Xocalıda 7 doğmasını itirən Adilə Qənbərova: “Gecə başımıza güllə yağırdı“

Xocalıda 7 doğmasını itirən Adilə Qənbərova: “Gecə başımıza güllə yağırdı“ backend

Hər il fevral ayı gələndə süstləşirəm.

Özümü çox pis hiss edirəm. Bir də qar yağanda baxa bilmirəm. Halbuki insanların əksəriyyəti qar yağanda sevinir, gözəlliyindən zövq alır. Mən isə qarın yağmasını istəmirəm. Çünki doğmalarım qarda getdi və başlarına nə iş gəldiyini hələ də bilmirəm. Gözlərim yolda, qulaqlarım səsdədir. Deyirəm heç olmasa bircəciyi gəlsin başlarına nə gəldiyini öyrənim. Bundan sonra ölsəm də nisgilləri ürəyimdə qalmasın. Yaş da ki gedir...
Bu ifadələr Xocalı faciəsinin acısını dadmış Adilə Qənbərovaya məxsusdur. O, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı faciəsində 7 doğmasını itirib. Çox çətinliklər çəkib, amma xanımlığını, mehribanlığını, ən əsası ümidini itirməyib. "Report" olaraq bu dəfə “Həsrət Yolu” Əsir və Girovlara Kömək İctimai Birliyinin sədri Esmira Orucovanın köməyi ilə 8-ci mikrorayon, Süleyman Sani Axundov küçəsində qaçqın və məcburi köçkünlər üçün tikilmiş evlərdən birində məskunlaşan Adilə xanımın qonağı oldu. Adilə Qənbərova 2005-ci ildən təsis ediləndən “Həsrət Yolu” Əsir və Girovlara Kömək İctimai Birliyi İdarə Heyətinin üzvüdür. Ana həsrətli, bacı-qardaş nisgilli Adilə xanım həyat yoldaşı Aslan Qənbərovla birlikdə bizi qapıda qarşıladı və xalqımıza məxsus qonaqpərvərliklə içəri dəvət etdilər.

Ermənilər Xankəndidə yaşadığı evini hələ 1988-ci ildə yandırırlar

Adilə Qənbərova 1954-cü ildə Xankədidə anadan olub, orada ailə həyatı qurub və yaşayıb. 1988-ci il sentyabrın 18-də ermənilər onların evini yandırırlar. Bundan sonra ailə üç ay fin evlərində yaşayır: "Bundan sonra Xocalı şəhərində gözəl bir qəsəbə salındığını xəbər verdilər. Biz də fin evində çox əziyyət çəkdiyimizdən Xocalıda yaradılan şəraiti gördükdən sonra üç övladımızı da götürüb evlərdən birinə köçdük. Qəsəbədə bizim üçün çox gözəl şərait yaratmışdılar. Evlərə çay qaşığına kimi qoymuşdular. Heç nəyə ehtiyacımız yox idi".
Daha sonra Adilə xanımın anası, bacı və qardaşları da yaşadıqları fin evlərindən Xocalıya köçür. Onlara da şəraiti olan gözəl evlər verirlər: "1988-ci ilin noyabr ayında Xocalıya köçdük. Bu tarixdən 1992-ci il fevralın 25-dən 26-na keçən gecəyə qədər orada yaşadıq. Xocalıda vəziyyət gərginləşmişdi və hadisələr başlayan ərəfələrdə sakinlər qadın və uşaqları oradan çıxarmaq üçün cəhd etsələr də, yol tapa bilmirdilər. Bəlkə təyyarə, helikopterlər bizləri gəlib apararlar deyə Xocalı aeroportuna gedirdik. Amma yol bağlı idi. Sakinlərin yarısı əvvəldən çıxmışdı. Hər gecə başımıza güllə yağırdı".

Anam bu gecənin yaman pis olacağını söylədi...

Bir-birilərinə dayaq olmaq üçün fevralın 25-i axşamı Adilə xanımın bütün ailə üzvləri anası Səltənətin evində toplanıbmış. 63 yaşlı Səltənət ana fevralın 25-i gecəsinin çox pis olacağını söylədiklərini deyir. Sanki həmin gecədən sonra bir daha görüşə bilməyəcəklərini hiss edən narahat ailə üzvləri öz evlərinə qayıdır. O zaman oğlanlarının biri institutda, digəri yuxarı sinifdə oxuyan Adilə ananın bir də sonbeşiyi - beşyaşlı övladı olub. Nə qədər həyəcanlı vəziyyət olsa da, əl-qolu qalxmayan ev sahibi evlərini tərk etməyi planlaşdırdığı üçün paltarlarını yığmağa başlayır. Ümid ən sonda ölür deyirlər. O, hələ də hər hansı bir vasitə ilə ermənilərin və rus əsgərlərinin mühasirəsində olan Xocalıdan çıxacaqlarına ümid edir.



