Teymurov Rizvan Rəhman oğlu -16 aprel 1967-ci ildə Şuşa rayonunun Quşçular kəndində ziyalı ailəsində anadan olub. 1984-cü ildə doğma kəndində orta məktəbi bitirdikdən sonra bir il savxozda işləyir. 1985-ci ildə ordu sıralarına çağrılır, əsgəri xidmətini Omsk şəhərində başa vurduqdan sonra Vətənə dönür. O, 1987-ci ildə iş dalınca Rusiyanın Arxangelsk vilayətinə gedir.
Lakin vətən sevgisi 1990-cı ildə onu yenidən Vətənə dönməyə vadar edir. O, bir müddət doğma rayonunda iaşə xidməti sahəsində işləyir.Şuşa rayon DİŞ-nin nəzdində Xüsusi Təyinatlı Polis Dəstəsi yaradılanda o, tərəddüd etmədən bu dəstəyə daxil olur. Qorxubilməz, cəsur döyüşçülərdən ibarət olan bu dəstə Qaradağlı, Sırxavənd, Umudlu, Meşəli, Cəmilli kəndlərində, habelə Xankəndində erməni yaraqlılarının zərərsizləşdirilməsində və tərkisilah edilməsində qəhrəmanlıq nümunəsi göstərmişdir.
9 dekabr 1991-ci il... Cəsur əsgərin son döyüşü... Rizvan səhər tezdən əməliyyata gedəcəkdi. O, dincəlməli idi. Gecədən xeyli keçsə də gözünə yuxu getmirdi. O, qalxıb yoldaşlarının yanına –Kərkicahana getməyi qərara aldı. Gecə erməni yaraqlıları qəfil hücuma keçdilər. Lakin cəsur döyüşçülərimizin qarşısında tab gətirə bilməyəcəklərini görüb geri çəkildilər. O, Xankəndi-Kərkicahan ətrafında gedən qanlı döyüşdə qəhrəmancasına həlak oldu.
R.Teymurov Qarabağ torpağını qarış-qarış gəzmişdi. O, Xankəndi, Kərkicahan ətrafındakı döyüşlərdə rəşadətlə vuruşmuşdu.
Subay idi.
Azərbaycan Resbublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Teymurov Rizvan Rəhman oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.
Şuşa rayon Quşçular kəndində dəfn edilmişdir.
Bakının Nizami rayonunun küçələrdən biri adını daşıyır.