Film əslən Mingəçevirdən olan Natiq Qasımov adlı gəncin qəhrəmanlığından bəhs edir.
5 gün erməni faşistlərinə qarşı təkbaşına döyüşən Natiq Qasımovdan bəhs edən filmdə qəhrəmanın anası, qardaşı, dostu, döyüş yoldaşı, həmin vaxt Natiqin igidliyinin canlı şahidləri olan Xocalı sakini Cəfər Cəfərov, 22 əsirin azad edilməsi üçün təslim olmağa razılıq verən Natiqin həmin vaxt əlində bayraq şəklini çəkən “SİPA“ fransız agentliyinin fotoqrafı Enriko Sarsini, "Oqonyok " jurnalının əməkdaşı Konstantin Smirnov xatirələrini danışırlar.Natiq əsirləri xilas etmək üçün könüllü təslim olduqdan sonra ermənilərin onu sorğu-sual etdikləri zaman orada olan fransız fotoqrafın dedikləri: “Təbii ki, bütün əsir düşən insanlar kimi gərgin idi. Amma qorxu hissindən söhbət gedə bilməzdi. Kifayət qədər cəsur insan idi. Mənim yanımda ona işgəncə verilmədi. Sonra nə olduğunu bilmədim“.
Film bu sözlərlə bitir: “Natiq Qasımov 1992-ci ilin mart ayında Ağdamın Xramord kəndindəki alban kilsəsində 5 gün tək-tənha erməni faşistləri ilə döyüşür. Ermənilər ona təslim olması qarşılığında 22 Xocalı əsirini azad edəcəklərini təklif edirlər. Gülləsi qurtaran Natiq özünü vurmaq üçün saxladığı son gülləsini havaya atır, Əsirləri xilas etmək üçün təslim olur. Üstündən 25 il keçməsinə baxmayaraq ondan xəbər yoxdur. Natiqin adı itkin düşənlər siyahısındadır“.
Anası və qardaşı isə onun sağ olduğuna inanırlar. Natiqin hələ uşaq olarkən yuxuda gördüyü onu qoruyan göy qanadlı mələyin indi də bu qəhrəmanı qoruduğuna əmindirlər.
Xatırladaq ki, film Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” tərəfindən istehsal edilib. Filmin rejissoru tanınmış rejissor Elçin Musaoğlu, operatoru Rauf Qurbanəliyev, prodüsseri isə Müşfiq Hətəmovdur.
Qaziler.az