Hərbi blogger Tofiq Şahmuradovun “Döyüş Gündəliyi - Talış” sənədli filmi Moskvada təqdim edilib.
QAZİLER.AZ saytına daxil olan məlumata görə, təqdimetmə mərasimi filmin yaradıcı heyətinin iştirakı ilə baş tutub. Rusiyada yaşayan soydaşlarımızın dəstəyi ilə keçirilən əqdimetmə mərasimində Moskva, Leninqrad, Samara, Yaroslavl vilayətlərindən 130 nəfərdən çox soydaşımız iştirak edib.Qarabağ savaşında şəhid olmuş əsgərlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanan təqdimat mərasimini jurnalist Anar Həsənov açdı.
Tədbirin təşəbbüskarı olan tanınmış jurnalist salamlama nitqində filmin niyə Moskvada keçirilməsini Rusiyadakı icmamızın bu kimi mövzuda tədbirlərə ehtiyac duyması və bu sahədə illərlə müşahidə olunan boşluğu doldurmaq niyyəti ilə izah etdi. Onun fikrincə, 2016-cı il aprel döyüşlərində əldə edilən hərbi - siyasi uğurlar barədə məlumatlandırma, təbliğat və düşmən təbliğatına qarşı əks – təbliğat fəaliyyətində Rusiyadakı diaspor qurumları passivlik göstərmişlərr. Jurnalist hesab edir ki, Qələbəmizi şübhə altına almağa cəhd edən erməni təxribatçılarının qarşısını almaq, ölkədən kənardakı soydaşları məlumatlandırmaq, birləşdirmək və Azərbaycan Ordusuna diqqəti artırmaq niyyəti ilə bu kimi tədbirləri daha çox keçirmək lazımdır. Bu məqsədlə Anar Həsənov icma üzvlərinə Rusiyanın bütün şəhərlərində Qarabağ həqiqətləri ilə bağlı mühazirələrin, görüşlərin, film təqdimetmələrinin ictimai işdə ön sıraya çəkməyi zəruri hesab etdiyini bildirdi. Və toplaşanları “Döyüş gündəliyi - Talış” filminə baxmağa dəvət etdi.
25 illik Qarabağ savaşının dönüş nöqtəsi olan Aprel döyüşlərində geri alınan ərazilərimizin həvəskar fotoobyektivindən görüntülənən kadrlarını salona yığışan Moskva Azərbaycan icmasının nümayəndələri gözyaşı və sevinc qarışıq qürur hissi ilə izlədilər.
“Döyüş gündəliyi - Talış” Azərbaycan Silahlı Qüvvələrinin 2016 cı ilin aprel ayında Ağdərə istiqamətindəki əks-hücum əməliyyatlarından bəhs edir. Müəllif, erməni işğalçılarından təmizlənmiş 6 mühüm yüksəklik, o cümlədən, düşmənin 21 möhkəmləndirilmiş hərbi postlarını göstərərək, Azərbaycan silahlı qüvvələrinin bu hərbi məntəqələri necə ələ keçirdiyini nəql edir.
Filmdə həmin döyüşlərdə xüsusi qəhrəmanlıq göstərmiş hərbiçilərin və erməni təxribatı zamanı həlak olmuş dinc sakinlərin qohumlarının müsahibələri, məğlub erməni hərbiçilərinin acı etirafları yer alıb. Tofiq Şahmuradov filmin ərsəyə gəlməsində şəxsən Azərbaycanın Müdafiə Naziri general polkovnik Zakir Həsənovun rolunu xüsusi qeyd etdi.
Tədbir zamanı filmin hərbi məsləhətçiləri, Qarabağ müharibəsi iştirakçıları, hərbi ekspertlər Nazim Bayram və Abuzər Abilovun çıxışları xüsusi maraqla qarşılandı. Onlar Azərbaycan icmasını maraqlandıran sualları cavablandırdılar. Azərbaycan ordusunun yeni qələbələrə imza atmaq üçün nə mane olur sualına cavab verərkən, hərbi ekspert Nazim Bayram bildirdi ki, Ermənistanın danışıqlar prosesindəki destruktiv mövqeyi münaqişənin sülh yolu ilə həlli imkanlarını azaldır. Onun fikrincə, dünyada və regionda əlverişli beynəlxalq şəraitin yarandığı halda Azərbaycan öz ərazi bütövlüyünü hərb yolu ilə təmin edəcək. Hazırda hər bir azərbaycanlının vəzifəsi torpaqlarımızın azadlığı uğrunda müharibəyə hazırlaşmaqdır.
Hərbi ekspert Abuzər Abilov Azərbaycan Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin ölkənin ərazi bütövlüyünün bərpası istiqamətində apardığı siyasətin, ordu quruculuğu, orduya diqqəti və qayğısı nəticəsində bu gün ordumuzun regionun en müasir ordusuna çevrildiyini və düşmən üzərində tam hərbi-texniki üstünlük qazanıldığını qeyd etdi.
Tədbirdə birinci Qarabağ müharibəsinin iştirakçısı olmuş otuza yaxın döyüşçü iştirak edirdi. Onlar tədbirə Rusiyanın müxtəlif regionlarından qatılmışdılar. Rusiyanın hər tərəfindən tədbirə qatılan soydaşlarımız onları düşündürməkdən daha çox əndişələndirən, qayğılandıran suallara cavab tapdıqlarını dedilər.
Onlar bu tipli görüşlərin Vətəndən uzaqda yaşayan soydaşlarımızın arasında hərbi-vətənpərvərlik ruhunun yüksəlməsinə xidmət etdiyini və belə görüşləri tez-tez təşkil edilməsinin vacibliyini vurğulayıblar.
Birinci Qarabağ savaşının döyüşçüsü Mircamal Ağarəhimli isə keçmiş Qarabağ döyüşçülərinin veteran adlandırılmasından narazı olduğunu bildirdi. “Biz döyüş, torpaq deyiləndə təcrübəsi olan və cəngavərə dönən 40 yaşında gənc insanlarıq. Bizə veteran kimi baxmaq deyil, döyüşçü kimi ön sıralara göndərmək və potensialımızdan istifadə etmək lazımdır”.
Tədbirdə çıxış edən Rusiya Xalqlar Dostluğu Universitetinin professoru, iqtisad elmləri doktoru Hacı Mirəşrəf Fətiyev, jurnalist Cəfərsadıq Abbasov, şair Həsib Nəbioğlu və digərləri öz növbəsində yaradıcı heyətə minnətdarlıqlarını bildirdilər.
Gecə “Qarabağı azad etmək üçün Ali Baş Komandan İlham Əliyevin “İrəli” əmrini gözləyirik”- sözləri ilə bitdi.