Polkovnik Baxışov: “Ermənilərin gizlətdiyi ölülər PKK-çılar da ola bilər“

Polkovnik Baxışov: “Ermənilərin gizlətdiyi ölülər PKK-çılar da ola bilər“ backend

Ordumuz dayanmamalı, daim irəliləməlidir!

Erməni təxribatlarının əvəzində Azərbaycan ordusunun onlara vurduğu zərbələr "bizim bir şəhidimizə qarşı onların 10 hərbçisi məhv ediləcək", "düşmən əsgəri Azərbaycan torpağında özünü rahat hiss etməməlidir" prinsiplərinin tətbiqinin göstəricisidir.

Bunu Milli.Az-a açıqlamasında hərbi ekspert, ehtiyatda olan polkovnik Xətai Baxışov ordumuzun son günlər Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan silahlı qüvvələrinə vurduğu zərbələrin nəticələrini şərh edərkən deyib.

Polkovnikin sözlərinə görə, ermənilər son zamanlar yenidən cəbhədə çox fəallaşıblar:

"Ermənilər bir müddət əvvəl başladılar yalandan məlumat yaymağa ki, guya Azərbaycan tərəfi onların mövqelərini top və minaatanlardan atəşə tutur. Ancaq bu dünya ictimaiyyətini aldatmaq üçün düşünülmüş yalan və dezinformasiya idi. Bu proses 2-3 gün davam elədi. Bu məlumatlardan dərhal sonra isə özləri Azərbaycan tərəfini top, haubitsa və minaatanlardan atəşə tutmağa başladılar. Lakin onların bu planlarını pozan Azərbaycan ordusu ermənilərə layiqli cavab verdi, nəticədə düşmən çoxlu itkilərə məruz qaldı. Amma ermənilər öz itkiləri barədə məlumatları yaymır, gizlədirlər".

Ekspertin fikrincə, ordumuz dayanmamalı, daim irəliləməlidir: "Dünən bizimkilər ermənilərin şəxsi heyətlə dolu bir avtomobilini vurublar, ondan qabaq isə diversiya qrupunu məhv etmişdilər. Amma hələ ki, ermənilər itkiləri barədə məlumatları gizlədirlər. Ola bilər ki, ölənlər heç rəsmi olaraq Ermənistan ordusunun yox, PKK terror təşkilatının üzvləridir.

Çünki ermənilər aprel döyüşləri vaxtı dəstək üçün PKK döyüşçülərini də cəlb etmişdilər, amma yaxşıca da cəzalarını aldılar. Ola bilər ki, buna görə heç bir məlumat vermirlər. O zaman ermənilərin zabit və əsgərləri bildirirdilər ki, yüzlərlə itki veriblər. Amma rəsmi olaraq bunu gizlədirdilər. Onlar əsasən yalnız Ermənistanda yaşayan ermənilər öləndə və ya yaralanda onu açıqlamaq məcburiyyətində qalırlar. Muzdlular barədə ümumiyyətlə heç nə demirlər. Qarabağda yaşayan ermənilərin itki sayını isə onlar statistikaya salmırlar. Onların adları həm Ermənistan vətəndaşı olmadığına görə, həm də erməni ictimaiyyəti arasında ajiotaj, çaşqınlıq və qorxu yaranmasın deyə açıqlanmır. Ona görə də Ermənistan rəsmiləri ölkədə xaos yaşanmasın və Sarkisyan yerində rahat otursun deyə itkilərini gizlətməyə və ya sayını az göstərməyə məcburdurlar.

Onlar indi çox narahatdırlar. Xüsusilə Azərbaycan prezidenti, ali baş komandan İlham Əliyev Cocuq Mərcanlı kəndinin bərpa edilməsi barədə sərəncamından sonra erməni ictimaiyyətində böyük təşviş yaranıb. Ermənilərdə belə bir qorxulu fikir yaranıb ki, azərbaycanlılar kəndləri bərpa edə-edə gələcəklər".
Diaspora