Gördüm: insanlar eşitməyin acıdı. Beyləqanda, Xocavənddə, Bərdədə,Tərtərdə, mötəbər adamlarla görüşdük. İlahi, azərbaycanlılar neçə də yaxşıdırlar, necə həlim, istiqanlı, söhbətcildirlər. Vəzifələrindən asılı olmayaraq, onlar bizim hər sözümüzdən pardaxlanır, günəşə boylanan novruzgülü kimi qanadlanırdılar. Onlar bizdən hər şey haqqında soruşurdular, biz onlara hər şey haqqında məlumat verirdik. Gözlər gülür, çöhrələr nurlanır, düşüncələr su misalı axırdı. Hə və hə... adamların ayağına getmək lazımdır. Onlara danışmaq, hər şeyi danışmaq lazımdır. Gizlətmək olmaz. Bizim aramızda sirr qalmamalıdır. Bir-birimizdən şübhələnməməliyik.
Gecə saat 2-ni keçib. Biz söhbətləşirik. Yuxu da həvəslə dinləyir. Deyəcəklərimiz, eşidəcəklərimiz o qədər çoxuydu ki, yatmadıq. Həyatımız çoxaldı.Bütün bu gözəlliyi "Kitabi- Dədə Qorqud" dastanının izi ilə bölgələrə etdiyimiz səfər çərçivəsində yaşadıq. Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayevin rəhbərliyi və iştirakı ilə 3 gün 30 günə bərabər oldu. Yəni 27 günlük ehtiyat qazandıq. Hər səfərdə belə qazanc insanı min il yaşadar.
Aprelin 11-13-ü tarixlərinə beynimizin rahat küncündə yer ayırdıq. Beynimizin içini hər dəfə səyahətə çıxanda onunla rastlaşacaq, hal-əhval tutacaq, zarafatlaşacaq, biz onu unutmayaq deyə, daha nələr etməli olduğumuzu soruşacağıq, onun bizi həmişə xatırlamasına geniş imkanlar açacağımıza söz verəcəyik.
Prezident sərəncamının ruhuna qoşulduq
Alman şərqşünas alimi Haynrix Fridrix Fon Ditsin ruhunu ehtiramla anacağıq. «Kitabi-Dədə Qorqud» abidəsini 200 il əvvəl o, nəşr etdirərək dünya aləminə tanıdıb. Qiymətini də alıb. Azərbaycan Prezidenti İlham Əliyev 200 illik tarixin möhtəşəmliyinə hesablanan Sərəncam imzalayıb. Sərəncamda, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin də adı çəkilib. Hər iki qurum Sərəncamdan əvvəl də "Kitabi- Dədə Qorqud" dastanının Azərbaycan xalqının əxlaq, mənəviyyat, yaşam, bir sözlə, varlıq dastanı olduğunu nəzərə alaraq, xeyli sayda tədbirlər keçirib.
""Kitabi-Dədə Qorqud" − Haynrix Fridrix fon Dits − 200" beynəlxalq kollokviumunun adını xüsusi çəksəm, yəqin oxucunu yormuş olmaram. 15-ə yaxın xarici ölkənin alinləri Bakıya toplaşdı və belə bir dastanı olan xalqın üstün cəhətlərindən danışmaqla yanaşı, bu cəhətlərin, xüsusən də multikultural ənənəyə malikliyin dünyaya töhvə olduğunu bəyan etdilər. Azərbaycan yaşam fəlsəfəsi ilə dünya xalqlarına nümunə ola biləcək səviyyədədir. Bu, "Kitabi Dədə Qorqud"u oxuyanda bir daha aydınlaşır. Məşhur xarici alimlər də bu aydınlığın işığına toplaşmışdılar.
