Bilmədim son dəfə görüşürük biz…- ŞƏHİD XANIMI YAZIR

Bilmədim son dəfə görüşürük biz…- ŞƏHİD XANIMI YAZIR backend

Aprelin 6-sı idi. Bundan iki gün öncə Nazim hərbi tapşırıqla bağlı Müdafiə Nazirliyinə gəlmişdi. Aprelin 4-də geri qayıtdı. O gedəndən sonra mən uşaqları götürüb qardaşımgilə getdim.

Biz onlarda xeyli oturduq, axşama yaxın saat 5-6 olardı. Evə qayıtdıq. Həyət qapısını açanda təəccüb qaldıq. Nazim hərbi köynəyinin qollarını yuxarıya qədər çırmalayıb həyətdəki su kranının altında yuyunurdu. Bu mənzərə indi də gözlərimin önündədir. Hərbi geyimdə o çox möhtəşəm və əzəmətli görünürdü. Uşaqlar üstünə yüyürdü. Əlləri sulu, uşaqları qucaqladı və belə demək mümkünsə, qüssəli bir təbəssümlə üzümə baxaraq Süleyman Ələsgərovun “Gözlə məni” mahnısını zümzümə etməyə başladı. Sözlərini dəqiqliklə bilmədiyim bu mahqı Nazimin “ifasında” belə yadımda qalıb:

Sevgilim, gözlə məni,
Vidalaşıb gəldiyim,
Bulaqda gözlə məni,
O zamanda, o dəmdə,
O çağda gözlə məni.

Sən məni yad edəndə,
Nə hicran çək, nə də qəm,
Bu odlu cəbhələrdən,
Yellər aparsın soraq,
Mən sənə söz vermişəm,
Sevgilim, gözlə məni.


Haşiyə: Belə hərəkət Nazimə məxsus olan bir yumor hissi, hadisələr yumşaltmaq üçün bir həmlə, könül açmaq xarakteri idi.

Fidan yaman sevinirdi ki, atası birdəfəlik gəlib. Uşaqlar sual verəndə söylədi ki, yox, qızım mən kapitan rütbəsinə təqdim olunduğum üçün Nazirliyi gəlmişəm. Ancaq söz verirəm ki, gələn dəfə daha getməyəcəyəm.
Səhər aprelin 6-sı idi. Tezdən nazirliyiə getməli idi.

Uşaqlar məktəbə getməyə hazırlaşırdı. Jalə atasının boynundan bərk-bərk qucaqlayıb öpdü, Orxanla zarafatlaşdı. Sonra Fidanı çağırdı. Fidan uşaqlıqdan sakit təbiətli idi. Nə qədər elədi, qoymadı ki, atası onu öpsün. Qız qapıdan çıxanda dönüb arxasınca bu sözləri söylədi: “Nə vaxt ki, hamının atası kimi bizim yanımızda olarsan, onda səni öpərəm”.

Bu söz Nazimi kədərləndirdi. Uşaqların ardınca həyət qapısına çıxaraq xeyli dayandı. Sonra içəri qayıdıb evdən çıxmamışdan öncə indi kitablarda, bukletlərdə əks olunan hərbi formada olan son şəklini mənə verdi və söylədi: “Uşaq düz deyir, ilk dəfə hiss etdim ki, onların mənə ehtiyacı var. Mən nə lazımdırsa etmişəm, artıq qayıtmaq vaxtıdır. Uşaqlardan muğayat ol, tezliklə qayıdacağam. Korluq çəkməyə qoyma”.

Nazim nə qədər çətinlik çəksə də, əziyyətə düşsə də yumor hissini itirməzdi. Lakin Fidanın onunla görüşməməsi onu kədərləndirmişdi. Evdən çıxanda üzümə nəsə mənalı-mənalı baxaraq bikef, könülsüz getdi.

Getdin… arxanda üzüntülü, kədərli, uzun bir yaz günü qoydun, Nazim.

