Sumqayıtda Milli Qəhrəman Qorxmaz Eyvazovun xatirəsi anılıb

Sumqayıtda Milli Qəhrəman Qorxmaz Eyvazovun xatirəsi anılıb backend

Aprelin 21-də Sumqayıtda Milli Qəhrəman, şəhid Qorxmaz Eyvazovun anadan olmasının 50 illiyinə həsr olunan anım mərasimi keçirilib.

Qaziler.az AZƏRTAC-a istinadən xəbər verir ki, əvvəlcə şəhidin ailə üzvləri və qonaqlar Sumqayıtın Şəhidlər xiyabanında Milli Qəhrəman Qorxmaz Eyvazovun məzarını ziyarət edib, ruhuna dualar oxuyublar.

Anım mərasimi Nəriman Nərimanov adına Mədəniyyət Evində davam edib.

Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olan qəhrəman övladların əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib.

Mərasimin aparıcısı Əməkdar Artist Rauf Ağakişiyev Qorxmaz Abiş oğlu Eyvazovun qısa, lakin mənalı həyat yolu barədə məlumat verib. Bildirilib ki, 1967–ci il aprelin 1-də Laçın rayonunun Güləbird kəndində dünyaya göz açan Qorxmaz cəmi 27 il yaşayıb. O, 1994-cü ildə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Məhz həmin döyüşdə Azərbaycan Ordusu düşmən tapdağı altında olan torpaqlarımızın bir hissəsini, o cümlədən Cocuq Mərcanlını azad edib. Ötən ilin aprelində isə qəhrəman Azərbaycan əsgəri Lələtəpəni düşmən əsarətindən qurtarıb və bu gün həmin strateji yüksəklikdə Azərbaycan bayrağı dalğalanır. Ulu öndər Heydər Əliyevin Fərmanı ilə 1995-ci ildə Qorxmaz Eyvazova Azərbaycanın Milli Qəhrəmanı adı verilib.

Sonra Qorxmaz Eyvazovun döyüş yoluna həsr olunan “Dünya” TV kanalının istehsal etdiyi “Qorxmazlar yolu” sənədli filmi və yeni işıq üzü görən “Qorxmaz olaq” xatirələr toplusu kitabı təqdim edilib.

Daha sonra Milli Məclisin deputatı Mahir Abbaszadə çıxış edərək, aprel döyüşlərindən, Azərbaycan əsgərinin qüdrətindən söz açıb, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə güclənən silahlı qüvvələrimizin bu gün regionda ən güclü ordu olduğunu diqqətə çatdırıb. M.Abbaszadə Qorxmaz Eyvazovun gənclərə örnək olduğunu bildirib.

“Qorxmaz olaq” xatirələr toplusunun redaktoru Cəbrayıl Qəhrəmanov çıxışında bu tədbirin gənclərin vətənpərvərlik tərbiyəsində oynayacağı roldan danışıb, şagirdi olmuş Qorxmaz Eyvazov haqqında xatirələrini bölüşüb.

Şəhidin qohumu İntiqam Eyvazov Laçın igidlərinin, o cümlədən Qorxmazın göstərdiyi qəhrəmanlıqlardan bəhs edib, Azərbaycan əsgərinin işğal altındakı torpaqlarımızı düşməndən azad etmək üçün Ali Baş Komandanın əmrini gözlədiyini vurğulayıb.

Tədbirdə Milli Qəhrəmanın anadan olmasının 50 illiyi ilə bağlı Laçın rayon məktəbləri arasında keçirilmiş inşa müsabiqəsinin qalibləri də mükafatlandırılıb.

Sonda Milli Qəhrəmanın oğlu, polis baş leytenantı Asəm Eyvazov atasının bayraq, dövlət uğrunda şəhid olduğuna görə qürur duyduğunu və tədbirin keçirilməsində zəhməti olan hər kəsə ailə üzvləri adından minnətdarlığını bildirib.
Diaspora