Bu gün Azərbaycanın Milli Qəhrəmanı Rafiq Hüseyn oğlu Nəsrəddinovun ad günüdür

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Rafiq Hüseyn oğlu Nəsrəddinovun ad günüdür backend

Nəsrəddinov Rafiq Hüseyn oğlu - 18 mart 1961-ci ildə Bakı şəhərində anadan olub. 1968-ci ildə Nərimanov rayonundakı 39 saylı orta məktəbə gedib, 1978-ci ildə həmin bitirib. 1979-cu ildə Nərimanov rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağrılıb. 1981-ci ildə tank qoşunlarında hərbi xidmətini başa vurduqdan sonra Bakı Dövlət Universitetinə daxil olub.

1987-ci ildə Universiteti əla qiymətlərlə bitirdikdən sonra Su Təsərrüfatı İnstitutuna mühəndis vəzifəsinə təyin edilir. 1992-ci ildə bir zabit kimi Səbail rayon Hərbi Komissarlığı tərəfindən Milli Ordu sıralarına çağrılır, və cəbhəyə yola düşür.

Nəsrəddinov Rafiq Hüseyn oğlu Ağdərə rayonunun düşməndən təmizlənməsində yaxından iştirak edir. Baş leytenant rütbəsinə yiyələnən Nəsrəddinov Rafiq Hüseyn oğlu 6 sentyabr 1992-ci il tarixində Ağdərə rayonunun Qızılqaya kəndində qeyri-bərabər döyüşdə son nəfəsinədək vuruşur və qəhrəmancasına şəhid olur.
Ailəli idi. İki qızı yadigar qalıb.

Azərbaycan Resbublikası Prezidentinin 16 sentyabr 1994-cü il tarixli 203 saylı Fərmanı ilə baş leytenant Nəsrəddinov Rafiq Hüseyn oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı verilib.

Bakıdakı Şəhidlər Xiyabanında dəfn edilib. Təhsil aldığı 39 saylı orta məktəb onun adını daşıyır. Məktəbdə büstü qoyulub. Yaşadığı binanın önünə xatirə lövhəsi vurulub.
Diaspora