Həmişə hay-küylə, zarafatla, gülüşlə gəlib-getdiyin həyətdən bu gün səssiz-səmirsiz çıxdın. Bəlkə də arxada qoyub getdiyin gənc qadının, üç uşağın taleyi keçdi fikrindən. Lakin dilinə gətirmədin. Kişi qürurun, Vətən borcun bunu dilinə gətirməyə qoymadı. Odur ki, fikirlərin ağırlığı qəlbinə çökdü. Həyətdən ağır-ağır, könülsüz, kədərli çıxdın. Maşın səni gözləyirdi. Birdən çevik bir zabit hərəkəti ilə maşının qapısını açaraq özünü içəri atdın. Özünü sındırmadın, səndən kükün olan ərköyün uşaqlarını, hələ dükan-bazar tanımayan həyat yoldaşını deyəsən indi anlamışdın. Anladığın bir həqiqət vardı: üç azyaşlı uşaq və cavan ana. Qaçqın-köçkün həyatı, ev yox, eşik yox, heç nə yox. Bəs, bu yükə heç vaxt bərkə-boşa düşməyən bu zərif qadın çiyinləri necə tab gətirəcəkdi? Bəlkə, bu reallığın, bu həqiqətin ağırlığının Səni sındırmasa da, saxlaya, ləngidə biləcəyindən qorxuğun üçün maşina belə çevik oturdun, Nazim? Dərk etdin ki, ən güclü insanlar belə zamanın, anların qarşısında diz çökməyə məcburdur. Birdən ayıldın? Öz fikirlərin səni zəifləndiyini görməsinlər deyə bir anlıq “Həyat da Allahdan, ölüm də Allahdan” düşünərək cəld qapıdan çıxdın. Əyləşdiyin maşın Səni bizi qoyub getdiyin küçədən uzaqlaşırdırdı.

Arxanca baxa-baxa, donub qaldım. Bu sözlər keçdi qəlbimdən: “Ulu Tanrım, Sən Nazimin qəlbinə nə yaman Vətən sevgisi salmısan?!...”

Sonra Vətən qalib gəldi. Qarabağ Sənin üçün müqəddəs idi. Müqəddəs Qarabağ torpağını qorumaq üçün Sən “Quran”la bərabər torpağa da and içdin. “And olsun “Quran”a, and olsun Qarabağa!”, dedin. Alovlu intiqam hissi ilə yandın. Şərəfli ölümünlə Vətənə şərəf gətirdin. Vətən uğrunda döyüşdə məşəqqətli ölümünlə azad məslək şəhidi, hər iki cahan sahibinə ünvanladığı deyiminə görə ölümün zirvəsini fəth edərək ölümsüzlük qazanmış böyük şair Nəsimi zirvəsinə ucaldın.

Demə, 18 aprel 1994-cü il, saat 10-11 arası o müdhiş hadisə baş verəcəkmiş.

Həmin gün uşaqlarımın atası, elin vətənpərvər, qəhrəman oğlu bu savaşda onunla çiyin-çiyinə vuruşan 28 gənclə düşmənin qabağını kəsir, onunla ölüm-dirim savaşına çıxır. Və qalib gəlir. Ölümüylə. Onun və döyüşçülərinin bu qələbəsi heç də hamıya müəssər olmayan mənəviyyat qələbəsi idi.

Nazimin bu ölüm-dirim savaşını, cəsarətli hərəkətini sağ qalan döyüşçülər ürək yanğısı ilə danışırlar. Tək o döyüşdə yox. Sonradan onun nəşini axtarmaq üçün hara getdikcə cəbhə boyu şahidlər Nazimin etdiklərindən, şücaətindən söhbət açırdılar. Cəbhə yoldaşın Nizami Rəhimov (indi Sumqayıtda yaşayır) Sənin necə həlak olduğunu öz gözləri ilə görmüş canlı şahid kimi bunun necə baş verdiyini mənə danışdı. Sənin necə də qəhrəman bir insan, bir ər kişi kimi həlak olmağını dinlədim. Sən nə qədər qorxmaz bir insan imişsən. Döyüşçü dedi ki, Nazim bütün Azərbaycanın fəxrinə layiq əsl qəhrəman, igid oğul idi.

