Almaniya siyasətçiləri Xocalı soyqırımını zorakılığın simvolu kimi qiymətləndiriblər

Almaniya siyasətçiləri Xocalı soyqırımını zorakılığın simvolu kimi qiymətləndiriblər backend

Berlində Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar Almaniya Bundestaqının nəzdində fəaliyyət göstərən mötəbər “Alman Parlament Cəmiyyəti”ndə “Cənubi Qafqazda Təhlükəsizlik və Sabitlik. Almaniya-Azərbaycan Əməkdaşlığının Perspektivləri” adlı 5-ci simpozium keçirilib.

Qaziler.az "Report"a istinadən xəbər verir ki, ənənəvi olaraq Xocalı soyqırımının ildönümü münasibətilə keçirilən simpozium Azərbaycanın Almaniyadakı Səfirliyi, Alman-Azərbaycan Forumu, Alman Atlantik Cəmiyyətinin birgə təşkilatçılığı və ARDNŞ-ın Almaniya nümayəndəliyinin dəstəyi ilə təşkil olunub.
Tədbir iştirakçılarını salamlayan Alman-Azərbaycan Forumunun sədr müavini Helqa Daub Ermənistanın Azərbaycan əhalisinə qarşı törətdiyi ədalətsizliyi, Azərbaycan ərazilərini işğal etdiyini və dinc əhaliyə divan tutduğunu vurğulayıb və sözügedən tədbirin həm də Xocalı qurbanlarının anılması məqsədilə keçirildiyini bildirib.
H.Daub eyni zamanda Avropa İttifaqının Büdcə və Kadr məsələləri üzrə komissarı Qünter Öttinqerin tədbir iştirakçılarına salamlama nitqi göndərdiyini qeyd edib. Q.Öttinqerin nitqində Azərbaycan Prezidenti İlham Əliyevin 6 fevral 2017-ci il tarixində Brüsselə səfəri zamanı Azərbaycan və Avropa İttifaqı arasında münasibətlərin daha da inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparıldığı qeyd edilib, Avropa İttifaqının Azərbaycanla enerji sahəsində mövcud olan strateji tərəfdaşlığın genişləndirilməsində maraqlı olduğu bildirilib. Azərbaycanı tərəfdaş və müxtəlif mədəniyyətlər arasında körpü adlandıran Avropa İttifaqının komissarı ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünü dəstəklədiklərini deyib.
Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, Xocalıda azərbaycanlı mülki əhaliyə qarşı törədilmiş soyqırımı, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli yolları barədə danışıb. Səfir ölkəmizin inkişafı, regionda aparıcı gücə çevrilməsi, regional inkişafa və sabitliyə töhfə verən böyük layihələr həyat keçirməsi barədə məlumat verib və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini bu proseslər üçün ciddi təhlükə yaratdığını qeyd edib.
Səfir Azərbaycan-Almaniya ikitərəfli münasibətlərinin tarixi və bugünkü dinamikasına toxunaraq 2017-ci ilin iki dövlət arasında diplomatik münasibətlərin 25 illiyi və Azərbaycanda alman məskənlərinin 200 illiyi ilə yadda qalacağını, dövlət başçısı cənab İlham Əliyevin sonuncuya dair sərəncam imzaladığını vurğulayıb. R.Həsənov Azərbaycan üçün dost və tərəfdaş ölkə olan Almaniyanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə daha böyük səylə töhfə verəcəyinə ümid etdiyini bildirib.
Almaniya Xarici İşlər Nazirliyində siyasi idarənin direktor müavini, Mərkəzi və Şərqi Avropa ölkələri üzrə xüsusi nümayəndə, səfir Andreas Peşke ölkələrimiz arasında diplomatik münasibətlərinin qurulmasının 25 illiyindən, Azərbaycanın müstəqillik illərində qazandığı nailiyyətlərdən, dünyaya səs salan iqtisadi və mədəniyyət layihələrindən bəhs edib.
A.Peşke Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini bütün region üçün maneə adlandırıb. O, Xocalı hadisələrinin sözügedən münaqişədə ən qəddar qırğınlardan biri və zorakılığın simvolu olduğunu qeyd edib. Alman diplomat Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində status kvonun həll yolu olmadığını vurğulayıb, Almaniyanın münaqişə tərəflərini danışıqlar masasına gətirmək üçün əlindən gələni etdiyini və bu səyləri gələcəkdə də ATƏT Troykasının və Minsk qrupunun üzvü qismində davam etdirəcəyini bildirib.
