Ermənilərə əsir düşməmək üçün özlərini partladan 7 kəşfiyyatçının Vikipediyası yaradıldı

Ermənilərə əsir düşməmək üçün özlərini partladan 7 kəşfiyyatçının Vikipediyası yaradıldı backend

Azərbaycan haqqında məlumat bazasının genişlənməsi və Vikipediyanın etibarlı mənbələrlə zənginləşməsi üçün AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) Sərbəst elektron resurslarla iş şöbəsinin (SER) əməkdaşları tərəfindən Vikipediyaya məqalələrin əlavə edilməsi prosesi davam edir.

MEK- əməkdaşları tərəfindən 1997-cı il aprelin 7-də Xüsusi Təyinatlı Kəşfiyyatçı Qrupumuzun “Xocavənd əməliyyatı” haqqında Vikipediyanın Azərbaycanca bölməsində məqalə yaradılıb.

Məqalənin yaradılmasında məqsəd Vətənimizin igid oğullarının döyüş və mübarizə yolunu yaddaşlara həkk edib onların xatirəsini əbədiləşdirməkdir. Qeyd edək ki, bu hadisənin baş verdiyi vaxtdan artıq 20 il ötüb. 1997-ci ilin aprelin 7-də cəbhənin Xocavənd rayonu istiqamətində düşmən arxasına keçən 8 nəfərdən ibarət Xüsusi Təyinatlı Kəşfiyyatçı Qrupumuz döyüş tapşırığını uğurla yerinə yetirmişdi.

Bu tapşırıq Ermənistan ordusunun Azərbaycan torpaqlarında dislokasiya yerlərinin müəyyən edilməsi, düşmənin canlı qüvvəsi, döyüş texnikaları haqqında məlumatların toplanılması, hərbi eşelonlarında istehkam-mühəndis hazırlığının hansı vəziyyətdə olduğunun öyrənilməsindən ibarət idi. Lakin Xüsusi Təyinatlı Kəşfiyyatçı Qrupu döyüş tapşırığını yerinə yetirdikləri üçüncü gün mühasirəyə düşmüş və yalnız bir nəfər istisna olmaqla qrupun digər üzvləri düşmən əsgərlərinin əlinə keçməmək üçün özlərini qranatla partlatmışdır.

Şəhidlərimiz yalnız 6 aydan sonra – oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin səyi nəticəsində erməni cəsədləri ilə dəyişdirilmiş və iki gün sonra Bakıda II Şəhidlər Xiyabanında dəfn edilmişdir. Ağır yaralanaraq əsir düşən qrupun bir üzvü - Aqil Əhmədov 23 aylıq əsirlikdən sonra Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevin və Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə Vətənə qaytarılmışdır. Xatırladaq ki, Xüsusi Təyinatlı Kəşfiyyatçı Qrupun üzvləri mərhum prezident Heydər Əliyev tərəfindən “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib:

- Leytenant Ağayev Elxan Ataxan oğlu;
- Leytenant Yarəhmədov Vüqar Rzaxan oğlu;
- Çavuş Rzayev Anar Üzeyir oğlu;
- Çavuş Mustafayev Dinar İbrahim oğlu;
- Çavuş Həsənov Aqşin Əli oğlu;
- Çavuş Ələkbərov Nizami Səfi oğlu;
- Çavuş Cavadov Fariz Şamil oğlu;
- Çavuş Aqil Əhmədov Mürsəl oğlu. (Sağdır)


Eyni zamanda, bu məlumat MEK layihəsi olan Azərbaycan Milli Rəqəmsal Yaddaşı bazasında da milli dəyər kəsb edən məlumat kimi daxil edilib.

Xatırladaq ki, MEK əməkdaşlarının çalışması nəticəsində Vikipediyada 20 Yanvar və Milli Qəhrəmanlara həsr olunmuş səhifələr yaradılıb, müxtəlif dillərə tərcümə edilib.
Linkə daxil olmaqla, məqalə ilə tanış ola bilərsiniz: Xüsusi Təyinatlı Kəşfiyyatçı Qrupumuzun “Xocavənd əməliyyatı” haqqında Vikipediya
Diaspora