Xocalıdakı evlərində son dəfə süfrə açırlar, amma yemək yeyə bilmirlər. Bişirdiyi şirniyyatla oğlanlarına çay verən ev sahibi gecə saat 23:30-da pəncərədən Xocalının üzərinə dörd bir tərəfdən güllə yağdığını görür. Xocalı mühasirəyə alınıb. Kişilər postlarda durduqlarından evlərdə yalnız qadın və uşaqlar qalıbmış: "Uşaqları anamgil tərəfə qaçırdım. Onlara yığışıb çıxmalarını deməyi tapşırdım. Tələsik toparlanıb evlərdən çıxdıq, Şuşa yoluna gəldik. Analarım, bacılarım, uşaqlar birlikdə asfalt yolu keçdik. Qarqarçayın kənarına çatanda böyük oğlanlarımın ayağında ayaqqabı olmadıqlarını gördüm. Yoldaşıma dedim ki, uşaqlar şəpitlə gedə bilməz. Sən onların yanında dur, gedim ayaqqabı gətirim. Ona görə də geri qayıtdım. Başımın üstündən də durmadan güllə yağır. Axı niyə onlardan biri mənə dəymədi?"
Beləcə arxadan anası, ailə üzvləri ona getmə desələr də, ana ürəyi dözmür və evinə qayıdıb uşaqlarına ayaqlarına geyməyə bir şey götürür.
Amma geri dönəndə anası və bacılarını həmin yerdə görmür və onların bir bələdçinin köməyi ilə çaydan keçdiklərini öyrənir.
Ailəsi ilə meşədə görüşəcəyinə ümid edən ana uşaqlarını geyindirib, arxadan gəlib onlara çatan kiçik qardaşı ilə birlikdə üzərinə alov yağan Xocalıdan uzaqlaşmağa çalışır.
Meşəyə çatanda xeyli adam olmasına baxmayaraq, anası və bacılarını görmür: "Gəldiyimiz səmtdə iki yol var idi. Biri Ağdama, digəri isə erməni kəndinə gedir. Ağdama gedən yolla indi Milli Qəhrəman adını daşıyan Elzamin (sənəddə adı Füzuli Rüstəmovdur. Xocalılar onu Elzamin kimi tanıyırlar) gəlib camaatı aparırdı. Bizi də gəlib apardı. Böyük qardaşım, kiçik qardaşım, həyat yoldaşım nə qədər axtarsaq da anamgili tapmadıq. Hava işıqlananda Dəhraz kəndinin yaxınlığına çatdıq. Ağdama çatmaq üçün dərəyə enib yolu keçməli idik. Ətrafa baxdıqda adamların içində nə anam, nə də bacılarım olmadığını gördüm. Anam həmin vaxt mənim hazırkı yaşımda olub. Ona görə də bu yaşda bir insanın bizdən əvvəldən çata bilməsi üçün nə qədər sürətlə gələ biləcəyini fikirləşdim".
Götürdükləri 3-4 çamadan paltarı da salamat qaçıb qurtara bilmək üçün yolda atan ailə əlində pul-para olan çantadan başqa bir şey saxlamır.

