Şəmkirdə aprel şəhidləri ilə bağlı möhtəşım tədbirlər oldu

Şəmkirdə aprel şəhidləri ilə bağlı möhtəşım tədbirlər oldu backend

QAZİLER.AZ-ın xəbər verdiyi kimi, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin təşəbbüsü və təşkilatçılığı ilə xidmətin əməkdaşlarından, keçmiş döyüşçülər və QHT rəhbərlərindən ibarət qruplar aprel şəhidlərinin ailələrinə baş çəkir, şəhidlərin ildönümü mərasimlərinə qatılırlar.

Artıq bir neçə gündür ki, bu səfərlər davam edir.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şöbə rəisi, polkovnik-leytenant Əjdər Babazadə, Qarabağ Qazilər Birliyinin rəhbərliyində təmsil olunan Rafiq Kərimov və Rey Kərimoğlu Gəncə, Samux, Göygöl və Şəmkir rayonlarında şəhid ailələri ilə görüşərək şəhidlərin ildönümü mərasimlərində iştirak ediblər.





Bu gün də onlar Şəmkir rayonunda şəhid, polkovnik Vüqar Nurəddin oğlu Yusivofun məzarını ziyarət edərək şəhidimizin məzarına gül dəstələri qoyublar.

Şəhidin məzarı önündə rayon məktəblilərinin hazırladığı bədii kompozisiya təqdim edilib.





Tədbirdə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir rayon şöbəsinin rəisi, polkovnik-leytenant Rusif Babayev, Hərbi Prokurorluğun Qazax Qarnizonunun rəhbəri polkovnik Şahin Zamanov, rayon hüquq mühafizə orqanlarının və digər qurumların rəhbərləri iştirak edib.





Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov şəhidin məzarı qarşısında çox təsirli çıxış etdi. O bildirdi: “Azərbaycan əsgər və zabitləri göstərdilər ki, bu milləti oyandırmaq olmaz. Oyandırıb gördülər ki, mənfur düşmən bizim qarşımızda 3-4 günlük belə dayana bilmədi. Bəlkə də bu döyüş 3-4 gün davam etsəydi Ermənistan adlı bir dövlət yer üzündən silinəcəkdi. Bizim onlarda böyük qisasımız qalıb. Bizim oğullarımız göstərdilər ki, bu qisası onlarda qoymayacağıq. Biz öz qisasımızı onlardan alacağıq, sadəcə bir az geci-tezi var. Niyə geci-tezi var? Ermənistan adlı mənfur düşmən öz-özlüyündə güc sahibi deyil. Onun havadarlarının çirkin niyyətləri nəticəsində bu münaqişə, bu müharibə bir az yubanır. Bizim qisas günümüz bir az yubanır. Ali Baş Komandan, möhtərəm prezidentimizin rəhbərliyi altında biz 3 rəngli Azərbaycan bayrağımızı Şuşaya, Xankəndinə və axtarsan Ermənistanın bütün nöqtələrinə sancacağıq. Silahlı qüvvələrimiz buna qadirdirlər. Bunu bizə Vüqar və onun ətrafında olan insanlar göstərdilər. Hansı bir dəfn mərasimi bu möhtəşəmliyi yarada bilər, bu qədər insanları bir araya toplaya bilər?





Şəhid atası, şəhid anası! Təəssüf ki, bir Vüqarın getməyilə yüzlərlə, minlərlə Azərbaycan oğlu Vüqar timsalında 1 evdən getməyiblər, eldən gediblər, Azərbaycandan gediblər. Biz bu şəhidlərin ruhu qarşısında hamılıqla baş əyirik! Bilirik, çox ağırdır, çəkiləsi dərd deyil! Amma Vətən uğrunda ölən bir insan ən uca məqama yüksəlib. Bu uca məqam hər bir insana qismət olmaz. Yalnız Allah sevdiyi insanları şəhidlik zirvəsinə yüksəldə bilər. İstəyirəm bunu biləsiniz. Sizə çox sağ ol deyirəm ki, belə gözəl bir oğlu böyütmüsünüz. 40 yaşına çatmamış polkovnik rütbəsinə ancaq gözəl ailə tərbiyəsi və mükəmməl təhsillə yüksəlmək olar. Vüqarın müəllimlərinə “çox sağ olun” demək istəyirəm. Necə gözəl sözlər danışırdı onun barəsində.





Mən onun ailəsinin, həyat yoldaşının qarşısında baş əyirəm ki, bu çox çətin, məşəqqətli bir yolu Vüqarla çiyin-çiyinə keçən bir xanımı var. Bu, bir yerdən qaynaqlanan güc deyil, Vətəndən gələn gücdür, Ali Baş Komandandan, orduda bu gün olan nizam-intizamdan gələn bir gücdür. Şəmkirlilər, çox sağ olun ki, Vüqarımızı bu səviyyədə qarşılayırsınız. Vüqar kimi oğullar sıralarımızdan getsə də, onların ruhu görəcək ki, biz onları heç vaxt unutmamışıq. Bu insanların ruhu o vaxt şad olacaq ki, biz hamılıqla azad edilmiş Qarabağ torpaqlarında tikinti-quraşdırma işləri aparacağıq.



Böyük qayıdış başlayıb artıq. Cocuk Mərcanlı adlı kəndin abadlığı ilə tikinti işlərinə başlanılıb. Cənab prezidentimiz bu məsələni 1 dəqiqə də olsun yadından çıxarmır. Bu günlərdə ölkənin 1-ci vitse-prezidenti Mehriban Xanım Əliyeva Ermənistan analarına müraciət etdi. Dedi ki, ölmək istəmirsinizsə, çıxın gedin! Gedin bizim torpaqlardan! Burda sizin nə işiniz var? Yəqin ki, bütün azərbaycanlıların mənəvi anasının bu müraciətini erməni analar başa düşərlər.





Bu gün biz bura ağlayıb-sızlamaq üçün deyil, Vüqarın ruhunu şad etmək üçün yığışmışıq. Başımızı dik tutaq! Şəhid ailəsinin, şəhid atasının ta yanında olduğumuzu göstərmək üçün burdayıq. Şəhidlik zirvən mübarək olsun, Vüqar! Allah rəhmət eləsin!”



Sonra tədbir iştirakçıları şəhidimizin yas məclisində iştirak ediblər.

Polkovnik-leytenant Əjdər Babazadə şəhidin atası Nurəddin Yusifova Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant cənab Arzu Rəhimovun başsağlığını çatdırıb.



Şəhidin ruhuna dualar oxunub.

Vüqar Nurəddin oğlu Yusifov- 1976-cı ilin noyabrın 2-də Şəmkir rayonunun Şiştəpə kəndində anadan olub. 1993-cü ildə Şiştəpə kənd orta məktəbini bitirib. Elə həmin il Türkiyə Respublikasında Quru Qoşunları Ali Hərbi Məktəbinə daxil olan Vüqar Yusifov 1997-ci ildə leytenant rütbəsi alıb və bir il sonra həmin hərbi ali məktəbi bitirib.

Vüqar Yusifov 2006-cı ildə isə ailə həyatı qurub. Üç övladı var.
Polkovnik Vüqar Yusifov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid olub.

Vüqar Yusifov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Vətənə xidmətə görə" ordeni (III dərəcəli) ilə təltif edilib.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Sevda Elay (Əsgərova)

QAZİLER.AZ
Diaspora