taborunun qərərgah rəisi olub. 1994-cü ilin yanvarında isə - mən briqada komandirinin müavini olarkən - onu BMP taborunun komandiri təyin etdilər.

1994-cü ildə aprelin 27-də Ağdamın Şıxlar və Qərvənd kəndlərinə hücum olan zaman bizim qonşu briqadalar ərazini tərk edəndən sonra bizim briqadanın sağ cinahı boş olduğu üçün qərar qəbul edildi ki, döyüşçüləri yığıb dəmiryolu boyu müdafiə quraq ki, ermənilər bizim briqadanın arxasına keçə bilməsinlər. Digər N saylı hərbi hissələrin gənc əsgərlərini gətirmişdilər.

Onları bir yerə yığıb yanlarına texnika qoyduq. Qəşəm Mahmudov da tankçı və PDMçiləri götürüb gəldi. Şıxlardan dəmiryolu istiqamətinə gedərkən əsgərləri yerləşdirdiyimiz istiqamətdən bizə qumbaratandan atəş açıldı. Qəşəm Mahmudovla mən PDM-in üstündə gedirdik. Biz PDM saxladıb arxasına keçdik və ekipaja “döyüşə!” komandası verdik.

İkinci atəş açılanda qumbaratan mərmisi PDM-ə dəydi. Yaxın məsafədən atıldığı üçün mərmi partlamadı. Qəşəmin bir ayağını üzüb gedib kənarda yerə dəyib partladı. Bəlkə də dünyada ilk belə hadisə idi ki, baş verdi...

Qəşəmin üzülən ayağı qaldı Şıxlar kəndində. Bərdə - Ağdam yolunun 15 kilometrliyində. Boynumdakı durbinin kəməri ilə qanaxmanın qarşısını almaq üçün Qəşəmin üzülən ayağını dibdən sıxıb bağladım. Hospitalda onun ayağını dizdən yuxarı kəsib müalicə etdilər. O vaxtdan protezlə gəzir. Digər ayağı da zədələnib. İndi o hadisədən 23 il keçib. Biz döyüş yoldaşları Qəşəm Mahmudova can sağlığı və uzun ömür arzulayırıq!

Qeyd edək ki, Qarabağ qasizi, polkovnik Qəşəm Mahmudov – 15 iyul 1967-ci ildə Gürcüstan Respublikasının Dmanisi rayonunda anadan olub. Çelyabinsk Ali Hərbi Tank Məktəbini bitirib. 1994-cü ildə aprelin 27-də Qarabağ döyüşlərində ağır yaralanıb. 1996-cı ildə Hərbi Komissarlıqda şöbə rəisi, hərbi komissarın müavini, 2010-cu ildə hərbi komissar, 2012-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nərimanov rayon şöbəsinin idarə rəisidir.

Göstərdiyi qəhrəmanlığa görə o vaxt Azərbaycanın Milli Qəhrəmanı adı verilməsi üçün təqdimatı yazılıb komandanlığa göndərilir. Amma bu təqdimatdan sonra bir xəbər çıxmır...

Əslində bunun adı qalım günüdür! Bu həyatda qalım günü! Qalım günün mübarək, cənab polkovnik!

QAZİLER.AZ
Diaspora