İnsanların biçilən pencər kimi yerə töküldüyünü gördüm

Adilə xanım təpədən ətrafda parada (nümayişə) yığışan qədər çox insan olduğunu görür. İnsanlar kütləvi şəkildə getsə də, qarşıda hamısı biçilən pencər kimi yerə tökülür. Bu dəhşətli mənzərənin hələ nə olduğunu anlamayan qəhrəmanımız insanların nə üçün yerə sərildiyini düşünür: "Öz-özümə bu insanlara nə olub, belə yerə yıxılırlar deyə fikirləşirəm. Sən demə kənardan avtomatla və s. silahlarla atıb insanları qırırlar. Biz təpəyə çatanda ermənilər atmağa başladılar. Üç oğluma və qardaşıma yerdən qalxmamalarını tapşırdım. Bir böyük qaya parçası vardı, sürünə-sürünə gedib ona sığındıq".
Bu qaya parçası ailəni ölümün cəngindən alır. Amma qarşılarını kəsib üzərlərinə güllə yağdıran erməni milislərinin içində olduğu zirehli maşın buradan çıxmalarına imkan vermir. Bu güllə yağışının altında ölən ölür, qalan qalır. Bir neçə gənc zirehli maşını aşırmayacaqları təqdirdə yolu keçə bilməyəcəklərini bildirir. Onlar içərisi ermənilərlə dolu olan maşını dərəyə aşırırlar. Nəticədə bu maneədən qurtulub yolu keçəndə də bu dəfə BMP-dəki rus əsgərlərinin güllələrinə tuş gəlirlər: "Qardaşım rus əsgərlərinə əl edib öz dillərində qışqırdı ki, nə olar böyüklərə atın, amma uşaqlara atmayın. Deyəsən insafa gəldilər, ya nə oldusa bizə atmadılar. Bir neçə ailə buradan keçdik. Bir çalanın içində uzandıq. Çalanın içindən arxadan gələn insan selinin hamısını qırıldığını gördüm. Ermənilərin dilini bildiyimiz üçün nə danışdıqlarını da başa düşürdüm. Arxadan gələn nə qədər insan vardısa qırdıqlarını qırdılar, qalanlarını da maşınlara doldurub əsir götürürdülər. Ermənicə deyirdilər ki, bunu da götürün, onu da götürün. Qonşumuz, 5-6 uşaq atası olan Telman var idi, onu və həyat yoldaşını güllələdilər. Təxminən 3 yaşlı qızları Xəyalə çığıra-çığıra ağlamağa başladı. Qardaşım onu gətirmək üçün cəhd göstərsə də, bizi təhlükəyə atacağından bunu edə bilmədi. Nəhayət, qızcığazı də bir neçə dəqiqədən sonra güllələyib əbədi susdurdular".
Arxadan gələn insan sayı çox olduğundan ermənilər onları avtomobillərə doldurana qədər axşamın qaranlığı çökür. Adilə xanımın ailəsinə növbə çatanda artıq qaranlıq olur və axşamın düşməsi ailəni ölümdən xilas edir. Onun sözlərinə görə, həmin gün oradan ən çox qadınları, uşaqları və hərbi geyimdə olanları əsir götürürlər. Bütün qız-gəlinləri maşına yığır və onları Əsgəran rayonuna aparırlar.

Ölmüş anasının sinəsindən körpəsini götürdük

Havanın qaralması sayəsində sağ qalan 5-6 ailə gizləndikləri çaladan çıxıb getmək qərarına gəlir. Adilə xanımın böyük qardaşı anası və bacılarından bir xəbər almaq ümidi ilə qabağa düşür: "Gördük Ağdam tərəfdən deyirlər ki, meşədə sağ qalan adamlar aşağı düşsünlər. Mən də Tofiqə ermənilərin Azərbaycan dilini bildiklərini söylədim. Birdən bizə səslənənlər onlar olar, bizi öldürərlər. Qardaşım əlini bir də qaldıranda səslənənlərin Ağdam uşaqları olduqlarını dedilər. Biz hərəkət etmək istəyirdik ki, oğlum ağlaya-ağlaya dayımı vurublar dedi".
Beləcə böyük qardaşını itirən Adilə xanım meyiti qucaqlayıb erməninin onu da güllələməsini arzulayır. Amma artıq ermənilər işlərini bitirib çəkilmişdilər. Ətrafda qaraltılar görünür. Adilə xanım elə bilir ki, insanlar paltarlarını soyunub yerə atıb. Sonradan başa düşür ki, gördükləri palto-paltar deyil. Hamısı öldürülən adamlar, bizim insanımızdır: "Yerdə uzanmış bir gəlin gördüm. Həmin cavan gəlini öldürmüşdülər, amma şalla sinəsinə bağladığı körpəsi sağ idi. Yanaqları ayazdan qıpqırmızı olan uşaq dayanmadan çığırırdı. Dedim ki, ay Tofiq, bəlkə bu uşağın Allahı bizi bura kimi sağ gətirib. Gəl bunu da götürüb aparaq. Uşaq da bələkdə idi. Şalı açıb uşağı bələkdə götürdük. Onu da özümüzlə gətirdik".
Sonradan özləri də çıxılmaz vəziyyətdə qaldıqlarından körpəni Ağdamdan insanları aparmaq üçün gələnlərdən birinə verirlər. Beləcə ölümün cəngindən xilas olan ailə maşınlardan birinə minib Ağdam yolunu tutur. Gecəni evlərdən birində keçirir: "Ev sahibi paltarlarımızı sobada qurutdu, palçığını ovub təmizlədi və uşaqlara geyindirdi".

