İsmayılov İlqar Sədi oğlu - 29 mart 1959-cu ildə Bakı şəhərində doğulmuşdur. 1966-cı ildə Bakının Nərimanov rayonundakı 45 saylı orta məktəbin birinci sinfinə getmiş, 1976-cı ildə orta təhsilini başa vurmuşdur. Elə həmin il o, Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutuna daxil olmuşdur. 1981-ci ildə ali məktəbi bitirmişdir.
O, dzyudo üzrə idman ustası idi. 1981-ci ildə Nərimanov rayon Hərbi Komissarlığı tərəfındən həqiqi hərbi xidmətə çağırılmışdır. Bakı Ordu İdman Klubunda xidmət etmişdir. 1983-cü ildə ordudan tərxis olunmuş və 1986-cı ilə qədər “Dinamo” İdman Klubunda məşqçi işləmişdir. O, sonra leytenant rütbəsi ilə Daxili İşlər Nazirliyinin Sabunçu rayon Daxili İşlər Şöbəsində əməliyyat müvəkkili vəzifəsinə təyin edilmişdir. O, burada baş leytenant rütbəsinə kimi yüksəlmişdir. İ.İsmayılov bir neçə müddətdən sonra polis kapitanı rütbəsi alır. O, 1991-ci ilin dekabrından başlayaraq tez-tez döyüş bölgələrinə ezam olunur, erməni yaraqlılarına qarşı aparılan əməliyyatlarda iştirak edirdi. Məhz onun qəhrəmanlığı və şücaəti sayəsində ermənilər tərəfində vuruşan bir neçə xarici ölkə vətəndaşı girov götürülmüşdü. İlqar İsmayılov Şuşa rayonunun Malıbəyli, Meşəli kəndlərində, eləcə də Ağdam rayonu ərazilərində gedən döyüşlərdə böyük igidliklər göstərmişdir. 1992-ci ildə xüsusi tapşırıqla Laçın rayonuna ezam olunmuşdur. Onun rəhbərliyi altında 128 nəfər döyüşçümüz Mazutlu kəndi yaxınlığındakı Qızartı yüksəkliyini erməni işğalçılarından təmizləmişdir. Bacarıqlı komandir İlqar İsmayılov 1 oktyabr 1992-ci ildə qəhrəmancasına həlak olmuşdur.Ailəli idi. İki övladı yadigar qalıb.
Azərbaycan Respublikası prezidentinin 19 oktyabr 1992-ci il tarixli 273 saylı fərmanı ilə kapitan İsmayılov İlqar Sədi oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.
Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir.
Bakı küçələrindən biri onun adını daşıyır, 45 saylı orta məktəbin önünə isə büstü qoyulmuşdur.