“Əməliyyat ürəyimiz istəyən kimi davam edirdi, amma hücumu yarıda kəsdilər”

“Əməliyyat ürəyimiz istəyən kimi davam edirdi, amma hücumu yarıda kəsdilər” backend

Ucarlı döyüşçü müharibə dəhşətlərini xatırlayır

Həyatda hər kəsin bir missiyası olur. Kiminin dərdi böyük şəhərlərdə yaşamaqdı, kiminki isə bağ evlərində, dəniz kənarında 10 sot torpaqda meyvə ağacları yetişdirib həyat eşqinin keyfini çıxarmaqdır. Kimilərinin dərdi isə didərgin düşən torpaqlarına geri dönüb, ömrünün qalan hissəsini orada başa vurmaqdır. Bəzilərinin amalı isə insan övladının yarandığı torpağı becərib sabahın aydınlarını yaşatmaq, boya-başa çatdırmaqdır. İndi özünüz düşünün, kim daha şərəfli həyatı haqq edir?

Bugünkü müsahibimiz Telman Mayıl oğlu Əhmədov döğulduğu gündən torpaqla əlləşib, onun yetirdiyi ruzi ilə qidalanıb, torpaq uğrunda savaşıb və bu gündə topaqla bir qismət halal çörəyini qazanır.

HAŞİYƏ

Hər müsahibəyə gedəndə danışdıracağım şəxsi əvvəlcədən tanımağa çalışıram. Hətta əlini sıxıb salamlaşanda belə çox şey mənə bəlli olur. Bəli, bu dəfə Telman bəyin əlini sıxmaq şərəfini yaşadım. Adamın əlləri çopur-çopurdur, səbəb isə bayaqdan adını dəfələrə yazdığım Torpaqdır. Bir insan ömrü bu qədərmi torpağa bağlı olar?

Susqun, amma içi doludu…

Telman bəy olduqca susqun, içinə qapanan adamdır. Əslində belə müsahiblərim çox olduğundan onları danışdırmaq mənə o qədər də çətin gəlmir. Amma hər kəsə bəllidir ki, belə susqun insanların içi dolu olur. İndi gəlin, susqun adamın içindəkilərlə tanış olaq.

Telman Mayıl oğlu Əhmədov 1971- ci il oktyabrın 14- də Ucar rayonunda anadan olub. Burada boya-başa çatıb, orta məktəbi bitirdikdən sonra 1989-cu ildə sovet ordusunda hərbi xidmətə yola düşüb. Hazırda ailəlidir, iki övladı var. Ailəsini kənd təsərrüfatı ilə məşğul olub dolandırır. Qarabağ qazisi olaraq pensiya alır, imtiyazlarından yararlanaraq maşın və ev də alıb.

-Telman bəy, sizcə, müharibə nədir? Niyə insanlar döyüşür, ölür, qazi olur?

“Hərə bir yolla Rusiyaya, or-bura qaçırdı ki, müharibəyə getməsin”

- Əvvəlcə özüm haqda qısa məlumat verim: Ailəm kolxozçu olub. Biz gözümüzü dünyaya kədərlə, kasıbçılıqla, namuslu qazancla ailəsini dolandıran bir kişinin ocağında açmışıq. Müharibə faciə deməkdir, iki tərəfin bir-biri üzərindəki oyundur. Böyük güclərin silah alveri nəticəsində yaranan bir dəhşətdir müharibə. Bizlər, yəni döyüşənlər müharibənin qurbanlarıyıq. Belə deyək, onlar bizim vətənimizi, insanımızı müharibəyə sövq edir və biz də bu dəhşətin qucağına düşürük.

Uşaqlığımdan halal zəhmət və əziyyəti dadmışıq. O vaxt hamı sovet ordusunda xidmət keçirdi. Mən də Ukraynadakı hərbi xidmətimi başa vurub qayıdıb gəldim vətənə və qısa müddətdən sonra, Qarabağda vuruşmaq üçün komandirlərə müraciət etdim. Onu da deyim ki, (bunu naşükürlük kimi qəbul etməyin) kasıbın heç bir işi, hətta bu, savab gətirsə belə asan olmur. Mənim də döyüşmək arzum asan başa gəlməyib. Düşünün, bir insan könüllü döyüşə getmək istəyir, amma kimsə onu qəbul etmir. Ancaq bizim vaxtımızda hərə bir yolla Rusiyaya, ora-bura qaçırdı ki, savaşa getməsin. Nə isə elə oldu ki, mən milli qəhrəman Şirin Mirzəyevdən xahiş etdim, hətta yalvardım ki, mənim də döyüşə getməyimə icazə versin. Və o, məni yanına aldı, beləliklə, döyüş yolum başladı.

