ABŞ səfiri Goranboyda Xocalı abidəsini ziyarət edib - FOTO

ABŞ səfiri Goranboyda Xocalı abidəsini ziyarət edib - FOTO backend

Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfiri Robert Sekuta və xanımı Anna Sekuta fevralın 21-də Goranboy rayonunun Goranlı kəndində və xocalılı məcburi köçkünlərin məskunlaşdığı Aşağı Ağcakənd qəsəbəsində olublar.

AZƏRTAC xəbər verir ki, ABŞ səfiri əvvəlcə rayon icra hakimiyyətinə gəlib. Rayon icra hakimiyyətinin başçısı Nizaməddin Quliyev qonağa Goranboyun sosial-iqtisadi inkişafı, eləcə də son illər burada həyata keçirilən infrastruktur layihələri barədə məlumat verib.

Sonra Robert Sekuta Goran kəndinə gələrək buradakı kitabxanaya dünya və Azərbaycan klassiklərinin əsərlərindən ibarət ədəbiyyatlar, həmçinin uşaqlar üçün nəzərdə tutulan müxtəlif adda kitablar hədiyyə edib.

Bildirilib ki, Goranlı kəndində fəaliyyət göstərən kitabxana və tibb məntəqəsi Azərbaycan Hökuməti və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) birgə maliyyə dəstəyi ilə SEDA proqramı çərçivəsində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Şərq-Qərb İdarəçilik İnstitutu, “Ümid” İctimai Birliyi, Goranlı icmasının üzvləri, yerli bələdiyyə və dövlət qurumları tərəfindən birgə əməkdaşlıq nəticəsində inşa olunub.

Daha sonra Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində məskunlaşan xocalılı məcburi köçkünlərlə görüşən səfir Robert Sekuta qəsəbə sakini, şəhid ailəsi Ramiz Nəsirovun evində qonaq olub. Xocalı soyqırımının şahidlərinin də iştirak etdiyi görüşdə Xocalı Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov qonaqlara faciə haqqında ətraflı məlumat verib.

Xocalı sakini Ramiz Nəsirov, eləcə də faciənin digər şahidləri qeyd ediblər ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni quldurları tərəfindən şəhərin digər sakinləri kimi onların da valideynləri, ailə üzvləri və yaxın qohumları amansızlıqla soyqırımına məruz qalıb. Müdhiş gecənin dəhşətlərindən danışan şahidlər həmin günü erməni silahlıları tərəfindən amansız işgəncələrə məruz qaldıqlarını və yalnız təsadüf nəticəsində bu faciədən sağ çıxdıqlarını bildiriblər.

Prezident İlham Əliyev tərəfindən onlara göstərilən diqqət və qayğını yüksək qiymətləndirən Xocalı sakinləri təəssüflə qeyd ediblər ki, 25 il əvvəl erməni millətçiləri tərəfindən həyata keçirilən qanlı faciəni bir sıra ölkələr hələ də soyqırımı aktı kimi qəbul etməyiblər. Lakin Azərbaycanın siyasi-iqtisadi qüdrəti artdıqca ölkəmizin haqq işinə cavab verən və Xocalı soyqırımını tanıyan dövlətlərin də sayı ildən-ilə çoxalır.

Xocalı soyqırımının şahidlərini dinləyən Robert Sekuta belə bir faciənin baş verməsindən keçirdiyi dərin təəssüf hisslərini ifadə edib.

Sonda ABŞ səfiri və xanımı qəsəbədə Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılan abidəni ziyarət edib, önünə gül dəstələri düzüblər.
Diaspora