Polkovnik: Aprel döyüşlərində ermənilərin 300 hərbçisi ölüb, 500-ü yaralanıb

Polkovnik: Aprel döyüşlərində ermənilərin 300 hərbçisi ölüb, 500-ü yaralanıb backend

"Erməni hərbi həkimlərinin aprel döyüşləri zamanı 150-dən artıq hərbçinin ağır yaralanması ilə bağlı verdikləri açıqlamalar onların itkilərinin bir qisminin etirafı olsa da heç də hamısı deyil".

Bu barədə Qaziler.az-a açıqlamasında hərbi ekspert, ehtiyatda olan polkovnik Xətai Baxışov bildirib. Ekspertin sözlərinə görə, ümumilikdə aprel hadisələri zamanı Ermənistan Silahlı Qüvvələrinin aralarında yüksək rütbəli zabitlər də olmaqla 300-dən çox hərbi qulluqçusu öldürülüb, 500-dən çox hərbi qulluqçusu yaralanıb.

"Bu 150 nəfər yaralı Qarabağ cəbhəsinin şimalında – Ağdərə rayonunundakı bir hospitala daxil olmuş yaralılardır. Hesab edirəm ki, onlar Seysulanda və Madagizdə ordumuzun zərbələrindən yaralanmış erməni hərbçiləridir. Seysulanda əks hücum zamanı düşmənin bir bölüyü qısa zamanda məhv edilib. Hansı ki, bizdə olan məlumatlara görə, ermənilərin ağır yaralıları Əsgəran, Xankəndi və digər yerlərdəki hərbi hospitallara, habelə İrəvana belə aparılıb. Digər istiqamətlərdə çox sayda ölən və yaralanan ermənilər barədə heç nə danışılmır".

X. Baxışov qeyd edib ki, prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, əgər erməni əsgərləri ölmək istəmirlərsə Azərbaycan torpaqlarından çıxıb getsinlər: "Hörmətli I vitse prezidentimiz Mehriban xanım Əliyeva da aprelin 3-də hərbçilərlə görüşdə qeyd etdi ki erməni anaları öz balalarını işğal siyasətinin qurbanı etməməlidirlər. Aprel döyüşləri ilə Azərbaycan bir daha göstərdi ki dediyini ordunun gücü ilə edəcək".

Hərbi ekspertin sözlərinə görə, aprel döyüşlərində Azərbaycan Ordusunun arsenalındakı silahların çox cüzi hissəsi istifadə olunub: "Bir neçə günlük və cüzi qüvvə və vasitə ilə həyata keçirilən əks hücumun nəticəsi bu qədərdirsə, Azərbaycan Ordusu öz torpaqlarını azad etmək üçün döyüşlərə başladıqda, tətbiq edəcəyi güc Ermənistanı ağır fəlakətə düçar edəcək. Ermənistan işğala davam etdikcə öz genefondunu məhv edəcək".
Diaspora