Davamı öz bölgələrimizdə keçirildi. Beyləqan-Xocavənd-Bərdə-Tərtər. "Kitabi Dədə Qorqud"un izinə düşüb elə yollardan keçdi ki, hər addımda qarşımıza çıxanların fərəhlərindən fərəhləndik. Səfər proqramını hazırlayanda Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyinin əməkdaşları: Anna Bayramova, Sərraf Hüseynov, Ceyhun Məmmədov, Azər Fərzəliyev marşrutu dəqiqliklə cızdılar. Sərraf müəllimlə və Ceyhun müəllimlə yol-yoldaşı olduq. Qayğımızı çəkdilər. Kaş imkan yarana, borclarından çıxa bilim.
Müxtəlif xalqların bir dili - Vətən dili
Azərbaycan Milli Elmlər Akademiyasının alimləri, Bakı Slavyan Universitetinin müəllim və tələbələri, Bilik Fondunun könüllüləri 4 məktəbin şagirdləri də bizimlə idi. "Kitabı - Dədə Qorqud" dastanındakı qəhrəmanların tarixi izlərinin olduğu güman edilən Xocavəndə gəlmişdik. Bizi lap nağıllardakı kimi qarşıladılar. İcra başçısı Eyvaz Hüseynov Kamal Abdullayevi və onun rəhbərlik etdiyi nümayəndə heyətini bu ərazilərdə görməkdən məmnunluq duyduğunu dilə gətirdi. Bir vaxtlar bu torpaq uğrunda şəhid olanların ruhu da, dəqiq deyə bilərəm ki, zaldaydı. Onlar məhz bu gün üçün vuruşaraq canlarından keçmişdilər. Müharibə adamı olan Eyvaz müəllim Nərgiztəpə yüksəkliyi uğrunda gedən döyüşlərdən danışırdı. Ermənilər Nərgiztəpəni nəyin bahasına olursa-olsun almaq istəyirlərmiş. Qaraca Cobanın məzarının məhz burda olduğu güman edilir. Məkrli düşmən tarixi xeyrlərinə dəyişib Dədə Qorquda sahib çıxmaq istəyirlərmiş. Alınmayıb. Qəhrəman oğullar son damla qanlarına qədər vuruşublar. “İndi başa düşürük ki, Dədə Qorqud qəhrəmanlarının ruhları bizə güc veribmiş” – Eyvaz Hüseynovun gəldiyi qənaət belə idi.
Səfərdə elə qənaətlər hasil oldu ki, xalqımızın keyfiyyətlərinə heyran qalmamaq mümkünsüz idi. Udilərin təhsil aldığı Qəbələ rayonu 1 saylı Nic qəsəbə məktəbliləri, Bakı şəhəri İlyas Əfəndiyev adına Elitar Gimnaziya, Xocavənd rayonu Salakətin kənd və Beyləqan rayonu 1 saylı tam orta məktəbləri arasında elə bir bağlılıq yaranmışdı ki, Kamal Abdullayev ilk çıxışına başlayanda Ulu Öndər Heydər Əliyevin kəlamını xatırlatdı: “Azərbaycanın gücü əhalisini təşkil edən xalqların gücündən ibarətdir”. Onlar üç dildə - Azərbaycan, rus, udi dillərində danışırdılar. Qulaqlarda isə bir dil eşidilirdi: Vətən dili.
Bilinməzin bilinən mətn tərəfindən izahı...
Ardını Kamal müəllimdən eşidək: “Belə bir ictimai bütövlük istər-istəməz mədəni bütövlüyə gətirən yoldur. Azərbaycan xalqının qədim tarixi, bu günü ilə bağlı mədəni, mənəvi sərvəti sayıla bilən hər bir dəyər dövlət, ictimaiyyət səviyyəsində yüksək dərəcədə qeyd olunur. Prezident İlham Əliyevin fevral ayında imzaladığı «Kitabi-Dədə Qorqud»un öyrənilməsi, tərcüməsi və ilk dəfə nəşr edilməsinin 200 illiyinə həsr edilmiş Sərəncam bunun çox gözəl bir göstəricisidir. «Kitabi-Dədə Qorqud» dastanlarının xalqımızın həyatında tutduğu yeri sözlə ifadə etmək çətindir. Düz 200 il bundan öncə alman şərqşünası və alimi, Hötenin yaxın dostu Haynrix Fridrix fon Dits özündə əlyazması olan "Kitabi-Dədə Qorqud" dastanlarından "Basatın Təpəgözü öldürdüyü boy"u alman dilinə tərcümə edərək ayrıca kitab şəklində çap etdirib. Həmin kitaba yazdığı geniş önsözdə əsl şərqşünas kimi dastanı yunan mifoloji mətnləri ilə müqayisə edib. Avropa yunan miflərini yaxşı tanıyırdı, amma "Kitabi-Dədə Qorqud"dan xəbərsiz idi. Bir bilinməzin bilinən mətn tərəfindən izahı çox məqsədəuyğudur.
