Ötən il cəbhədə baş verən aprel hadisələrinin ildönümünə bir aydan da az vaxt qalır.
Aprel döyüşlərində işğalçı Ermənistan ordusu özgə torpaqlarında apardığı savaşın nəticəsi olaraq 320-dən çox hərbçisini itirdi. Azərbaycan ordusu isə işğal altında olan torpaqların azad edilməsi zamanı şəhidlər verib.Ötən bir il ərzində atəşkəs mütəmadi olaraq pozulub. Azərbaycan tərəfinin ərazilərimizin kiçik bir hissəsinin işğaldan azad edilməsi faktını qəbul etməyən düşmən tərəfi, cəbhə boyu gərginlik yaratmaqda davam edib.
Bəs ötən bir il ərzində Azərbaycan və Ermənistan tərəfinin qazandıqları və itirdikləri nə oldu?
Məsələ ilə bağlı Modern.az saytına danışan hərbi ekspert Üzeyir Cəfərov deyir ki, ötən bir il ərzində Ermənistan üçün heç də xoş olmayıb.
“Baxmayaraq ki, aprel hadisələrinin ildönümünə bir aydan bir qədər az müddət qalıb, amma Ermənistan cəmiyyətində ötən il Ermənistanın yaşadığı rəzalət, rüsvayçılıq yavaş-yavaş üzə çıxmaqdadır. Keçən il ermənilər az qala özlərini qəhrəman kimi göstərirdilər. Bu qəhrəmanlıqdan bu günə əsər-əlamət qalmayıb. İş o yerə çatdı ki, müdafiə naziri, Baş Qərargah rəisi dəyişib. Keçmiş müdafiə naziri Seyran Ohanyan dünənə qədər Serj Sarkisyanla cinayətkar yoldaş olublar. Qarabağın işğal prosesində iştirak ediblər. Artıq Seyran Ohanyan da açıq şəkildə Sarkisyanın idarəetməsindən narazılığını bildirib. Əvvəlki illərdə görmədiyimiz mənzərə ilə üzləşirik. Bir-birlərini açıq şəkildə ittiham edirlər.
Aprel hadisələrinin davamı gəlməkdədir. Dünən Ermənistan baş naziri Karen Karapetyan belə bir fikir səsləndirib ki, ötən ilin aprelində onların uğursuzluğunun bir səbəbi yanacağın keyfiyyətsiz olmasıymış. Birbaşa ordu rəhbərliyini korrupsiyada, rüşvətxorluqda günahlandırıb. Bunun cavabını da dərhal Seyran Ohanyan verib. Yaxın günlərdə Ermənistanda daha maraqlı, daha ciddi toqquşmaların şahidi olacağıq. Ohanyan deyir ki, onu bəzi faktları açıqlamağa məcbur etməsinlər”.
Azərbaycanın qazandıqlarına gldikdə isə hərbi ekspert bildirib ki, Ordumuz bunu sübutlarla həyata keçirib.
“Baxmayaraq ki, düşmən tərəfi Azərbaycanın əldə etdiyi uğuru aşağılamaq istəyirdi. Bu onlara müəssər olmadı. Azərbaycan isə bu yaxınlarda işğaldan azad edilmiş Lələ təpənin yaxınlığındakı Cocuq Mərcanlıda yaşayışın bərpası prosesinə start verdi. Tamam olmayan bir il ərzində ermənilər çoxlu sayda itkilərə məruz qalıblar. Xeyli sayda şəxsi heyət itiriblər. Hesab edirəm ki, aprel hadisələri çox incələnəcək. Prinsip hesabı ilə Azərbaycanın fəaliyyəti aprellə məhdudlaşmır. Ərazilərimiz tam işğaldan azad olunana qədər fəaliyyətimiz davam edəcək. Ermənilər nə qədər çevik və düzgün qərar qəbul etsələr, ən azı öz vətəndaşlarına (əgər öz vətəndaşlarına vətəndaş kimi yanaşırlarsa) həyatını qorumuş olacaqlar. Görünən odur ki, Ermənistan aprelin 2-də keçiriləcək parlament seçkiləri öncəsi bütün cəbhə boyu vəziyyəti gərginləşdirməkdə maraqlıdır. Çünki daxildə olan narahatlığı aradan qaldırmaq lazımdır. Bu səbəbdən də diqqəti Qarabağa yönəltmək istəyirlər.
Azərbaycan Silahlı Qüvvələri istənilən halda hücumları dəf etməyə hazırdır. O səbəbdən ki Azərbaycan Silahlı Qüvvələri bilir ki, torpaqların azad edilməsi onların üzərinə düşür. Beynəlxalq qurumlar da yaranmış vəziyyətdən real nəticə çıxarsalar yaxşı olar”.