Türkiyənin İzmir şəhərində Xocalı faciəsinin qurbanları yad edilib. “Report”un Türkiyə bürosu xəbər verir ki, İzmirin Karabağlar Bələdiyyəsinin sədri Muhittin Səlvitopu tədbirdən əvvəl Azərbaycan diaspor təşkilatlarının nümayəndələri, qeyri-hökumət təşkilatlarının üzvləri, Milli Məclisin deputatı Qənirə Paşayeva ilə görüşüb.
Görüşdə Xocalı faciəsinin unudulmaması üçün İzmirin ən yüksək səmtlərindən birində “Azərbaycan Qarabağ Xocalı parkı”nı açdıqlarını deyən bələdiyyə sədri qonaqlarla bərabər parkda təşkil olunmuş tədbirə qatılıb. Dağlıq Qarabağ vilayətinin sakinlərinin də qatıldığı tədbirdə əvvəlcə Xocalı soyqırımının qurbanları bir dəqiqəlik sükutla yad edilib.Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndikdən sonra “Xocalı soyqırımı” sənədli filmi nümayiş olunub. Filmdə Xocalıda ermənilərin dinc əhaliyə qarşı törətdikləri vəhşi cinayət ekranlara gətirilib. Karabağlar Bələdiyyəsinin rəhbəri Muhittin Səlvitopu Azərbaycan türkləri və Dost Dərnəklər Federasiyasının təşəbbüsü ilə Xocalı qurbanlarını canlandıran abidənin İzmirin ən yüksək zirvəsinə qoyulduğunu bildirib: "Bu park və abidə sayəsinə izmirlilər Xocalını bir gün deyil, hər gün xatırlayacaqlar”.
Azərbaycan türkləri və Dost Dərnəklər Federasiyasının sədri İsa Ambarcı Xocalı soyqırımı qurbanlarının xatirəsini yaşatmaq məqsədilə Xocalı parkının açılması ilə bağlı fəaliyyətə bir il əvvəl başlanıldığını və bu işin Xocalını yaddaşlardan silməyə çalışanlara tarix dərs olacağını dilə gətirib.
Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev də Xocalı faciəsinin unudulmaması üçün İzmir bələdiyyələrinin verdiyi dəstəyin təqdirəlayiq olduğunu, bu ənənənin davam etməsi üçün diasporanın çalışacağını deyib.
Abidənin və parkın açılışında əhəmiyyətli rolu olan Azərbaycanın İstanbuldakı baş konsulu Məsim Hacıyev də Xocalının anım günündə belə bir işin ortaya qoyulmasını böyük uğur adlandırıb. Millət vəkili Qənirə Paşayeva Xocalıda yaşanan zülmləri tarixi faktlarla tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Bələdiyyə sədri Muhittin Səlvitopu qonaqlarla bərabər Karabağların Salih Omurtak məhəlləsində yerləşən “Azərbaycaqan Qarabağ Xocalı parkı"ndakı abidənin açılışını reallaşdırıblar. Xocalı faciəsi haqqında tarixi məlumat və öldürülmüş körpəsini başı üstünə qaldıraraq fəryad edən ananın təsvir olunduğu qara mərmərdən hazırlanmış abidənin önünə qərənfillər qoyulub.
Bələdiyyə sədri və rəsmi qonaqlar geniş ərazidə yerləşən "Azərbaycan Qarabağ Xocalı parkı"nı gəziblər.
İzmirdə Xocalı soyqırımının qurbanlarının yad edildiyi digər bir ünvan ötən il Xocalı faciəsinin anım günü açılışı reallaşan Bornova rayonundakı “Azərbaycan Dostluq Parkı” və bu parkdakı “Xocalı soyqırımı” abidəsi olub.
Azərbaycanın İstanbuldakı baş konsulu Məsim Hacıyev, Bornova bələdiyyəsinin rəhbəri Olgun Atilla, diaspor təşkilatları, ictimayyət nümayəndələri və yerli sakinlərin iştirak etdiyi tədbirdə Xocalı faciəsinin qurbanlarının ruhuna dualar oxunub, abidə önünə qərənfillər qoyulub.