Xocavənddə yaşlı nəslin nümayəndələri "Kitabi-Dədə Qorqud" dastanlarını oxumadıqları halda, Qaraca Çoban, eləcə də dastandakı bir çox nüanslarla bağlı bilgilərə sahibdirlər. Əgər rəvayətlər yerli əhalinin qəlbində, beynində yaşayırsa, deməli, qan yaddaşı ilə bağlıdır və bu qəhrəmanların mənsubiyyətinə şəkk gətirmək olmaz. Məhz buna görə biz Prezidentin sərəncamının icrasına belə bir müqəddəs yerdən başlamaq istədik. Bu gün biz sizin qapınıza gəlmiş Allah qonağıyıq. Siz Allah qonağını yüksək səviyyədə qarşıladınız”.
Alimlərimizin saldığı işıq
Əlbəttə, alimlər də çıxış etdi. Dədə Qorqud irsinin öyrənilməsinin xalqın bütövlüyündə vacib rol oynadığını bildirdilər. Bilik Fondunun icraçı direktoru Oktay Səmədov "Kitabi- Dədə Qorqud"un ölkədə və xaricdə təbliğatı üçün rəhbərlik etdiyi qurumun böyük layihələr həyata keçirməyə hazır olduğunu xüsusi vurğuladı.
Filologiya üzrə elmlər doktoru, BSU-nun professoru Rüstəm Kamal ““Kitabi-Dədə Qorqud” ruhumuzun və dilimizin abidəsi kimi”, filologiya üzrə elmlər doktoru, BSU-nun professoru Rəhilə Qeybullayeva “Epos, tarix, yoxsa dini kitab?”, filologiya üzrə fəlsəfə doktoru, AMEA Folklor İnstitutunun şöbə müdiri, Ağaverdi Xəlilov “Kitabi-Dədə Qorqud”da Vətən düşüncəsi”, filologiya üzrə fəlsəfə doktoru, AMEA Folklor İnstitutunun əməkdaşı Ləman Süleymanova “Xocavənddə yaşayan tarix”, iqtisad üzrə elmlər doktoru, AMEA Fəlsəfə və Hüquq İnstitutunun əməkdaşı Əhməd Qəşəmoğlu “Unikal Azərbaycan mədəniyyəti”, hüquq üzrə fəlsəfə doktoru, AMEA Fəlsəfə və Hüquq İnstitutunun əməkdaşı Allahverdi Teymurov “Kitabi-Dədə Qorqud”da hüquqi məsələlər”, filologiya üzrə fəlsəfə doktoru, Arxeologiya və Etnoqrafiya İnstitutunun sektor müdiri Təvəkkül Əliyev “Nərgiztəpədə arxeoloji tədqiqatlar”, filologiya üzrə elmlər doktoru, AMEA Dilçilik İnstitutunun direktor müavini Məhəbbət Mirzəliyeva "Repressiyaya uğramış abidəmiz" , filologiya üzrə fəlsəfə doktoru, AMEA Dilçilik İnstitutunun əməkdaşı Şəkər Orucova ""Dədə Qorqud"un dili" mövzularında dərin məzmunlu çıxışlar ediblər, iştirakçıları Dədə Qorqud işığında sağlam, qürurlu, vətənpərvər həyat tərzi keçirməyə çağırıblar.
