Türkiyənin "İST film" şirkəti Azərbaycanın Milli qəhrəmanı Mübariz İbrahimovun həyat yolundan bəhs edən film çəkir.
Qaziler.az Musavat.com-a istinadən xəbər verir ki, bu gün “İST” film şirkətinin mətbuat katibi Babək Həsənoğlu və nümayəndəsi Maksim Hüseynov, həmçinin ssenaristlərdən biri olan Rəşad Süleymanoğlu mətbuat nümayəndələri ilə görüş keçirib.Tədbirdə təklifin ölkəmizə Türkiyə tərəfindən olunduğu, Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi ilə danışıqlar aparıldığı və layihənin onlar tərəfindən dəstəkləndiyi vurğulanıb.
2015-ci ildən bəri hazırlıqları davam edən filmin çəkilişləri Türkiyədə 15 İyul hərbi çevrilişə cəhddən sonra təxirə salınsa da, 2017-ci ilin yaz aylarından “İST film” tərəfindən davam etdiriləcək. Çəkilişlər Azərbaycanda baş tutacaq. Filmdə Mübariz İbrahimovun yaşadığı gerçək məkanlardan istifadə ediləcək.
Artıq 6 tanınmış rejissorla danışıqlar aparıldığını və yaxın aylarda bu barədə rəsmi məlumat veriləcəyini deyən şirkətin mətbuat katibi Babək Həsənzadə, sözlərinə belə davam edib: "Filmin ssenarisi Ali Doğançay (Türkiyə) və Rəşad Süleymanoğlu (Azərbaycan) tərəfindən yazılacaq. Film türk dilində çəkiləcək. Sonradan nümayiş ediləcək ölkəyə uyğun dublyaj ediləcək. Film türkdilli dövlətlərdə, həmçinin Fransa, Macarıstan və digər Avropa ölkələrində nümayiş olunacaq. “Mübariz” filminin İranda da nümayiş olunması planlaşdırılır. Orada 35 milyon Azərbaycan türkü var. Tizerdən sonra oradakı soydaşlarımızdan bizə gələn mesajlar, istəklər bu qərarı qəbul etməyimizə səbəb oldu”.
Mətbuat konfransında B.Həsənoğlu Azərbaycan Milli qəhrəmanı Mübariz İbrahimov haqqında çəkilən “Vətən üçün qanla yazılan bir dastan” bədii filmi ilə bağlı jurnalistlərin suallarını da cavablandırıb: “Filmin tanıtım çarxı tamamilə “İST film" şirkəti tərəfindən ərsəyə gətirilib. Bacardığımız qədər igidimiz Mübariz İbrahimovun adına, şanına layiq layihə həyata keçirməyə hazırlaşırıq. Rəsmi səhifəmizə gələn məktublardan və rəylərdən aydın olur ki, insanların filmə marağı olduqca böyükdür.
“Vətən üçün qanla yazılan bir dastan” qardaş ölkədə, hətta qeyri-türk dövlətlərdə də maraqla gözlənilir. Yeri gəlmişkən qeyd edim ki, bu film Ermənistanı da qıcıqlandırıb, orada əks-səda doğurub. Rəsmi səhifəmizə dost ölkələrdən xoş fikirlərlə yanaşı, düşmən ölkədən qıcıqlandırıcı mesajlar gəlir. Ermənilər bizim bu işdən vaz keçməyimiz üçün əllərindən gələni edir, amma bunlar bizə stimul verir və daha möhkəm olmağa vadar edir”.
B.Həsənoğlu Azərbaycan Milli Qəhrəmanı Şəhid Mübariz İbrahimovun həyatından bəhs edən filmin hazırlıqlarının 2015-ci ildən etibarən başladığını bildirib: "Lakin yaxın keçmişdə Türkiyədə baş verən 15 İyul hərbi çevrilişə cəhddən sonra çəkilişlər təxirə salındı və nəhayət ki, filmin çəkilişlərinə gələn ay başlamağı planlaşdırırıq. Çəkilişlərin Azərbaycanda, ya Türkiyədə aparılması hələ ki, dəqiqləşməyib, lakin səhnələrin inandırıcı alınması üçün Azərbaycanda çəkilməsini çox istərdik. Bununla bağlı generallarla da görüş keçirmişik. Onlar cəbhə bölgəsində də çəkiliş aparmaq üçün hər cür şərait yaradacaqlarını bildirib. Milli qəhrəmanının ailəsi də görüşüb onların fikrilərini də öyrənmişik”.
B.Həsənoğlu filmdə Mübarizi canlandıracaq aktyorun adını açıqlamayıb. O, bunu kommersiya sirri ilə olduğunu deyib: “Mübariz rolunda çəkilən aktyor və artıq seçilib. Lakin sənədləşmə işləri rəsmi qaydada təsdiq olunmadığı üçün adını açıqlamırıq. Bir neçə aydan sonra şirkətin digər yaradıcı heyəti ilə birlikdə Azərbaycanda geniş mətbuat konfransı təşkil olunacaq. Aktyorların adları orada açıqlanacaq”.
Rəşad Süleymanoğlu döyüş səhnələrində Türkiyə və Azərbaycandan əlavə “Hollivud” ilə “Bollivud” kinolarının dünyaca məşhur rejissorları ilə işbirliyi quracaqlarını bildirib: "Film Türkiyə şirkəti tərəfindən maliyyələşdirilir, lakin biz Mədəniyyət və Turizm Nazirliyi, həmçinin müdafiə Nazirliyi ilə bir sıra görüşlər keçirdik. Bu ideya onlar tərəfindən də alqışlandı. Film tamamilə Türkiyə istehsalı olduğu üçün aktyor heyəti onların tərəfindən müəyyən olunacaq. Bu səbəbdən də film türk dilində çəkiləcək”.
R.Süleymanoğlu ssenariyə əsasən Fərid Əhmədovun da filmdə şəhadətinin əks olunduğunu, lakin əsas hadisələrin Mübariz üzərində cərayan edəcəyini vurğulayıb: “Tizer Türkiyədə çəkilib, oradakı bəzi səhnələrin filmdə istifadə olunması nəzərdə tutulub. Ssenarinin də sadəcə karkazı hazırlanıb. Filmin büdcəsi də çox yüksəkdir, lakin onu açıqlaya bilmərik. Ssenari baş vermiş hadisə əsasında yazılır. Ondan kənara çıxılmayacaq və tamamı ilə həqiqətləri özündə əks etdirəcək. Filmdə şəhid Fərid Əhmədovdan da bəhs edilir. Amma təbii ki, əsas ssenari Mübarizin üzərində qurulub. 2018-ci ildə film artıq nümayişə hazır olacaq".
Xatırladaq ki, Azərbaycan Milli Ordusunun giziri, Milli Qəhrəman Mübariz İbrahimov 18 iyun 2010-cu ildə gecə saatlarında təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçərək Ermənistan Silahlı Qüvvələrinin çox sayda əsgər və zabitini gözlənilməz birinci həmlədə məhv edib. Sonra isə düşmənin öz silahlarını özünə qarşı istifadə edərək 5 saat onlarla təkbətək döyüşüb. Azərbaycan döyüşçüsü səhər saatlarında qeyri-bərabər döyüşdə qəhrəmancasına şəhid olub.
Həmin ildə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Mübariz İbrahimova “Azərbaycanın Milli Qəhrəmanı” adının (ölümündən sonra) verilməsi barədə sərəncam imzalanıb.