Anamgildən bir daha xəbər ala bilmədik

Səhər tezdən durub Ağdamda anasını, bacılarını axtaran ailə onlardan heç bir xəbər ala bilmir. Meşədən gələnlər ana-bacılarının orada olduğunu deyir. Bələdçilərinin nabələd olduğunu, buna görə yolu azıb erməni kəndinə getdiklərini, sonra geri qayıdıb Ağdamın Abdal-Gülablı kəndinə gəldiklərini deyənlər olur. Meşədə qaldıqlarını, qızınmaq üçün qaladıqları ocağın tüstüsünə ermənilərin həmin əraziyə gəldiklərini görənlər də olur.
Hansı kəndə əsir-girovluqdan qayıdan gəlirsə, Adilə xanım da ora qaçır. Ana və bacılarının sorağı ilə Sumqayıta, Mərdəkana gedib şahidlərlə danışır.
Amma bütün bunların bir faydası olmur. Onların nə ölüsündən, nə də dirisindən heç bir xəbər ala bilmir. Xilas olmağa çalışdıqları gün ermənilər tərəfindən öldürülən böyük qardaşının meyidini neçə gündən sonra gətirib Ağdamda dəfn edirlər.



Anası Məmmədova Səltənət Zülal qızı (1931-ci il), bacısı Məmmədova Lətifə (1958-ci il), Məmmədova Şövkət (1963-cü il), Lətifənin övladları Səbuhi Əliyev (1981-ci il), Səlim Əliyev (1987-ci il) və Şövkətin övladı Samir Cəfərov (1988-ci il) isə sanki qeybə çəkilir: "Bacılarımın heç 30 yaşı yox idi. Uşaqları da bağçaya gedirdilər. Bildiyimə görə, fevralın 28-nə qədər anamgil meşədə olub. Bundan sonra onları ya öldürüblər, ya da girov götürüblər. Hadisədən sonra bir-iki gün meyitlərin götürülməsi üçün atəşkəs elan edildi. Bizim gəldiyimiz yol asan olduğundan orada olanları götürmüşdülər, amma erməni kəndinə tərəf olanları atəşkəs elan olunduqdan sonra götürdülər. Həmin dövrdə iki gün meyit daşıdılar. Məscidin yanında durub gətirilən meyitlərə baxdıq. Amma ailə üzvlərimdən birini də gətirmədilər. Girovların adlarını vermədikləri üçün heç nə bilmirik. Bu gün də yaxınları haqqında məlumatı olmayan neçə-neçə ailə var. Ailəmdən 7 nəfər birdən getdi".
Gözü yaşlı Adilə ana bu gün də onların yolunu gözlədiyini deyir. Baxmayaraq ki, həmin vaxtdan düz 25 il keçir. Bəlkə də birindən səs çıxar, deyə ümidini itirmir.
Qeyd edək ki, Beynəlxalq Qırmızı Xaç Komitəsi bu günə kimi Xocalıda əsir-girov götürülmüş şəxslərdən birini də qaytarmayıb.