Jurnalistlərimizdən möhtəşəm peşəkarlıq
Şagirdlər, tələbələr, Bilik Fondunun könüllüləri, jurnalistlər belə bir dastana sahib olduqlarına görə, fəxr etdiklərini söylədilər. “525-ci qəzet”in əməkdaşı, dəyərli jurnalistimiz Sevinc Mürvətqızının və Jurnalist Araşdırma Mərkəzinin sədri Seymur Verdizadənin çıxışları isə əsasən də mətbaut nümayəndələrinə xoş təsir bağışladı. Sevindik ki, həm yazımız var, həm imzamız.
Tədbirdə həmkarlarım yüksək peşəkarlıq nümayiş etdirdilər. “Kultura plyus” internet televiziyasının əməkdaşı Aida Eyvazova, “525-ci qəzet”in əməkdaşı, Sevinc Mürvətqızı, Azadinforum.az saytının əməkdaşı Aytac Salahova, Azərfax.az saytının baş redaktoru Nicat Dağlar, JAM sədri Seymur Verdizadə, “Ədalət” qəzetinin əməkdaşı Subhan Mahmudov, Qarabağ bürosunun AzTV təmsilçisi Sənan Həsənoğlu, İTV təmsilçisi Şöhrət Eyvazov bu tədbir çərçivəsində nümayiş etdirdikləri mövqeyi juralistikadan xəbəri olmayan kim görsəydi “mən də onlar kimi olmaq istəyirəm” deyərdi. Misallar gətirəcəm, çünki onlar mənim əziz həmkarlarımdırlar. Sevinc xanım səhərə qədər yatmayıb 10 min işarəlik reportaj hazırladı. Sənan bəy tədbir bitməmiş “moyvideo”da görüntüləri artıq bizə göstərdi. Nicat Dağlar düz 3 saat ayaq üstə dayanıb, rəhbərlik etdiyi sayta 500-ə qədər şəkil yüklədi. Otura bilməzdi. İnternet onun dayandığı ərazidə babat tuturdu. O ərazidə oturmaq imkanı yox idi. İTV-nin Şöhrəti tədbirin şöhrətini bütün ölkəyə yayımladı. Yeniyetməmiz Aytac xanımın əlindən telefon düşmürdü. Həmin gün "Azadinforum”a bəlkə də ondan çox zəng edən olmadı. Aida xanımın səhərə qədər kameradan çəkilənləri dinləyib, sinxronları müəyyənləşdirirdi. “Kitabi Dədə Qorqud” dastanının izi ilə proqramının redaksiya heyəti əlində “silah” postda ayıq-sayıq dayanmışdı. Yadigar Məmmədli ağsaqqalımız idi. Ağsaqqalımızdır.
Beyləqandayıq. Jurnalistlər yolların bərbad olduğunu görüb, "bura Azərbaycandır?!"-deyərək, təəccüb edirlər. Sonradan hörmətli icra başçısı Vaqif Abdullayevdən öyrənirik ki, şəhərə kanalizasiya sistemi çəkirlər. Köhnənin məntiqidir: birini quranda, o birini dağıtmağa məcbursan. Yeni məntiqə böyük ehtiyac var. Elə ona görə də Bilik Fondu yaranıb, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi fəaliyyət göstərir. Bu qurumlar paralellik məntiqi ilə yola çıxıblar. Mahiyyəti insanlara rahatlıq gətirməkdir. Alınır. İstisnasız olaraq, görüşdüyümüz hər kəs bizim fikrimizlə razılaşır. Paralellik elə eyniləşməkdi. Bəli, paralel xətlər kəsişmir, yəni üst-üstə düşmür. Heç düşməsi də lazım deyil. Hər adamın şəxsi fikri var. Biz öz fikirlərimizlə yan-yana getməyin tərəfdarıyıq. Sən mənim yanımdasan, mən onun, o, o birinin... Bir yerdəyik!
