"Bunları azərbaycanlılar törədib" deyir
"Azərbaycanlılar elə millət deyil ki, öz şəhidinin üzərində dəhşətlər həyata keçirsinlər”.Bunu Sherg.az-a son günlər sosial şəbəkələrdə yayılan Xocalı faciəsi ilə bağlı telejurnalist Çingiz Mustafayevin çəkdiyi kadrlar haqqında müzakirələrə cavab verərkən "Qarabağ qaziləri” İctimai Birliyinin sədri Etimad Əsədov deyib.
O, diqqətə çatdırıb ki, Qarabağ qazisi, jurnalist, Xocalı faciəsi zamanı dinc və yaralı insanların xilas olunmasında iştirak edən Rey Kərimoğlu faciə ilə bağlı 2 müəmmalı sualın-Çingiz Mustafayevin çəkdiyi əvvəlki kadrlarda sifəti salamat görünən şəhidlərin növbəti dəfə çəkiləndə üzləri, alınları niyə kəsilmiş, parçalanmış olub? Çingiz Mustafayev vertolyotdan çəkiliş apararkən aşağıda adamların meyitlər arasında dolaşan və bunları görəndə qaçanlar kimlər olub?- cavabını artıq verib:
"Müharibə iştirakçısı kimi dəfələrlə şahid olmuşam ki, bizim şəhidlərimizin meyitlərin üzərində ermənilər işgəncələr həyata keçirib. Onları təhqiramiz vəziyyətlərə salıblar. Hətta soyqırımı baş verəndən sonra da Zori Balayan kitabında Xocalıda uşaqları qətlə yetirdiklərini qeyd edib. O guya qondarma "erməni soyqırımı”nın əvəzini az da olsa, çıxdıqlarını vurğulayıb. Bütün bunlar göz önündə olduğu halda, ermənilər bunu etiraf etdikləri halda millətimizin bəzi nümayəndələrinin bunları "azərbaycanlılar törədib” deməsi məni çox narahat edir. Biz öz meyitlərimizə necə işgəncə verə bilərik? Bu dərəcədə qəddarlıq millətimizə, Azərbaycan xalqına xas xüsusiyyət deyil. Dəfələrlə döyüş, müharibə ərəfəsi əsirlərin dəyişdirilməsində iştirak etmişəm. Həmişə ermənilər bizim əsirlərimizin başına oyun açır, meyitlərimizi maşında tapdalanmış vəziyyətdə gətirirdilər. Lakin biz onların meyitlərini tam normal, təmiz vəziyyətdə, heç bir işgəncəyə məruz qalmadan təslim edirdik. Mən ermənilərin bu xislətinin şahidi olmuşam. Amma xalqımız heç zaman belə olmayıb. Azərbaycan xalqının heç bir nümayəndəsi şəhid olmuş soydaşlarının üzərində işgəncə törədə bilməz”.
İkinci suala aydınlıq gətirən E.Əsədov vertolyotdan çəkilişlərə tuş gələn meyitlərin arasında dolaşan şəxslərin ermənilər də ola bildiyini söyləyib. Qarabağ qazisinin sözlərinə görə, ola bilsin ki, elə həmin ermənilər meyitlərin üzərində işgəncə əməllərini həyata keçirdiklərindən gizləniblər:
"Həmin vaxt azərbaycanlılar Xocalıya gedib, gələ bilmirdilər, ərazilər ermənilərin nəzarətində idi. Çingiz Mustafayevin bir çox kadrları var. Laçından əsgərlər geri qayıdarkən onlara qarşı təhqiredici kəlmələr işlədir. Kəlbəcərdə insanlara aşağılayıcı ifadələr işlədir. Xocalı ilə bağlı deyilən sözlər heç də xoşagələn deyil. Düşünürəm ki, millətini, xalqını sevən insanlar belə ifadələrə yol verməli deyillər. Dövlət də bununla bağlı ölçü götürməlidir ki, bu cür faktlara yol verilməsin. Azərbaycanlılar humanist millətdir, heç vaxt belə hadisələr törədə bilməz. Bunları yayanlar, ona dəstək verib, həmfikir olan şəxslər dövlətini, xalqını sevməyən insanlardır”.
Qeyd edək ki, son günlər sosial şəbəkələrdə mərhum telejurnalist Çingiz Mustafayevin Xocalı soyqırımı ilə bağlı çəkdiyi kadrlardakı bəzi məqamlara görə müzakirələr aparılır.