Fevral 23-ü Azərbaycannın Düşənbədəki səfirliyində Xocalı soyqırımının 25-ci ildönümünə həsr edilmiş geniş tədbir keçirilib.
Səfirliyin foyesində Xocalı soyqırımı hadisələrini əks etdirən şəkillərdən ibarət fotostend qurulub, azərbaycan, rus və ingilis dillərində kitablar nümayiş etdirilib və paylanılıb.Tədbirdə Tacikistanın dövlət, hökumət və nazirliklərinin nümayəndələri, həmçinin, elm-mədəniyyət xadimləri və ali təhsil müəssisələrinin rəhbərləri, həmçinin Tacikistanda akkreditə olunan diplomatik nümayəndəliklərin rəhbərləri, yerli diaspora və KİV nümayəndələri iştirak ediblər.
Tədbirdə Özbəkistandakı səfirliyimizin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə özbək tarixçisi Şuxrat Salamovun “Türküstan və Cənubi Qafqaz XIX-XX əsrlərdə”, “Daşnaklar: Fərqanədən Qarabağa qədər” və “Qarabağ: ideyalar müharibəsi” kitabları əsasında çəkilən “Daşnaklar Fərqanədən Qarabağadək” adlı film (rus dilində) və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət” kampaniyası çərçivəsində hazırlanan “Sonsuz dəhliz” (Endless Corridor) (ingilis dilində) adlı sənədli filmlər nümayiş edilib.
Xocalı qətliamında həlak olmuş Şəhidlərin Xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Səfir Abbasəli Həsənov tədbirə qatıldıqlarına görə iştirakçılara təşəkkürünü bildirib, Xocalı soyqırımı hadisələrinin təfərrüatları barəsində toplantı iştirakçılarına ətraflı məlumat verərək bildirib: “1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri Xankəndi şəhərində yerləşdirilən keçmiş SSRİ-nin 366-cı motoatıcı hərbi alayının köməyi ilə silahsız və köməksiz Xocalı şəhərinə hücüm edib, əvvəlcə şəhər dörd tərəfdən erməni qoşunları tərəfindən mühasirəyə alınıb, sonra isə erməni hərbçiləri Xocalıya artilleriya və ağır hərbi texnikadan güclü və amansız atəş açmış, az bir vaxt ərzində şəhərdə yanğın baş verib, şəhər tamamilə alova bürünübdür. Müharibədən əvvəl şəhərin əhalisi təqribən 7000 nəfər təşkil edirdisə, hücum ərəfəsində bu rəqəm yarıya qədər azalıbdı. Şəhər hər tərəfdən mühasirəyə alındığından, yeganə əlaqə vasitəsi kimi helikopterlər idi. Lakin bu əlaqə də hücumdan bir neçə gün öncə kəsildi. Erməni yaraqlıları Xocalıdan uçan helikopteri vuraraq, içində 40 sərnişin olmaqla bütün heyət həlak olubdur. Beləliklə, Xocalı şəhəri hər tərəfdən mühasirəyə alınıbdır.”
Səfir Abbasəli Həsənov tədbir iştirakçılarının diqqətinə çatdırıb ki, cinayətkar erməni qoşunlarının vəhşiliyi nəticəsində, Xocalı əhalisindən 613 nəfər öldürülmüş, 487 nəfər əlil olmuş, 1275 nəfər dinc sakin - qocalar, uşaqlar, qadınlar əsir götürülərək, ağlasığmaz erməni zülmünə, təhqir və həqarətlərə məruz qalıblar. 150 nəfərin taleyinin hələ də məlum olmadığı qeyd edilən bu qətliamın əsl soyqırım olduğu, öldürülən 613 nəfərdən 106 nəffərin qadın, 63 nəfərin uşaq, 70 nəfərin isə yaşlı insanlar olduğu qeyd edilmiş, 8 ailənin tamamilə məhv edildiyini, 24 uşağın hər iki valideyindən, 130 uşağın isə valideylərindən birindən məhrum olduğu diqqətə çatdırılıb, 56 nəfərin xüsusi amansızlıqla qətlə yetirlidiyi, onların diri-diri yandırıldığı, başlarının kəsildiyi, üzlərinin dərisinin soyulduğu, körpə uşaqların gözlərinin çıxarıldığı, süngü ilə hamilə qadınların qarınları yarıldığı barədə məlumat verilib.