Qardaşlığımız mübarək
Azərbaycanda yaşayan müxtəlif xalqların təhsil aldığı 4 məktəb də "Qardaşlaşma sazişi"ni imzalamaqla bir yerdə olduqlarını göstərdilər. Nə xoşdur ki, tarixi hadisədə Dövlət müşaviri, akademik Kamal Abdullayev də iştirak etdi. Kaş görərdiz, Kamal müəllim uşaqlarla elə şirin münasibət qurmuşdu ki, bu mənzərəyə baxıb, orta məktəb illərinə qayıtmamaq mümkün deyildi. İlğım məni apardı: oğlanlar futbol oynamaq istəyir, qızlar voleybol. Cəmi bir top var, o da futbol topu. Anındaca razılaşırıq. Niyə qızlarımız kənarda qalmalıdır axı. Top ağır olduğu üçün alınmır, amma oynayırıq. Düz 45 dəqiqə "bezdik" ifadəsini nə dilimizə, nə beynimizə gətiririk. Hörmət; Qayğı; Nəciblik − voleybol meydançasında hökm sürən vəziyyətin müxtəlif bucaqlardan baxanda oxunan adlarıdır. Kamal müəllim də uşaqları həmin bucaqlardan baxamağa dəvət edirdi. Belə deyirdi: "Bu, sadəcə simvolik saziş deyil, son dərəcə mühüm bir vətənpərvərlik aksiyasıdır. Biz bu gün ümummilli liderin qarşımıza qoyduğu tolerantlıq, qardaşcasına münasibət, Azərbaycanda olan bütün xalqların və dinlərin həmahənglik yolunu tutaraq əslində həm də Ulu Öndərin ruhu qarşısında sədaqət andı içirik. Siz əbədi dostlara çevrilirsiniz. Dərdinizi bölüşün ki, azalsın, sevincinizi bölüşün ki, çoxalsın. Təklənmək faciədir. Həmişə bir yerdə olun. Bir-birinzə kömək edin, arxa durun. Xalqımızın əxlaq və mənəviyyat kitabı olan "Kitabi-Dədə Qorqud" dastanında əksini tapan dəyərlər həyatınızdan heç vaxt əskilməsin. Əbədiyyətə qədər davam edən bugünki qardaşlığınız mübarək olsun".
Ermənilər üçün şüar: "Azərbaycana qarışaq, xoşbəxtliyimizə qovuşaq!"
Zal doludur. Tamaşaçıların arasında əsgərlər də var. Şagirdlər səhnəciklər nümayiş etdirirlər. Aydın görünür: sərbəstdirlər, kompleksin əsirinə düşməyiblər. Səhnədən zala yayılan xoş aura ""Kitabi-Dədə Qorqud» əxlaq və mənəviyyat dərsliyimizdir" mövzusunda şagird, tələbə və müəllimlərin iştirakı ilə elmi-praktiki konfrans boyu davam etdi. Kamal Abdullayev repressiyaya məruz qalan dastanın 50-ci illərin axırlarında xalqa qovuşa bildiyiini xatırladaraq dedi ki, daha bu iki varlığı bir-birindən ayırmaq mümkün olmayacaq.
Konfransda alimlər maraqlı çıxışlar etdilər. Hər çıxış bir tarix idi.
Beyləqandakı “N” saylı hərbi hissənin əsgəri, Bakı Slavyan Universitetinin məzunu Elnur Mustafayevin çıxışı xüsusi ilə seçildi. Eləcə bir cümləsini yazım, aydın olsun: "Əsgər vətənin müdafiəsində Dədə Qorqud dastanlarındakı kimi şücaət göstərməyə qadirdir".
Bir haşiyə çıxım: düşmən ermənilər bizimlə bir bayraq altında xoşbəxtcəsinə yaşadığı illərdə dəqiqdir ki, "Kitabi-Dədə Qorqud" dastanını oxuyublar. Əsgərimizin cümləsini avtomatın gülləsinin əvəzinə göndərəsən onlara, ayılalar. Yazıqdırlar. Əvvəl-axır Qaraca Çobanlarımız onları ağac kimi kökündən qoparacaqlar. Xalq yazıqdı, ayılsın, despot rejimlərinə qarşı üsyana qalxsın. Şüar da verirəm: "Azərbaycana qarışaq, xoşbəxtliyimizə qovuşaq!".