Sonra Boxum Rur Universitetinin professoru, beynəlxalq hüquq üzrə mütəxəssis Hans Yoaxim Hayntse “Beynəlxalq hüquqda dövlət ərazisinin işğalına reaksiya vermək imkanları” mövzusunda məruzə ilə çıxış edib. Alman mütəxəssis beynəlxalq hüquqda güc tətbiqinin qadağan olunduğunu və Ermənistanın Azərbaycan ərazilərini işğala məruz qoymaqla bu prinsipi pozduğunu söyləyib. O, Dağlıq Qarabağ və ətraf rayonların işğalını qanunsuz adlandırıb və yaranmış vəziyyətin davamlı olmasının mümkün olmadığını diqqətə çatdırıb. Alman professor işğal kimi qeyri-qanuni halların aradan qaldırılması üçün məsuliyyətin BMT-nin Təhlükəsizlik Şurasının üzərinə düşdüyünü qeyd edib və sözügedən qurumun Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair qəbul etdiyi qətnamələrdə Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə olunduğunu bildirib.
H.Y.Hayntse xalqların öz müqəddəratını təyinetmə hüququnun Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki ermənilərə şamil edilməsinin beynəlxalq hüquq nöqteyi-nəzərindən mümkün olmadığını, Dağlıq Qarabağ ermənilərinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində milli azlıq hüquqlarından yararlanmalı olduqlarını diqqətə çatdırıb.
Çıxışlardan sonra Almaniya Bundestaqının deputatlarının iştirakı ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair panel müzakirəsi keçirilib. Müzakirəyə Azərbaycan Respublikasının Almaniyanın Ştutqart şəhərindəki fəxri konsulu Otto Hauzer moderatorluq edib.
Bundestaqın deputatı, ATƏT Parlament Assambleyasında alman nümayəndə heyətinin rəhbəri Doris Barnet Azərbaycanı Almaniyanın mühüm tərəfdaşı adlandırıb. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunan alman deputat Azərbaycanın münaqişənin həllində həqiqətən də çox maraqlı olduğunu vurğulayıb. D.Barnet ATƏT Parlament Assambleyası çərçivəsində münaqişənin həllinə dair müəyyən təşəbbüslərin olduğunu, ötən il alman nümayəndə heyətinin təşəbbüsü ilə ATƏT PA-nın Azərbaycan, Ermənistan, Gürcüstan və Rusiyadan olan üzvlərinin iştirakı ilə Almaniyada görüş keçirildiyini və orada Cənub Qafqazdakı münaqişələrin müzakirə edildiyini bildirib.
Bundestaqın İqtisadiyyat və enerji komitəsinin üzvü Mark Hauptman Azərbaycanın müstəqillik illərində qazandığı nailiyyətləri vurğulayıb, ASAN xidmət vasitəsilə Azərbaycanın sosial xidmətlər sahəsində yaratdığı səmərəli və şəffaf sistemin Almaniya üçün nümunə ola biləcəyini qeyd edib. M.Hauptman Azərbaycan və Almaniya arasında iqtisadi və enerji əməkdaşlığını yüksək qiymətləndirib. O, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə digər ərazi münaqişələri ilə eyni yanaşma tətbiq olunmasının əhəmiyyətini vurğulayıb. Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə edən deputat son 25 ildə sülh danışıqlarının nəticəsiz qaldığını təəssüflə vurğulayıb və bunun məsuliyyətinin bütünlüklə Ermənistanın üzərinə düşdüyünü qeyd edib.
Almaniya-Cənubi Qafqaz parlament qrupunun sədr müavini Yohannes Kars Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunaraq burada beynəlxalq hüquqi vəziyyətin tam aydın olduğunu, Azərbaycanın ərazi bütövlüyünün Ermənistan tərəfindən pozulduğunu, münaqişənin həlli naminə ümumi maraqların tapılması üçün intensiv iş aparılmalı olduğunu vurğulayıb.
Bundestaqın Xarici siyasət komitəsinin üzvü Karl-Qeorq Velman Azərbaycanın regional və beynəlxalq əhəmiyyətini vurğulayaraq, ölkəmizlə əməkdaşlığın Almaniyanın iqtisadi və təhlükəsizlik maraqlarında olduğunu qeyd edib. O, xarici siyasətdə ikili standartlarla yanaşmanın yolverilməz olduğunu bildirib.
Daha sonra simpoziumda Berlin Azad Universiteti və Qissen Universitetininmüəllimi Mixael Hessin “Cənnətdə tanklar: Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsi“ adlı kitabının təqdimatı keçirilib. Alman-Azərbaycan Forumunun icraçı direktoru Pərviz Yəzdaninin aparıcılığı, müəllif və Berlin Humboldt Universitetinin “Azərbaycan tarixi” kafedrasının müdiri prof. Eva-Maria Auxun iştirakı ilə sözügedən kitab barədə fikir mübadiləsi aparılıb.
Simpoziuma AFR Müdafiə Nazirliyində dövlət katibi Markus Qrübel, AFR XİN-in nümayəndələri ilə yanaşı AFR hökumətinin digər yüksək rütbəli təmsilçiləri, Almaniya Bundestaqının deputatları, ictimai-siyasi, iqtisadi, mədəni dairələrin, Berlindəki xarici diplomatik missiyaların, Almaniyadakı Azərbaycan diasporunun və KİV-lərin nümayəndələri iştirak ediblər.
Diaspora