Qasımov İxtiyar Qasım oğlu 22 mart 1970-ci ildə Ağdam rayonunun Salahlı kəndində anadan olub. 1977-ci ildə kənd orta məktəbinin birinci sinifinə getmiş və səkkizinci sinifədək burada təhsil alır.
İxtiyar 1985-ci ildə Bakıya gəlir və təhsilini kimya-biologiya təmayüllü məktəbdə davam etdirir. Məktəbi uğurla bitirir. O, sənədlərini Gəncə Kənd Təsərrüfatı Akademiyasına verir. İmtahanları yüksək səviyyədə verərək, aqronomluq fakultəsinə daxil olur. O, ilk kursdan fərqlənməyə başlayır. Onun torpağa sevgisi, məhəbbəti böyük idi. Bütün fikri soydaşlarımızın öz dədə-baba torpaqlarından qovulmasının qarşısının alınmasında yaxından iştirak etmək idi.1992-ci ilin yanvarında tələbələr istehsalat təcrübəsinə buraxılır. O, fürsətdən istifadə edib, hərbi komissarlığa müraciət edir. Arzusunu yerinə yetirirlər. O, 836 saylı hərbi hissənin 3-cü batalyonunda əlinə silah götürür. Qasımov İxtiyar Qasım oğlu döyüşə kəşfiyyatçı kimi başlayır. Seçdiyi düzgün plan nəticəsində Qazançı kəndində ermənilərin üç PDM-i, bir zirehli maşını və onlarla canlı qüvvəsi məhv edilir. Qasımov İxtiyar Qasım oğlu 15 mayda düşmənin Abdal-Gülablı kəndinə basqınının qarşısının alınmasında xüsusi olaraq fərqlənir.
14 iyul 1992-ci ildə ermənilər Canyataq kəndinə hücuma keçirlər. Döyüş zamanı əsgərlərimizdən bir neçəsi yaralanır. İxtiyar onların düşmən əlinə keçməsindən ehtiyat edərək, özünü qabağa atıb, düşmənlə üzbəüz dayanır. O, əks hücumun qarşısını təkbaşına almağa müvəffəq olur. Yaralıları xilas edirlər. İxtiyarın özü isə qəhrəmancasına həlak olur.
Subay idi.
Azərbaycan Resbublikası Prezidentinin 7 dekabr 1992-ci il tarixli 350 saylı fərmanı ilə Qasımov İxtiyar Qasım oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.
Salahlı kənd qəbristanlığında dəfn edilmişdir.
Vaxtilə oxuduğu Salahlı kənd orta məktəbi Qasımov İxtiyar Qasım oğlunun adını daşıyır.