QAZİLER.AZ-ın xəbər verdiyi kimi, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin təşəbbüsü və təşkilatçılığı ilə xidmətin əməkdaşlarından, keçmiş döyüşçülər və QHT rəhbərlərindən ibarət qruplar aprel şəhidlərinin ailələrinə baş çəkir, şəhidlərin ildönümü tədbirlıərinə qatılırlar.
Bu gün Biləsuvar rayonunda aprel şəhidi Dəmirli Hüseyn Zeynal oğlunun ildönümü keçirilib.Bu məqsədlə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşı, polkovnik Rasim Şirinov, Əfqanıstan Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyev və Azərbaycanın ilk hərbi diktoru, vətənpərvərlik mahnılarının gözəl ifaçısı Şəmistan Əlizamanlı Biləsuvar rayonuna gedərək şəhid Hüseyn Dəmirlinin il mərasimində iştirak ediblər.
Əvvəlcə şəhidin məzarı ziyarət olunub. Biləsuvar rayonunun millət vəkili Xanhüseyn Kazımlı, Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar şöbəsinin rəisi Namiq Osmanov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və rayon ictimaiyyəti yaxından iştirak ediblər.
Biləsuvar rayonunun millət vəkili Xanhüseyn Kazımlı aprel döyüşlərindən danışıb. Şəhid döyüşçülərin Azərbaycanın ərazu bütövlüyü uğrunda canlarından keçməsinin gənc nəsillərə nümunə olmasını dilə gətirib.
Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev aprel hadisələri zamanı əsgər və zabitlərimizin döyüşlərdə göstərdikləri qəhrəmanlıqdan danışıb. İcra başçısı Azərbaycan prezidenti İlham Əliyevin və 1-ci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə qayğısını və diqqətini xüsusilə vurğulayıb. Şəhidə rəhmət diləyib.
Şəhidin atası Zeynal Dəmirli çıxış edərək prezident İlham Əliyevə, Biləsuvar rayon icra başçısı Mahir Quliyevə və ölkənin 1-ci vitse-preizdenti Mehriban Xanım Əliyevaya onların ailəsinə göstərdiyi diqqətə və qayğıya görə minnətdarlıq bildirib. O, həmçinin şəhid oğlunun ildönümü mərasimində iştirak edən qonaqlara minnətdarlıq bildirib.
Çıxış edən Məhəmməd Vəliyev və Şəmistan Əlizamanlı da qəhrəman döyüşçü Hüseyn Dəmirlinin döyüş yolundan, vətən uğrunda göstərdiyi şücaətlərdən danışaraq şəhidimizin ailəsinə başsağlığı veriblər.
Daha sonra polkovnik Rasim Şirinov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant cənab Arzu Rəhimovun başsağlığını şəhidin ailəsinə çatdırıb.
Şəhidin ruhuna dualar oxunub.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Sevda Elay (Əsgərova)
QAZİLER.AZ