Əslində "haşiyə" ifadəsi artıqdır. Olsun, yazdığını pozmaq Dədə Qorqud nəslinin davamçılarına yaraşmaz. Yuxarıdakı abzası "haşiyəsiz" yazmaq olardı, ona görə ki, növbəti səfərimiz əvvəl əsgərlərlə görüşə, sonra erməniləri qandırmağa yönəlmişdi. Yəni "haşiyəsiz" də keçid yerinə düşür. "Kitabi-Dədə Qorqud"un izi ilə mükəmməl istiqamət tutmuşuq.
Azərbaycan Ordusu. Müasir texnikamız və silah-sursatımız. Qürurlu əsgərlərimiz. Kəşfiyyat tağımının şücaəti. Əsgər yeməkxanasında dadlı nahar. Bizi göz bəbəkləri kimi qoruyanların qonaqlarla birlikdə yallı getməsi...
Silahlarla şəkillər çəkdirdik. Tankların üstünə qalxdıq. Əsgərlərlə söhbətləşdik. Qürurverici idi. Bütün bu ardıcıllıq meh kimi ürəklərə sərinlik gətirirdi.
Rahatlandıq. Həmin ordu deyil: kazarmanın təmizliyi göz qamaşdırır, yataq yerləri səliqəli, ağappaq və yumşaq. Geyimləri duruşları kimi şax, baxışları sərt və mənalı. Onlar hazırdırlar. Akademik Kamal Abdullayev əsgərlərlə bir süfrə arxasında çörək kəsməmişdən əvvəl unudulmayacaq fikirlər səsləndirir: "İndi bu əsgərlər konkret kimləri qoruduqlarını gördülər, yaxından tanıdılar. Əsgərlərin qoruduğu insanlar onların görüşünə gəlib. Artıq bizi hansı əsgərin qoruduğunu dəqiq bilirik. Əmin idik, bir daha gördük: siz bizi ləyaqətlə qorumağa qadirsiniz. Biz sizə güvənib yaşayırıq".
Sözümüzün əvvəli də "Allah sizi qorusun" idi, sonu da. Yağış, yorğunluq, həyəcan... sanki heç biri olmamışdı. Əsgər müqqəsmiş, adama pis olan hər şeyi unutdurur. Əsgər onda güclü olur ki, tarix də ona dəstək göstərir. Buyur, cənab əsgər, gecələr səni narahat edən düşmənin yersiz-yurdsuz çaqqal olduğunu bil. Bəli, məhz "çaqqal". Sən əsgərsən, belə sözləri eşitmək və işlətmək təbiidir. Yazdım ki, işğalçılara doğru hücuma keçəndə öldürdüyün hər düşməni adam qismində saymayasan.
Bizim ərazilərə qovulan düşmən
Ağdərə rayonunun Marağa kəndinə İrandan ilk dəfə 200 erməni ailəsi köçürülüb. Hadisənin 150 illiyi münasibətilə1978-ci ildə abidə də ucaldlıb.
Üzərində ermənicə "Marağa-150" yazılmış abidə 1988-ci ildə qondarma erməni iddiasının buynuzu bir daha görünəndə yoxa çıxıb.
Bəzi mənbələrə görə, "Marağa-150"-nin dağılmağa məruz qalmasına baxmayaraq, hazırda mövcuddur və Azərbaycan Silahlı Qüvvələrinin nəzarətində olan Tərtərin Şıxarx qəsəbəsində yerləşir.
Bax, cənab əsgər, səninlə görüşüb ayrılandan sonra həmin tarixi alimlərimizin təqdimatında xatırlatmağa yollandıq. Böyük konfrans oldu. Düşmənin kimliyinə bir daha aydınlıq gəldi. Kitab hazırlanacaq. Faktlar dillərə tərcümə olunacaq. Səndən sonra dünyanı monapoliyaya alanlar bilsin ki, silah gücünə qovacağın toplum buralara qovulmuşlardır.
