Aprel şəhidinin adına küçə verildi - GƏNCƏDƏ

Aprel şəhidinin adına küçə verildi - GƏNCƏDƏ backend

QAZİLER.AZ-ın xəbər verdiyi kimi, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin təşəbbüsü və təşkilatçılığı ilə xidmətin əməkdaşlarından, keçmiş döyüşçülər və QHT rəhbərlərindən ibarət qruplar aprel şəhidlərinin ailələrinə baş çəkir, şəhidlərin ildönümü mərasimlərinə qatılırlar.

Artıq iki gündür ki, bu səfərlər davam edir.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şöbə rəisi, polkovnik-leytenant Əjdər Babazadə, Qarabağ Qazilər Birliyinin rəhbərliyində təmsil olunan Rafiq Kərimov və Rey Kərimoğlu Gəncə, Samux və Göygöl rayonlarında şəhid ailələrində olub, şəhidlərin məzarlarını ziyarət edərək yas məclislərində iştirak ediblər.

Bu gün onlar Gəncədə şəhid, kapitan Quliyev İnqilab Çingiz oğlunun məzarını ziyarət edərək şəhidimizin məzarına gül dəstələri qoyublar.

Şəhidin məzarı ziyarət edildikdən sonra Gəncə İmamzadə Ziyarətgahı Kompleksində yas məclisi keçirilib.



Şəhidin ildönümündə Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev, Gəncə şəhər hüquq- mühafizə orqanlarının rəhbərləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəpəz, Nizami və Kəlbəcər rayon şöbələrinin rəisləri və şəhər ictimaiyyətinin nümayəndəlıri də iştirak ediblər.



Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev aprel hadisələrinin mahiyyəti haqda söz açaraq, əsgər və zabitlərimizin döyüşlərdə göstərdikləri qəhrəmanlıqdan danışıb. O bildirib ki, şəhid kapitan İnqilab Quliyevin dəfnində Gəncə ictimaiyyəti böyük izdihamla iştirak edib. İcra hakimiyyətinin başçısı Azərbaycan prezidenti İlham Əliyevin və 1-ci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə qayğısını və diqqətini vurğulayıb. Şəhidə rəhmət diləyib.



Daha sonra icra başçısı Elmar Vəliyev bildirdi ki, şəhid, kapitan İnqilab Quliyevin yaşadığı küçəyə şəhidin adının verilməsi ilə bağlı bu gün sərəncam imzalayıb. Bundan başqa, şəhidin yaşadığı binanın qarşısına onun barelyefi vurulacaq. Həmçinin, şəhidin ailəsinə dövlət tərəfindən mənzil verilib.



Şəhidin atası Çingiz Quliyev çıxış edərək prezident İlham Əliyevə, Gəncə şəhər icra başçısına onların ailəsinə göstərdiyi qayğıya və diqqətə görə minnətdarlıq bildirib. Qeyd edib ki, şəhid ailələri cənab prezidentin siyasətini dəstəkləyir və daim onun yanındadırlar.



Daha sonra polkovnik-leytenant Əjdər Babazadə şəhidin atası Çingiz Quliyevə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant cənab Arzu Rəhimovun başsağlığını çatdırıb.





Şəhidin ruhuna dualar oxunub.



Allah bütün şəhidlərimizə rəhmət eləsin!









Sevda Elay (Əsgərova)

QAZİLER.AZ
Diaspora