Xocalı soyqırımı qurbanlarının xatirəsi Avstraliyada yad edilib

Xocalı soyqırımı qurbanlarının xatirəsi Avstraliyada yad edilib backend

Qərbi Avstraliyanın paytaxtı Pert şəhərində Xocalı soyqırımına həsr olunan tədbir keçirilib. Azərbaycanın Avstraliyadakı fəxri konsulluğu tərəfindən təşkil edilən tədbirdə bu ölkənin federal parlamentinin deputatları, Pert şəhərində yaşayan həmyerlilərimiz, ictimai xadimlər, media təmsilçiləri, şəhər sakinləri iştirak ediblər.

Milli Məclisin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə Azərbaycanı Avstraliya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Xanlar Fətiyevin başçılıq etdiyi nümayəndə heyəti təmsil edib.

Əvvəlcə Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra Azərbaycanın Avstraliyadakı fəxri konsullu Aydan Rzayeva Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, eləcə də Xocalı soyqırımı haqqında ətraflı məlumat verib.

Tədbir çərçivəsində “Xocalıya ədalət!” kampaniyası çərçivəsində çəkilmiş film nümayiş etdirilib.

Yığıncaqda çıxış edən deputat Xanlar Fətiyev bildirib ki, Хоcalı soyqırımı özünün siyasi-hüquqi qiymətini yalnız Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra alıb və onun beynəlxalq ictimaiyyətə çatdırılması üzrə məqsədyönlü tədbirlər görülməyə başlanılıb. Bu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə ardıcıl və sistemli tədbirlər həyata keçirilir. Hazırda Xocalı həqiqətlərinin beynəlxalq aləmdə geniş yayılması, eləcə də qətliama siyasi-hüquqi qiymət verilməsi ilə bağlı Heydər Əliyev Fondu tərəfindən səmərəli işlər görülür. Bununla bağlı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın xidmətlərini xüsusi qeyd etmək lazımdır. Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyası sayəsində bir çox ölkələr, eləcə də ABŞ-ın 20-dən artıq ştatı Xocalı faciəsini pisləyib, onu soyqırımı kimi tanıyıblar.

Xanlar Fətiyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı dünyada ikili standartların mövcud olduğunu diqqətə çatdırıb.

Deputat Asim Mollazadə 1992-ci il fevralın 25-dən 26-a keçən gecə erməni silahlı dəstələrinin keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən, şəxsi heyətinin əksəriyyəti ermənilərdən ibarət olan 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərini zəbt etməsi və şəhərin dinc əhalisini qəddarlıqla qətlə yetirməsi barədə söhbət açıb. O, faciə ilə bağlı həqiqətlərin beynəlxalq səviyyədə tanınması məsələsinin Azərbaycanın daim diqqət mərkəzində olduğunu və bu istiqamətdə görülən əməli tədbirlərin konkret nəticələr verdiyini deyib.

Asim Mollazadə başqa xalqların diaspor təşkilatları ilə birlikdə Xocalı həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq istiqamətində görülən işlərdən söz açaraq qeyd edib ki, hətta yəhudi diasporu hər il Holokost qurbanlarını anarkən Xocalı soyqırımında həlak olan vətəndaşlarımızı yad edir.

Qərbi Avstraliya parlamentinin deputatı Liz Behcad Holokostla Xocalı soyqırımının oxşarlığını nəzərə çatdıraraq faciəyə layiqli qiymət verilməsinin zəruriliyini vurğulayıb. O, bu hadisəyə hələ də dünyada layiqli hüquqi və siyasi qiymət verilməməsindən təəssüfləndiyini bildirib.

Tədbirdə Avstraliya-Azərbaycan Dostluq Cəmiyyətinin prezidenti Con Hammond Azərbaycan reallıqlarından danışıb. O, Azərbaycanın dünyada ən tolerant ölkələrdən biri olduğunu xüsusi vurğulayıb.

Avstraliya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sabiq rəhbəri Lyuk Simpkins çıxışında deyib: “Xocalı soyqırımı kimi hadisələrin təkrarlanmaması üçün bu faciə öz layiqli qiymətini almalıdır”.
Diaspora