Bilik Fondunun Bərdə İmamzadəsində aşkarladığı tarix
Tərtərdən Bərdəyə qayıdırıq. Əvvəl rayonun icra başçısı Müstəqim Məmmədova minnətdarlığımı yazım. Qonaqpərvərliyini qabartmadan deyim ki, böyük səmimiyyət göstərdi. Jurnalistlərin masasına yaxınlaşıb, bəyan etdi ki, nə vaxt istəsək, onunla görüşə, rayon barədə geniş məlumat ala bilərlər. Yəni qapısı jurnalistlərin üzünə həmişə açıqdı.
Bərdəyə İmamzadə üçün gəldik. Bilik Fondunun ilk layihəsi olan "Dini abidələrdə tarixin izləri" Bərdə İmamzadəsindən başlamışdı. Proqramın ideya müəllifi Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayevdir. Layihənin icrasına dair fəaliyyət planı Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədov tərəfindən 05 avqust 2014-cü ildə təsdiqlənib.
Məqsəd: Azərbaycan ərazisindəki tarixi abidələrdə: məscid, ziyarətgah, kilsə, sinaqoq və məbədlərdə tarixi-elmi tədqiqatlar aparmaq; abidələr barədə dəqiq məlumatları aşkarlayıb təbliğatını qurmaq; tarix üçün faydalı məqamları üzə çıxartmaq; ehtiyac olduqda müəyyən bərpa və abadlıq işləri həyata keçirtmək.
Mahiyyət: Azərbaycanda və Qafqazın digər bölgələrində yaşayan əhalinin maarifləndirilməsi; ziyarətgahlar barədə düzgün elmi; tarixi, dini biliklərin verilməsi; milli-dini dəyərlərimizin qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsi.
Qafqaz Müsəlmanları İdarəsinin Qarabağ üzrə qazisi, Bərdə Cümə məscidinin axundu Hacı Ramazan Hüseynovun iştirakı ilə AMEA-nın Əlyazmalar İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Möhsün Nağısoylu qəbirlərin üzərindəki ərəb və fars dilindəki mətnləri sözbəsöz dilimizə çevirib. Bərpadan sonra bu mətnlər lövhələrə həıkk olunaraq, hər qəbrin yanına vurulub. Yazıldığı formada təqdim edirəm:
O, diridir və heç zaman ölməz.
Kəcrəftar fələyin yaratdığı bu naxoşluqdan
Dəvasız dərdə düşənə nəzər yetirdik.
Lakin onun xəstəliyinə əlac tapa bilmədik.
Xəstə yatağında can verdi.
Son nəfəsinə qədər öz yoldaşına məhəbbətini əldən vermədi.
Ruhu bədənindən ayrıldığı zaman gözlərini açmadı.
Onun yoldaşı Kəlbəli Niknəfs
Xanımının yolunda varını-yoxunu fəda elədi.
Hər kəs onun dəyərli vücuduna iftixar edərdi.
Bəyim xanım nəcabətli, həcərqiyafəli və vüqarlı birisi idi.
Bu məzar Bəyim xanımın müqəddəs məzarıdır.
Pənah xan Cavanşirin nəslindəndir.
İbni Cəfərqulu xan ibni Məhəmmədhəsən Ağa ibni ... (İbrahim) xan
Vəfat tarixi: 16 zilhiccə, 1328/1910-11
Mətnlərin oxunması asan başa gəlməyib. Təvazökarlığı İmamzadənin açılış mərasimində etdiyi çıxışa elə hakim kəsilmişdi ki, Möhsün müəllim bu işi hansı əziyyətlər bahasına gördüyünü dilinə gətirmədi. Görünən dağa nə bələdçi. İmamzadənin əvvəlki görnüşü də fotolarda qalıb, indiki vəziyyəti də göz qabağındadır.