Şahidlərin dediklərindən:
Habil Tağıyev:
- Düşmən texnikası bizə geri çəkilməyə də amal vermirdi. Nazim bizimkilərə məlumat verməsinə baxmayaraq, kömək gəlmirdi. Tanklar artıq səngərə çatmışdı. Komandir bizə fermaya çəkilməyi əmr etdi. Özü isə, qumbaranı götürüb tankın altına atıldı…

Tahir Musayev:
-Komandir bizə geri çəkilməyi əmr edəndə onun da bizimlə getməsini xahiş etdik. O, yeganə oğlu Orxanı bizə tapşırdı. Bildirdi ki, düşməni ləngitmək lazımdır. Döyüşə-döyüşə fermaya tərəf geri çəkildik. Komandirimiz Nazim və onun müavini İlqar isə qumbaraları götürüb tanklara tərəf irəlilədilər. Bu onların son cəhdləri idi…

Döyüş yoldaşlarının redaktora məktubu
Şahidi olduğumuz hadisə


1993-cü ilin payız ayları idi. Nazim Cəbrayılovun komandirlik etdiyi taborun əsgərləri Ağdam rayonunun, Gülçülük-Göytəpə kəndi istiqamətində torpaqlarımızı yağı düşmənlərdən qoruyurdu. Bura ən qorxulu cəbhə bölgəsi idi, çünki Ağdam şəhərinə gedən magistral yol oradan keçirdi. Qərargaha məlumat gəldi ki, bəs Dağlıq Qarabağ Muxtar Vilayətinə getmək üçün Qazaxıstan Respulikasının Prezidenti Nursultan Nazarbayev və onun rəhbərlik etdiyi nümayəndə heyəti həmin ərazidən keçib getməlidir. Onların təhlükəsizliyini qorumaq tabur komandiri baş leytenant Nazim Cəbrayılova tapşırıldı. Nazim savadlı, intellektual səviyyəsi, həm də rus dilini mükəmməl bilməsi ilə fərqlənirdi. O, əmri layiqində yerinə yetirdi, nümayəndə heyətini Göytəpə kəndinə qədər apardı. Tərəflərin görüşü burada təşkil edilmişdi. Geri qayıdanda Nazim bizə söhbət elədi ki, erməni Vitaliki gördüm, o da orada idi. Üz-üzə gələn Nazim ona deyib: - Vitalk, biz ki, bir-birimizi uşaqlıqdan, özü də yaxşı tanıyırıq. İndi düşmənçiliyə başlasan da, kişiliyini göstər, şərait yarat, bir saatlıq da olsa, gedim Ağdama. Evimizi, oraları görüm, qayıdım. Vitalik cavabında: Nazim, - deyir, - səni aparmağıma söz verirəm, ancaq sağ-salamat geri qaytara biləcəyimə, yox.

Çörəyi dizinin üstündə olan Vitalikin bu sözləri Nazimin yadından çıxmırdı. Vitalikə bax, mənə dediyi sözə bax, - deyirdi, - Yaxşı, Vitalik, sənnən mənimki qalsın sonraya.

Sonra deyəndə Nazim qələbə çalacağımız günü nəzərdə tuturdu. Qələbə gününün gələcəyinə o bütün varlığı ilə inanırdı və son döyüşü ilə düşmən üzərində mənəvi qələbə çaldı. Ölümdən uca olmağı ilə.

Qisas qalmaz qiyamətə deyiblər. Nazim, döyüş dostların Sənin qisasını alacaq, nahaq qan yerdə qalmayacaqdır. Mütləq. Qoy düşmənlərimiz bunu bilsin!

N hərbi hissəsi qərargah rəisinin köməkçisi, Qəhrəman Hüseynov,
Döyüş yoldaşları - Əkbər Rüstəmov, Nizami Rəhimov, Füzuli Abbasov


Rəhilə Cəbrayılova
Nazim Cəbrayılovun həyat yoldaşı









Diaspora