Səfir: “Bu il Xocalı soyqırımını rəsmi tanıyan ölkələrin sayı artıb“

Səfir: “Bu il Xocalı soyqırımını rəsmi tanıyan ölkələrin sayı artıb“ backend

Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı Azərbaycanın Litvadakı səfirliyi Vilnüs şəhərində silsilə tədbirlər keçirib.

Səfirlikdən “Report”a verilən məlumata görə, ilk tədbir Litva Seymindəki Azərbaycanla Parlamentlərarası əlaqələr üzrə qrup və Avropa Azərbaycan Cəmiyyəti (TEAS) ilə birgə Vilnüs şəhər Sarayında (Ratuşa) Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunub.
Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra çıxış edən Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə Xocalı soyqırımını XX əsrin əvvəllərindən başlayaraq ermənilər tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin ən qanlı səhifəsi adlandırıb.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılması üçün həyata keçirilən beynəlxalq maarifləndirmə kampaniyasının uğurlu olduğunu qeyd edən səfir, bu il Xocalı soyqırımını rəsmi tanıyan ölkələrin sayının artdığını vurğulayıb.
Çıxışlardan sonra tədbir iştirakçılarına Xocalı soyqırımı ilə bağlı Heydər Əliyev Fondu tərəfindən hazırlanan və səfirliyin Litva dilinə tərcümə etdirdiyi qısa metrajlı film (video təqdimat) nümayiş olunub.
Daha sonra qonaqlar üçün Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr edilmiş musiqi proqramı təqdim edilib.
Növbəti gün Litva Milli Qan Mərkəzində Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr edilən “Həyat üçün qan” adlı qanvermə aksiyası keçirilib. Qanvermə aksiyasının əsas məqsədi Litvada qanazlığından əziyyət çəkən xəstələrə kömək etmək olub.
Qanvermə aksiyasında səfir, səfirliyin əməkdaşları, Litvada təhsil alan Azərbaycanlı tələbələr və Litvalılar iştirak ediblər. Milli Qan Mərkəzinin məlumatına əsasən aksiya zamanı 42 nəfər qan verib.
Litva Soyqırım Muzeyində Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunan fotosərgi də açılıb. Muzeyin sərgi zalında Xocalı soyqırımı zamanı çəkilmiş 20-dək fotoşəkil nümayiş olunub. Fotosərgi iki həftə nümayiş olunacaq.
Diaspora