Bu gün Azərbaycanın Milli Qəhrəmanı Tofiq Mirsiyab oğlu Hüseynovun ad günüdür

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Tofiq Mirsiyab oğlu Hüseynovun ad günüdür backend

Hüseynov Tofiq Mirsiyab oğlu - 19 aprel 1954-cü ildə Xocalı şəhərində doğulmuşdur. 1961-ci ildə burada birinci sinfə getmiş və 1971-ci ildə onuncu sinfi bitirmişdir.

Ağdam şəhərindəki Kənd Təsərrüfatı Texnikumunun mexanizasiya fakültəsini bitirdikdən sonra, 1974-cü ildə Sovet Ordusu sıralarına çağırılmışdır. 1976-cı ildə hərbi xidmətini Qazaxıstan Respublikasının Alma-Ata şəhərində başa vurmuşdur. Sonra, Xocalı şəhər orta məktəbində hərbi hazırlıq müəllimi kimi əmək fəaliyyətinə başlamışdır. Məktəbdə işlədiyi müddətdə kapitan rütbəsinəcən yüksəlmişdir. 1991-ci ildə Xocalı ərazi özünümüdafiə batalyonunun təşkilatçılarından biri kimi o, taborun komandiri təyin edilmişdir. Meşəli kəndi uğrunda gedən döyüşdə onun taboru onlarla erməni yaraqlısını məhv etməyə müvəffəq olmuşdu.

O, rayonda “Mixaylo” ləqəbi ilə tanınırdı. Ermənilər Naraguğ kəndindən tez-tez Xocalını top atəşinə tuturdu. O, düşmənin bu strateji top-batareya nöqtəsini susdurdu. Onun dönməz səyi nəticəsində Mehdikənd kəndinin fermasında yerləşən erməni quldurlarının artilleriyası, “Alazan” qurğusu sıradan çıxarılmış, ferma darmadağın edilmişdi. Bununla yanaşı, on nəfər erməni yaraqlısı əsir götürülmüşdü. Bu əməliyyata görə Tofiq Hüseynova mayor rütbəsi verildi. 26 fevral 1992-ci il... O, döyüş dostları ilə ürək-ürəyə, kürək-kürəyə verərək Xocalının müdafiəsinə qalxmışdı. Onlar dinc əhalinin təhlükəsiz yerlərə köçürülməsində, düşmən hücumunun qarşısının alınmasında rəşadətlə vuruşurdular.

O, canlı qüvvə və texnika cəhətdən qat-qat üstün olan düşmənlə qeyri-bərabər döyüşdə axırıncı gülləsinə qədər vuruşaraq, əsir düşməmək üçün qumbaranı sinəsinə sıxdı və özü ilə bərabər ona yaxın erməni yaraqlısını da məhv etdi.
Ailəli idi. Üç övladı var.

Azərbaycan Respublikası prezidentinin 7 iyul 1992-ci il tarixli 833 saylı fərmanı ilə Hüseynov Tofiq Mirsiyab oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.

Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir.
Diaspora