Ermənilər bizə çörək də satmırdılar

Adilə xanımın həyat yoldaşı Aslan Qənbərov deyir ki, ermənilər Xocalıdakı evlərin çoxunu yandırmayıblar, orada yaşayırlar: "1988-ci ilə qədər ermənilərlə münasibətimiz yaxşı idi. Xeyir-şərimiz bir idi. Mənim Xankəndidə azərbaycanlı qonşum olmayıb, hamısı erməni idi. 1988-ci il fevral ayından başlayaraq bizimlə münasibəti kəsməyə başladılar. Salam verirdin, almırdılar. Düz 30 il çörək kəsdiyim adama maşınla filan yerə gedək dedim. Mənə cavab verdi ki, səni maşınımda görsələr, onu odlayacaqlar. Axı sən azərbaycanlını necə öz maşınında gəzdirə bilərsən deyəcəklər? Bir-birimizə pay verirdik. Dedilər artıq qapımıza gəlməyin. Görsələr bizi öldürərlər. Çörək bişirənlər, mağazada satanlar ermənilər olduğundan bizə çörək vermədilər. Camaat məcbur qalıb Xankəndidən meşə yolu ilə gedib Şuşadan çörək alıb qayıdırdı. Hamısı ermənilərin əlində idi. Biz ələ baxırdıq. Çörək verəndə də üzərinə tüpürərək aparın zəhərlənin deyirdilər. Süd kombinatında azərbaycanlılar işləyridi. Ermənilər özləri gəlib məhsulun içinə şüşə qırıqları tökürdülər. Sonra da deyirdilər ki, azərbaycanlılar bizi qırmaq istəyirlər. Sonradan Şuşa Şəhər İcra Hakimiyyətinin nümayəndələri Xocalıya ərzaq göndərmələri üçün Ağdama göstəriş verdi".
Adilə xanım deyir ki, 1988-ci ildən torpaq davası başlayan ermənilər 1992-ci ildə bunu güllə davasına çevrirdilər. Vəziyyətin çətinləşdiyi vaxtlarda isə Bakıdan gələn nümayəndələr əhalini ermənilərin hay-küyündən qorxmamağa, möhkəm durmağa səsləyir: "Hələ 1988-ci il sentyabrın 18-də Xankəndidə ermənilər evimizi yandıranda gülləni dolu kimi başımıza tökürdülər. Xocalıda olanda ermənilərin bu gün - sabah basqın edəcəkləri ilə bağlı xəbərlər dolaşırdı. Biz də inanmırdıq. Axı çıxıb hara gedəcəkdik? Rusu verdilər qabağa camaatı qırdı. Erməni də onların arxasında gəldi. Onlarda texnika var idi. Əlimizdə olan bir neçə avtomatla heç nə edə bilmirdik".

Allah qara buludları vətənimizin başının üzərindən götürsün

Əvvəl Xankəndi, daha sonra Xocalıda ermənilərin zülmünə məruz qalan Adilə ana bu gün də Xocalı sakinləri ilə görüşdüyünü deyir. Xocalı sakinlərindən ağızdolusu razılıq edir. Biz Xocalıya köçəndə ilk vaxtlar əkinimiz yox idi. Camaat kartofu, soğanı tayla, əti kilo ilə gətirib verirdilər: "Xocalı camaatı bizə maddi-mənəvi dayaq olurdu".
Müharibə olacağı ilə bağlı xəbərlərdən qorxduğunu deyən Adilə xanım dönə-dönə Allah-təala həmin günləri heç kimə göstərməsin deyir: "Müharibənin içindən çıxıb gəlmişəm. Mənim balalarım həmin müharibəni görüb. Allah qara buludları vətənimizin üzərindən götürsün. Cavanlarımız sağ-salamat olsun".
Bu qədər itkilər yaşayan Adilə ananın indi təskinlik tapdığı bir şey var. Onunla görüşdüyümüzdə Xocalı faciəsinin ildönümünə hələ xeyli qalırdı. Amma artıq planlarını qurmuşdu. Fevral ayı gələndən nəyi necə edəcəyimi düşünürəm: "Fevralım 26-da saat 7-də metrodan çıxmaq üçün səhər tezdən qalxacağam. Salfet aparıb heykəlin üzərini siləcəyəm. Orada doğmalarımın, uşaqların adları yazılıb. Ağlayıb gələcəyəm. Ölkə başçısının hər il ailəsi ilə gəlib heykəli yad etməsini yadıma salanda təskinlik tapıram. Bir dəfə ağladım, ağladım. Gördüm, prezident gəlib ora gül qoyur, ölənlərimi yad edir. Gözümün yaşını qurutdum. Dedim, ay Allah, mən ölüb gedəcəyəm. Amma bu izdiham hər il başda prezident olmaqla gəlib doğmalarımı yad edəcək. Yüz dəfə dedim ay tələbələr sizə qurban olum. Onlar mən öldükdən sonra da gedib heykəlin önünə gül qoyacaqlar".
Ürəyi nisgilli Adilə ananın bacısı da yoxdur ki, onunla danışıb ürəyini boşaltsın.
Deyir bacım olsaydı, dərdləşib yüngülləşərdim. Yenə dua edir. Gün o gün olsun, sülh yolu ilə torpaqlarımız alınsın, qayıdaq gedək deyir. "Onun qəribə bir inamla bəlkə torpağa getsəm, oranı görsəm, o zaman bu qədər fikir eləmərəm" sözləri qarşısında göz yaşlarını saxlamaq imkansız olur: "Torpaqlar alınsa, hər il fevralın 26-sı gedib doğmalarımı itirdiyim meşəyə baxıb yenə evə qayıdacağam".
Diaspora