Ramazan Hüseynov, Bilik Fondunun Bərdə nümayəndəsi Vidadi Süleymanov, rayonun baş memarı, din xadimləri, ziyalılar, yerli gənc fəallarla birgə İmamzadə Kompleksində görüləcək işlərin siyahısı hazırlanaraq, abadlıq işləri Bərdə bölgəsinin tanınmış inşaatçı-bərpaçısı, “Fərid-İnşaat” şirkətinin rəhbəri Sübhan Həsənova tapşırılıb.
Sübhan müəllimə "çox böyük iş görmüsünüz" deyəndə, cavabı bir söz olur: "Savabdır".
İmamzadədə böyük zəhmət bahasına görülən işlərin birinci mərhələsi yekunlaşıb. İmamzadədə olub ürək açan mənzərəni gözlərimizlə gördük.
Görüşdə Bərdə ictimaiyyəti ilə yanaşı, müxtəlif bölgələrdəki dini ocaqların nümayəndələri, yerli ziyalılar, tələbələr, şagirdlər də iştirak edirdilər. Bərdənin icra başçısı Vidadi İsayev olduqca razı qaldığını bu işdə əməyi keçən hər kəsə minnətdarlıq etdiyini dedi. Akademik Kamal Abdullayev Bilik Fondunun "Dini abidələrdə tarixin izləri" layihəsinin bütün dini abidələrdən keçəcəyini bildirdi. Yerli sakinlərdən də danışanlar oldu. İmamzadənin görünüşü onlarda xoş təsir oyatmışdı.
Fakta bax: Şiə ziyarətgah sünnilərin məscidini təmir edir
Karvan dayanmaq fikrində deyildi. Nümayəndələr Kamal Abdullayevlə birgə Qaxa, ordan da Zaqatalaya getdilər. Yanlarında deyildim. Alimlər, jurnalistlər, könüllülər, tələbələrlə birgə Bakıya gəlirdik. Bir məqamı qeyd edim: bizim alimlərlə yola çıxmaq gözəldir. Onların söhbətləri yolu xeyli yaxınlaşdırır.
Amma fikrimiz Qaxa və Zaqatalaya gedənlərin yanında idi. Səhər açılan kimi, mətbuatdan oxuduq. "Kitabi-Dədə Qorqud"un izinə düşənlər Qaxda Bilik Evinin binasına baxış keçirib, Qax Cümə məscidini Kürmük məbədində "Kitabi-Dədə Qorqud" qəhrəmanı Bəkilin qəbri ziyarət olunub. Zaqataladasa ingiloylar yaşayan Əliyabad kənd məscidinə Mir Möhsüm Aga ziyarətgahının hədiyyələri və təmirlə bağlı etdiyi maddi yardım − 30 min manat verilib. Bizə hər səfərdə yol göstərən Prezident Administrasiyasının əməkdaşı Sərraf Balaxanın bu hadisəyə facebook səhifəsində göstərdiyi reaksiyanı yazmamaq olmur: "Təsəvvür edin, bir şiə ziyarətgah sünnilərin məscidini təmir edir".
Multikultural dəyər. Tolerant münasibət. Bunlar birgə yaşayışı şərtləndirən yeni terminlərdir. Tarixcə köhnə, mahiyyətcə əbədi olan termin isə belədir: ADAM KİMİ YAŞAMAQ. Biz hər bir fərdin adam kimi yaşamasına imkan verən cəmiyyət qururuq. Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaranması və fəaliyyəti ilə proses daha da sürətlənib.
Dədə Qorqud demiş, görəlim nə demiş: "Haqq yandıran çırağınız sönməz olsun!
Bakıdayıq. Səfər yoldaşlarımdan birindən mesaj alıram. Yazır: ""Savalan" qrupunun musqisi, hörmətli Novruz Novruzlunun səsi qulaqlarımdan çəkilmir. Necə də gözəldir". Eşidirəm:
Mən belə yaşadım,mən belə gördüm
Bir canın bir cana ehtiyacı var
Cahilin kamilə, dərdlinin təbibə
Təbibin dərmana ehtiyacı var
Ceyhun Musaoğlu
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun mətbuat katibi