Yaşayış üçün apardığım mübarizə indi Torpaq üçündür!

-Tarladan başlayan həyatda qalmaq mübarizəsi yenidən başqa bir formada davam elədi. Əvvəllər hamı kimi mənə də çətin idi. Çünkİ o vaxtlar nizami ordu yeni yaranmışdı və geyimimiz, silahımız, yeməyimiz ən əsası konkret başçımız yox idi. Məni əvvəlcə polisə yönəltmək istəsələr də, razılaşmadım. Çünki arzum hərbçi olmaq idi. Beləliklə, getdim döyüşə. Müxtəlif əməliyyatlarda iştirak etmişəm. 1992 ci il mayın 8-i möhtəşəm irimiqyaslı hücum planı hazırlandı. Dedilər ki, Qarabağın açarı Əsgərandır. Ağdam istiqamətinə hücuma keçdik. Əməliyyat ürəyimiz istəyən kimi davam edirdi, amma hücumu yarıda kəsdilər, bizə geri çəkilməyimiz barədə xəbər gəldi. Təəssüf ki, geri çəkildik.

Niyə axı bütün uğurlu əməliyyatlarımız yarıda kəsilir!?

-1992-ci ildə iştirak etdiyim əməliyyat ən uğurlu əməliyyat idi. Döyüşdüyüm illərdə həmişə tək düşündüyüm şey bu olub: Niyə axı bütün uğurlu əməliyyatlarımız yarıda kəsilir? Niyə içimizdəki satqın, yüksək rütbə və postda əlini-qollunu sallayanlar əsgərlərimizin ölümünə, torpağımızın işğalına səbəb olurlar, amma ona kimsə gözün üstdə qaşın var demir?

“Nə vaxt böyük əməliyyatlarda qırıcılar gəlirdisə, onda da yalnışlıqla öz əsgərlərimizi bombalayıb məhv edirdi”

Bax bu sual 25 ildir bütün həqiqi döyüşçüləri düşündürür. Söhbətimin davamını edim: Həmin möhtəşəm əməliyyatda 2 saat ərzində bir erməni kəndini alıb, iki kəndini isə dağıtmışıq. 110 erməni əsir götürmüşdük.

Rusların bütün silahı, texnikası, əsgəri ermənilər üçün vuruşurdu…

-Digər bir əməliyyat isə Fərrux dağında oldu, döyüsdük, itkilərimiz və yaralılarımız olmadı. Bu onu da göstərirdi ki, biz doğrudan da komandirlərimizin başçılğı altında canla-başla döyüşürük. Döyüş yolum sonra Ağdərədən də keçdi. Bilirsiniz ki, Ağdərə çox yüksəklikdədir və olduqca soyuq iqlimi var. O vaxt bizim əsgərlər orada ən çox soyuqdan həlak olurdu. Oraya texnikanı da vaxtında qaldırmaq olmurdu. Dağlıq ərazilərin döyüş uğurları ancaq qırıcılar və yüksək səviyyəli helikopterlərdir. Ancaq bizim həmin dövrlərdə elə yüksək qırıcımız, helekopterimiz yox idi. Nə vaxt böyük əməliyyatlarda qırıcılar gəlirdisə, onda da yalnışlıqla öz əsgərlərimizi bombalayıb məhv edirdi, sonradan erməniyə bomba atırdı. Ağdərə döyüşlərinin birində 9 gün mühasirədə qalmışam. Düşmən tərəfi helikopterlə hücuma keçmişdi, biz həmin ərazidən çıxa bilmirdik. Onu da qeyd etməliyəm ki, rusların bütün silahı, texnikası, əsgəri ermənilər üçün vuruşurdu. Biz isə meydanda tək qalmışdıq. Elçibəyin vaxtında Türkiyə də bizə istənilən dəstəyi vermədi, İran isə həmişəki kimi xain mövqedə idi. Bəzən düşünürəm ki, bu qədər düşmənla biz necə uğurlar əldə edirdik? İçəridəki satqınlar, xain İran, düşmən Rusiya, köməyini əsirgəyən Türkiyə, amma silahsız, nizami ordusuz Azərbaycan dim-dik ayaqda idi. Daha sonra isə mən Vəng kəndində gedən döyüşlərdə iştirak etmişəm. Orada da vəziyyət ağır idi.

