QAZİLER.AZ-ın xəbər verdiyi kimi, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin təşəbbüsü və təşkilatçılığı ilə xidmətin əməkdaşlarından, keçmiş döyüşçülər və QHT rəhbərlərindən ibarət qruplar aprel şəhidlərinin ailələrinə baş çəkir, şəhidlərin ildönümü mərasimlərinə qatılırlar.
Bu məqsədlə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşı, polkovnik Rasim Şirinov, Əfqanıstan Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyev və Azərbaycanın ilk hərbi diktoru, vətənpərvərlik mahnılarının gözəl ifaçısı Şəmistan Əlizamanlı Lənkəran şəhərində olublar.Bu gün aprel şəhidi gizir Rusif İbrahim oğlu Ağayevin Lənkəran şəhərində il mərasimi keçirilib.
Şəhidin yas məclisində böyük bir izdiham yaşanıb. Lənkəran Şəhər İcra hakimiyyətinin başçısı Taleh Qaraşov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran şöbəsinin rəisi, mayor Tural Məmmədov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və geniş ictimaiyyət şəhidin məzarını ziyarət etdikdən sonra yas məclisində iştirak ediblər.
Şəhidin ildönümündə iştirak edən Məhəmməd Vəliyev və Şəmistan Əlizamanlı şəhidin atası İbrahim Ağayevə başsağlığı veriblər.
Daha sonra polkovnik Rasim Şirinov Xidmətin rəisi, general-leytenant cənab Arzu Rəhimovun başsağlığını şəhidin ailəsinə çatdırıb.
Şəhidin ruhuna dualar oxunub.
Rusif İbrahim oğlu Ağayev -1987-ci ilin aprelin 16-da Lənkəran şəhərinin Hirkan kəndində anadan olub. Rusif Ağayev ailəli idi, iki övladı yadigar qalıb.
Gizir Rusif Ağayev 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid olub.
Rusif Ağayev ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Sevda Elay (Əsgərova)
QAZİLER.AZ