Azərbaycanın dilbər guşəsi, indi erməni əsirliyində olan Qarabağın o günləri nə yaxşı ki, şair və yazıçılarımızın əsərlərində təsvir olunub. Bu təsvirlərlə Qarabağın gözəlliyini qiyabi də olsa görmək, qarabağlıların həyat tərzi haqqında təsəvvür yaratmaq mümkündür. Hələ ki, bununla təsəlli tapırıq...
Bunlardan biri yazıçı Yusif Vəzir Çəmənzəminlinin "Həyatımın 20 ili" adlı memuar səpkili əsərdir. Qarabağa aid bir neçə bayatı ilə başlanan memuarda həyatının 20 ilini Şuşada keçirmiş gəncin o dövrdə bu şəhərdə yaşayan, sayılıb-seçilən şəxslərlə bağlı maraqlı əhvalatlar, şəhərin ictimai-siyasi həyatında baş verən hadisələr elə qələmə alınıb ki, insanda zəmanə, o dövrün insanları haqda aydın təsəvvür yaranır.Şuşa məclisləri
Şuşa məclislərində incə zarafat, lətifəçilik, hazırcavablıq olduqca inkişaf etmişdi. Mayor Əbdürrəhimbəy, Səfibəy, Alı yüzbaşı, Dəli Xudu bəy, Allahverənli Kalba Şirin kimi adamların söyləmiş oldurları lətifələr yalnız Şuşada deyil, Azərbayçanın hər guşəsində söylənilir. Bunların çoxu ictimai xarakter daşıyır.
Allahverənli Kalba Şirin
Allahverənli Kalba Şirin hazırcavablığı və lətifələri ilə məşhur idi. Şuşada Məmiqoca adlı iri gövdəli, yekə bığlı bir adam vardı. Bu, zahirinə baxmayaraq, şəhərin ən qorxaq adamlarından idi. Cocuqlardan belə qorxardı. Lakin Məhərrəmlikdə aşura günü əlinə qılınc alıb, Şimri və Yezidi hədələyərək zikr deyərdi. Bir gün Kalba Şirin Məmiqocanı belə bir "cəngavər" vəziyyətdə görür. Məmiqoca qılıncı havada oynadaraq oxuyurmuş:
"Kərbalada olmadıq Şimri sənani öldürək,
Parə-parə eyləyək övladi-peyğəmbər qanlısı..."
Kalba Şirin baxıb deyir:
- Kül başına, Şimri, gör nə günə qalmısan ki, Məmiqoca da səni hədələyir.
***
Kalba Şirinin atı oğurlanır. Atı axtara-axtara gedib qala qapısına çıxır. Orada birisinə rast gəlib atının nişanələrini söyləyir, soruşur:
- Belə bir at görmədin ki?
- Gördüm, odu birisi aparır, aşağı ensən tutarsan.
Kalba Şirin:
- Atı aparan nə təhər adam idi?
- Nazikbığ bir adam idi.
Kalba Şirin cavabında:
- Yekəbığ olsaydı, gedərdim, nazikbığda xata olar, - deyib geri qayıdır.
Əbrürrəhimbəy Vəzirov
Əbrürrəhimbəy Vəzirov vaxtı ilə çarın xas alayına mənsub olaraq 1877-78-də baş vermiş rus-osmanlı müharibəsində iştirak etmiş və bir Vladimir xaçı da almışdı. Buna görə ildə 10 manat təqaüd alırdı. Bütün gəliri bundan ibarət idi. İl uzunu dəftərxanalara ayaq döyür, yer axtarır, tapa bilmirdi. Bir neçə ay şəhər naçalnikinin yanına gedir, hər dəfə naçalnik onun adını eşidəndə deyir sabah gəlsin. Bu "zavtra"lar Əbdürrəhimbəyi təngə gətirir. Axırda bir də gedir və "zavtra" sözünü yenə eşidər-eşitməz çıxıb dəftərxananın qabağında havaya bir güllə atır. Bunu tutub naçalnikin yanına aparırlar, naçalnik güllənin səbəbini soruşanda Əbdürrəhimbəy deyir:
- "Zavtra"nı öldürdüm, artıq "zavtra" yoxdur.
***
Əbdürrəhimbəy yer üçün Gəncəyə, qubernator Naqaşidzenin yanına gedir. Vizit kartını göndərir, vali onu qəbul etmir. Dəfələrlə gedir, qəbul olunmur, nəhayət vizit kartına "Veziridze" yazıb göndərir, vali o saat onu yanına çağırır. Soruşur ki, familin nədir, deyir: "Vəzirov". Naqaşidze heyrətlə:
- Bəs Veziridze neçin?
Əbdürrəhimbəy:
-Başqa əlacım qalmamışdı,-deyir.
Naqaşidze qulluq verməmək üçün bəhanə axtararaq:
- Axı sən qocasan, qulluq nəyinə lazımdır?
Əbdürrəhimbəy:
- Zati-dövlətləri, - deyir, - mən qulluq üçün ərizə verəndə cavan idim.
***
Xoş havalarda zəriflər Divanxana qabağına toplaşardılar. Bir gün orada dil məsələsi mövzuyi-bəhs olur. Əbdürrəhimbəy deyir:
- Mən bu rusun "prişol"u ilə "priyexal"ının mənasını anlamadım. Hamısına prişol desinlər, canımız qurtarsın.
Əbdürrəhimbəyin qardaşı məsələni anlayaraq deyir:
- "Prişol" ayaqla gəlməyə, "priyexal" isə eşşəkdə, atda və arabada gəlməyə deyirlər.
Bu halda Əbdürrəhimbəyin gözləri eşşək üstə gələn kəndliyə sataşır. Kəndlinin ayaqları o qədər uzun imiş ki, yerlə sürünürmüş və yeriməsi ilə eşşəyə minməsi bəlli deyilmiş. Əbdürrəhimbəy kəndlini qardaşına göstərib soruşur:
- İndi buna mən "prişol" deyim, yoxsa "priyexal"?
Arzu Səlim
Qaziler.az