Aprel şəhidlərimiz ölkə boyu yad edilir

Aprel şəhidlərimiz ölkə boyu yad edilir backend

Üzeyir Cəfərov: “Belə tədbirlər il ərzində təşkil olunsun” Ötən ilin aprelində Azərbaycan-Ermənistan arasındakı 4 günlük savaşda şəhid olan əsgərlərimizin ildönümləri yüksək səviyyədə keçirilir. Dövlət və ictimaiyyət səviyyəsində aprel şəhidləri yad edilir, məzarları başında anılırlar. Bütün ölkə boyu anım tədbirləri keçirilir.

Müxalifət düşərgəsi də həyatlarını qurban verən şəhidlərimizi unutmur, onların ruhlarına ehtiram olaraq, Şəhidlər Xiyabanına ziyarətlər təşkil edir, şəhidlərimizin il mərasimlərində iştirak edirlər. Bunu sosial şəbəkələr və mətbuat səhifələrindən açıq şəkildə görmək olur.

Şəhid pilotlarımız mayor Urfan Vəlizadə və mayor Təbriz Musazadənin il mərasimi keçirilib.

Azvision.az xəbər verir ki, anım mərasimində şəhidlərin hərbçi yoldaşları, ailə üzvləri, yaxınları iştirak ediblər. Müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin Komandanı, general-leytenant Ramiz Tahirov və digər yüksək rütbəli zabitlər də şəhidlərin məzarını ziyarət edib, ailələrinə başsağlığı veriblər.

Şəhid pilot Urfan Vəlizadənin yoldaşı Könül Vəlizadə bildirib ki, geridə qalan bir il onlar üçün olduqca çətin keçib: “Urfansız çətindir. Onun üçün çox darıxıram”.

Könül xanım Urfan Vəlizadənin məzarını ziyarətə gələn hər kəsə təşəkkür edib.

Şəhidin qardaşı Vidadi Vəlizadə Müdafiə Nazirliyinin rəhbərliyinə təşəkkür edib.

U.Vəlizadənin qızı Zəhra Vəlizadə atasının məzarı başında skripkada ifa edib.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbəri general Arzu Rəhimovun təşəbbüsü ilə Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı, Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi sədrinin birinci müavini Kamil Şirinov, moderator.az saytının baş redaktoru Zülfüqar Hüseynzadə xidmətin yüksək çinli zabitlərinin müşayəti ilə Xızıda və Xaçmazda olublar. Əvvəlcə Xızıda Novruzov Ravil Elman oğlunun il mərasimində iştirak edən adıçəkilən şəxslər şəhidin atasına başsağlığı veriblər. Mərasimdə rayon rəhbərliyi də iştirak edib.

Ardından Xaçmazda şəhid Mirzəyev Elvin Azadxan oğlunun il mərasimində də iştirak edən qonaqlar orada da şəhidimizin atasına başsağlığı verib, ruhuna dualar oxuyublar.

Həftə ərzində bu cür ziyarətlərin təşkil edilməsi qərara alınıb və bütün aprel şəhidlərinin il mərasimlərində ən yüksək səviyyədə iştirak edilməsi barədə xidmət rəhbərliyinin təşəbbüsü mərasim iştirakçıları tərəfindən məmnunluqla qarşılanıb.

Hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov iştirak etdiyi çoxsaylı tədbirlər barədə qəzetimizə bunları dedi: “Şəhidlərimizin ildönümləri həm Müdafiə Nazirliyi, həm də aidiyyəti strukturlar tərəfindən yüksək səviyyədə keçirildi. General Rasim Əliyev və polkovniklər Abdulla Qurbani, Nazim Əhmədov, İslam Gəncəliyev və digərləri üzərlərinə düşən vəzifələri çox ləyaqətlə yerinə yetirdilər. Bugünlərdə çoxsaylı tədbirlər var. Aprelin 1-də Sumqayıtda Azərbaycanın qəhrəman oğlu, polkovnik-leytenant Yaqub Orucovun xatirəsinə həsr olunmuş böyük tədbir keçirildi, Sumqayıt İcra Hakimiyyətinin və müvafiq strukturların iştirakı ilə. Şəhidin ailə üzvləri, o cümlədən yaxın dostları bu tədbirdə iştirak etdilər. Aprelin 3-də də aprel şəhidləri ilə bağlı böyük tədbir keçirildi. Eyni zamanda həmin gün aprel şəhidləri ilə bağlı tanınmış politoloq Elxan Şahinoğlunun yazdığı ”Aprel atəş(kəs)i" kitabının təqdimatında oldum. Aprelin 5-də Avropa Liseyində şəhidlərimizin anım tədbiri keçiriləcək. Bir sözlə, çoxsaylı tədbirlər keçirilir. Hesab edirəm ki, ölkə başçısının da dediyi kimi, bir il öncəki aprel hadisələri Azərbaycanın şanlı tarixi kimi dərsliklərə salınmalıdır. Yaxşı olardı ki, belə tədbirlər il ərzində təşkil olunsun. Yaxınlarda bir təklif verdim ki, bir mərkəzdən idarə olunan tədbirlər keçirilsin. Çünki dövlət strukturları üzərlərinə düşəni onsuz da edirlər. Hamı istəyir ki, qəhrəmanlarımızı görsün. Şəhid Çingiz Qurbanovla bağlı dövlət səviyyəsində böyük tədbirlər keçiriləndən sonra bunun davamı gəldi. Bu, gənclər üçün böyük stimul oldu. 90-cı illərdə mən döyüşlərdə olanda mədəniyyət və incəsənət adamları daha aktiv idilər, tez-tez hərbi hissələrə gedirdilər. Sanki indi gözləmə mövqeyi seçiblər. Belə olmamalıdır. Aprel şəhidləri və digər qəhrəman övladlarımızla bağlı maarifləndirmə işləri aparılmalıdır. Onlar gələcək nəsillərimizin yaddaşına həkk olunmalıdır".

musavat.com
Diaspora