Qəhrəmanlarımızın yoxluğu, Qarabağın da yoxluğu demək idi!

- Bilirsiniz ki, sonra nələr baş verdi və Kəlbəcər erməniyə təslim edildi. Nəhayət, 1993-cü ilin iyun-iyulunda, Ağdam rayonunun Muğanlı kəndi istiqamətində gedən döyüşlər zamanı yaralandım. Həmin vaxtlar bir qardaşım da Füzuli istiqamətində döyüşürdü. Mənim yaralandığım döyüş dəhşətli idi. Erməni -rus birliyi bütün gücü ilə üstümüzə gəlirdi. Artıq rəhmətlik milli qəhraman Allahverdi Bağırov, Şirin Mirzəyev planlı şəkildə şəhid edilmişdi. Onlar ikisi də eyni qaydada minaya düşərək qəhrəmancasına həlak olmuşdular. Qəhrəmanlarımızın yoxluğu Qarabağın da yoxluğu demək idi. Sonralar yaram ağır olduğundan döyüşə getməyim çətin oldu. Elə indi də yaralarımın acısını yaşayıram. Məni ağrıdan yaralarım yox, elə möhtəşəm əməliyyatların dayandırılması, sabahın aydınları olan əsgər dostlarımın şəhid edilməsi və bu gün mənim kimi yaşayarkən ölü olanların varlığıdır.

-Telman bəy, indi təsərrüfatla məşğul olursunuz. Hər halda ətrafınızda baş verənləri izləyirsiniz.İnsanından tutmuş münasibətlərə qədər hansı fərqi hiss edirsiniz?

Bir erməniyə inanmaq sadəlövlük olardı, amma…

-Təbii ki, fərq var. Məncə, bu da normaldır. Amma istərdim ki, dünyada sülh olsun, uşaqlarımız silahla yox, topla, qələmlə, kitabla böyüsünlər. Bizim yaşadıqlarımızı əsla yaşamasınlar. Ona görə də müharibələrin baş verməməsi üçün biz əlimizdən gələni etməliyik. Məsələn, mən ermənilərə nifrət edirəm, amma əminəm ki, onların da gəncləri bu müharibə oyununa qoşulmaq istəmir. Bunu mən onlardan əsir götürdüyümüz şəxslərdən yüzlərlə dəfə eşitmişəm. Söz yox, bir erməniyə inanmaq sadəlövlük olardı, ancaq həqiqətən müharibəyə yox deyən hər millətin nümayəndələri var. Məncə, gənclərimiz bütün hallarda müharibə ilə bağlı mariflənməlidirlər. Bu isə təəssüf ki, azdır. Bəzi gənclərimiz heç kimə lazım olmayan, bizə xeyir gətirməyən işlərlə məşğul olurlar. Mən təhsilli deyiləm, amma gənclərimizin hər birinin savadlı olmasını istəyirəm. Təhsilimiz, elmimiz güclü olsa bütün sahələrdə uğur qazanarıq. Bunu dünya praktikasında özümüz də açıq-aydın görürük.

Biz qələbəni Şuşada, Laçında yox, Zəngəzurda qeyd edəcəyik!

- Bu günkü ordumuza güvənim sonsuzdur. Şablon da olsa, bunu yazın: Biz, inşallah, qələbəni Şuşada, Laçında yox, Zəngəzurda qeyd edəcəyik. Sağ olsun hökumətimiz, az da olsa bizlərə imtiyazlar verib, amma aramızda illərlə döyüşüb haqqını ala bilməyənlər də var. İstərdim onlar da haqqını alsın, torpaqlar geri qaytarılsın və şəhidlərin ruhu bizləri bağışlasın.

Nihat Cəbrayıl
musavat.com
Diaspora