Şəhid anası uzun illər sonra balasının məzarını ziyarət etdi - TƏFƏRRÜAT

Şəhid anası uzun illər sonra balasının məzarını ziyarət etdi - TƏFƏRRÜAT backend

QAZİLER.AZ saytı xəbər verir ki, 20 il öncə oğlu Qarabağda şəhid olan ana, nəhayət, oğlunun Bakıda - II Şəhidlər xiyabanındakı məzarını ziyarət edib! 1997-ci ildə düşmən arxasına keçərək kəşfiyyat əməliyyatı aparan zaman mühasirəyə düşən, ancaq təslim olmayıb sona qədər döyüşüb şəhid olan yeddi döyüşçümüzdən biri - Nizami Ələkbərovun anası Ağdamdan balasının məzarını ziyarətə gəlib!

Əslində şəhid anasının balasının məzarını ziyarət etməsi adi bir haldır, burada qeyri-adi heç nə yoxdur. Amma məsələ ondadır ki, N.Ələkbərovun 83 yaşlı anası Turan Ələkbərova, əvvəllər gələ bilsə də, uzun illərdir balasının Bakıdakı məzarını ziyarət edə bilmir. Çünki onun bu illər ərzində Ağdamdan Bakıya gəlməyə maddi və fiziki imkanı olmayıb.

Məsələdən xəbər tutan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon şöbəsinin rəisi, mayor Feyziyev Elxan novruz bayramı qabağı şəhid anasının Ağdamdan Bakıya gətirilərək, oğlunun məzarını ziyarət etməsini təşkil edib.

Ziyarətdə şəhidin Ağdamdan gəlmiş bacısı, yaxın qohumları, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü Emin Həsənli, Azərbaycanın Milli Qəhrəmanı Asif (Fred) Məhərrəmov adına inkişaf Fondunun rəhbəri Ədalət Məhərrəmov, Qarabağ qazilər birliyinin rəsmiləri, istefada olan polkovnik, şəhid kəşfiyyatçıların komandiri Xətai Baxışov da iştirak edib.

Qeyd edək ki, 1997-ci il aprelin 7-də iki kəşfiyyat qrupu xüsusi tapşırıqla Qarabağa göndərilir. Qruplar düşmənin arxasına keçərək tapşırığı yerinə yetirir. Biri qrup sağ-salamat geri dönsə də, ikinci qrup düşmənlə qarşılaşıb. Qeyri-bərabər döyüş başlayır. Ermənilər kəşfiyyat qrupunu mühasirəyə alır və təslim olmalarını tələb edirlər. Lakin döyüşçülərimiz təslim olmayaraq sona qədər döyüşürlər.

Kəşfiyyatçılarımız düşmənin xeyli canlı qüvvəsini məhv edir. Güllələri qurtardıqda düşmənin əlinə keçməmək üçün özlərini qumbara ilə partladırlar. 8 nəfər heyətdən ibarət olan qrupun 7 -üzvü Şəhid olur, onlardan biri Əhmədov Aqil Mürsəl oğlu ağır yaralanaraq huşsuz vəziyyətdə əsir düşür. Erməni məhkəməsi Aqilə güllələnmə də kəsir. Ancaq uzun sürən danışıqlardan sonra Aqili dəyişmək mümkün olur.

Şəhidlərimizin nəşi həmin il oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin səyi nəticəsində erməni cəsədləri ilə dəyişdirilərək, iki gün sonra 16 oktyabrda Bakıda II Şəhidlər Xiyabanında dəfn edilib. Şəhid kəşfiyyatçılarımız mərhum prezident Heydər Əliyev Azərbaycan Bayrağı ordeni ilə təltif edib:

Leytenant Ağayev Elxan Ataxan oğlu:
Leytenant Yarəhmədov Vüqar Rzaxan oğlu:
Çavuş Rzayev Anar Üzeyir oğlu;
Çavuş Mustafayev Dinar İbrahim oğlu;
Çavuş Həsənov Aqşin Əli oğlu;
Çavuş Ələkbərov Nizami Səfi oğlu;
Çavuş Cavadov Fariz Şamil oğlu;
Çavuş Əhmədov Aqil Mürsəl oğlu. (Sağdır)

Qaziler.az






Diaspora