Səfir Abbasəli Həsənov çıxışına davam edərək bildirdi ki, Xocalı şəhəri dağlıq ərazidə yerləşdiyindən, qış fəsli orada sərt formada keçir. Şəhərə hücum zamanı, qaçaraq canını qurtarmağa çalışan qadın, uşaq, yaşlıların bir çoxu şaxtadan həlak olub. Çox az bir sayda insanlar həmin dəhşətli gecədə sağ qalıblar.
Səfir bildirdi ki, “Qətliamdan bir neçə gün keçməsinə rəğmən, Azərbaycan tərəfinin meyitləri götürməsi mümkün olmayıb. Erməni tərəfi hər vəcdlə buna mane olmağa çalışırdı. Həmin dövrdə hadisələri canlı sürətdə çəkərək dünya ictimaiyyətinə çatdırmağa çalışan və müxtəlif ölkələrdən olan jurnalistlər gördüklərindən dəhşətə gəliblər. Məhz onlar gördükləri dəhşəti sonralar dünya ictimaiyyətinə çatdırmağa başlayıblar.”
Səfir Abbasəli Həsənov qeyd edib ki, “Ermənistan dövlətinin Qarabağ müharibəsi nəticəsində regionda həyata keçirilən böyük layihələrdən kənar qalması ilə nəticələnibdir. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Bakı-Tbilisi-Qars dəmir yol xətti və b. regional layihələr Ermənistandan yan keçərək, ölkənin daha da dərin böhrana salıbdır. Erməni ictimai xadimləri, jurnalistlər Bakıya gələrək, Azərbaycan xalqından üzr istəyərək Xocalı soyqırımını tanıdıqlarını bildirirlər. Ermənilərin özləri də, xüsusən erməni ziyalıları dəfələrlə bildiriblər ki, bu müharibə Ermənistana bədbəxtlikdən başqa heçnə verməyib və bu müharibədə məğlub tərəf Azərbaycan deyil, Ermənistandır".
Səfir bildirdi ki, Xocalı qətliamının əsəs müqəssirlərindən olan hazırki Ermənistan prezidenti Serj Sarkisyan britaniyalı jurnalist Tomas de Vaala müsahibəsində deyib: “Xocalıdan qabaq azərbaycanlılar düşünürdü ki, ermənilər mülki əhaliyə əl qaldıra bilməyən xalqdır. Biz bu stereotipi qırdıq”.
Sonra Səfir Abbasəli Həsənov çıxışına davam edərək bildirdi ki, Azərbaycan xalqı əmindir ki, Prezident İlham Əliyevin qətiyyəti və müdrik siyasəti nəticəsində Azərbaycan işğal edilmiş torpaqları erməni işğalından azad edəcək, Azərbaycan torpaqlarının bir qarışı belə işğal altında qalmayacaq.
Tacikistanın xalq şairi və dövlət himninin sözlərinin müəllifi Qulnazar Keldiyev çıxış edərək, 1992-ci ilin fevralında ölkəsində baş verən qarşıdurma barədə məlumat verərək, bunu törədənləri və bunlara rəhbərlik edənləri daşnaklarla eyniləşdirib, daşnak ideyalarının bu gün də mövcud olmasında dərin təəsssüf hissi keçirdiyini bildirib. Q.Keldiyev Azərbaycan dövlətinin və xalqının qarşısına çıxan bu çətinliklərin öhdəsindən əzmkarlıqla gəldiyini qeyd edərək, işğal altında olan torpaqları tezliklə qaytaracağına inandığını bildirdi.
Xocalı Soyqırımı şəhidlərinin əziz xatirəsinə ehsan süfrəsi verildi.
Tədbir barədə Tacikistanın “Cahonnome” televiziya kanalı tərəfindən reportaj hazırlanıb.